Uzaq Sibirdən yaxın Qazağacan Dərviş Vəlinin taleyindən keçən YOL

2020-01-24 15:56:30 / 903 dəfə oxunub

Şairlərlə həmsöhbət olmaq asan məsələ deyil. Heç onlarla yol getmək də sizə rahat gəlməsin. Ölməz söz sərkərdələrimizdən biri Məmməd Aslan səmimi etiraf edirdi ki, onunla 5 addım yol getmək mümkün deyil. Dediklərində həqiqət var idi. Şairlə yol yoldaşı olmaq üçün gərək onunla həmsöhbət olmağı da bacarmalıydın. Bu qabiliyyətin yox idisə, Məmməd Aslan neyləsin?!

Söz vaxtına çəkər. Sözün də vaxtı, məqamı olur. Onu yerində, zamanında - məqamında demədinsə, "daldan atılan daş” kimi olur. Söz adamlarının "dilinin qıfılı”nı açmaq üçün səndəki "dil açarı” pərgar olmalıdır: Sözlə yağlamalısan ki, dilin "qıfıl”ını aça bilsin. Ona görə də şairlərlə həmsöhbət olmaq çətindir. Lap belə peşəkar jurnalistlər də bəzən şairlərin qonağı olanda bu çətinliyi hiss edirlər.
Bir vaxtlar bu sətirlərin müəllifi də həmin "çətinliyi” yaşayıb. Kəlbəcərdən didərgin düşdüyümüzün beşinci ili idi. Bəhmən Vətənoğlu ilə həmsöhbət olmaq istədim. Kəlbəcərsiz ötən hər il üçün bir rəmzi sual yazıb göndərmişdim. Bir həftədən sonra aldığım cavabdan heyrətləndim. Şair salam-sağolu da misralandırmışdı. Hər sualı isə özünün bir qoşması ilə cavablandırmışdı...
...Neçə vaxtdır ruhuma, hiss və duyğularıma sığal çəkən poeziya nümunələrindən ayrıla bilmirəm. Nə yaxşı ki, imkanım oldu. Tanrıdandı vallah! Dalbadal iki günə, həm də xəstəhal ola-ola, 20 Yanvarın dəhşətlərindən yaza-yaza, iki şairin yaradıcılığına da boylana bildim. Onu bilirəm ki, tənha gecələrimin poetik ovqata köklənməsinin səbəbi məhz bu dəfə Odur. Həm də yalnız özü yox... Daim dərviş-libas səfərə çıxan şair. Bizimlə bir zəmanədə yaşasa da, yeyib-içdiyimzdən o da dadsa da, öz dünyası olan ruh adamını deyirəm – Dərviş Vəlini.
Tanıdınız?! Əlbəttə, kim tanımır ki?! Hardasan, ay tənha gecələrində Uzaq Sibirdən yaxın Qazağa kimi YOL gələn Dərviş?!
Bu yazını çoxdan yazmalıydım. Bəlkə də 20-30 ildir ki, gecikib. Bilərəkdən, ya tənbəllikdən olmayıb bu gecikmə.

Dərviş Vəli haqq aşığı,
Haqqdan gələni söyləyər

Dərviş Vəli haqq aşığıdır. Özü deyir ki, vallah "düşdükcə sözün sehrinə, ilhamı sinəsini teyləyər. Yatdıqca sözün mehrinə, sözü sinəmdə əyləyər”.
Mənə belə gəlir ki, Tanrım yazıb bu yazını, nə çoxunu, nə azını. Nə olub, zəmanə uşağı, eşit, gözümün işığı.
Şairi hər gün çalışdığı iş yeində görür və salamlaşırıq, imkan olanda. Daim barmaqları arasında tüstülənən papiroslu görərsən. Onu kim tanımır ki? Nəinki "Azərbaycan” nəşriyyatının, cəmiyyətimizin dərvişidir. Dərviş Vəli deyən kimi Vəli Xramçaylı gəlir göz önünə. Deyilənə görə, 1955-ci ildə Sibirdə sürgündə anadan olub."Dərviş" təxəllüsü ilə tanınır. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1956-cı il aprel ayının 29-da SSRİ DİN-in müvafiq əmri ilə sürgündən azad edilib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Azərbaycan təbiəti” jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb. "Ocaq” qəzetinin təsisçisi və baş redaktorudur. Yeddi şeir kitabının müəllifidir.
Vəssalam. Rəsmi bu qədər. Onun haqqında belə rəsmi dildə yazmaq günah olar. Onu da deyim ki, son illər nəşr etdirdiyi «Şairin kitabı»nda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığının ən gözəl çağlarından yazıb. Kitabdakı şeirlər oxucunun qəlbinin incə tellərinə toxunur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız çəkdiyi əzablar, yar həsrəti bir özgə ovqat yaradır oxucuda:

Bu bədəndə buz bağlayar qanım da,
Dərd sızlayar, qəm çağlayar canımda,
İnan vallah, sən olmasan yanımda,
Mən dərvişə yiyə durar, söylə, kim?

Sənsiz məni dərd budayıb dil açar,
Sinəm üstən söz perikər, söz qaçar.
Sən açmasan bu qapımı, kim açar,
Mən dərvişə yiyə durar, söylə, kim?

Kədər məni haqlayıbdı, nə vaxtdı,
Boran gəlib, can evimdə sazaqdı.
Kim deyər ki, ölüm məndən uzaqdı?
Mən dərvişə yiyə durar, söylə, kim?

Qolunu aç, uğuruna gəlim mən,
Qapını aç, ayağında ölüm mən.
Bu dərdimi söylə kimlə bölüm mən,
Mən dərvişə yiyə durar, söylə, kim?

"Şairin bir kitabı olar”

Dərviş Vəlinin taleyinin dağdan-daşdan keçdiyindən xəbərim vardı. Ona görə də özündən bircə kəlmə söz soruşmamışam. Haqqında yazılanları oxuyub gecikdiyim üçün xeyli utanmışam da. Həyatının ağrı-acısını nəzmə çəkən şairin nikbinliyi çoxlarına qeyri-adi gəlir. Deyirlər ki, sovetlər dövründə şairlər Sibirə sürgünə göndərilib, orada da məhv ediliblər. Dərviş də sovetlər dövründə, həm də quruluşun qılıncının dal-qabağının kəsdiyi illərdə, daha dəqiq desək, 1955-ci ildə dünyaya göz açmışdı. Amma Vəli doğulmamışdan, hələ "dilindən dara çəkilməmiş”dən öncə sürgün olunub. O, Sibirdə sürgünkükdə doğulub. Özü də acı-acı belə tarixləşdirib bunu:


Bir çətən külfətlə anam Sibirdə
Doğmaq istəməyib məni, neyləsin.
Məni götürməyib o gün qəbir də,
Tanrı verdiyini necə əyləsin?!

"Ailəmiz Sibirdə sürgündə olanda mən doğulmuşam. Doğulduğum vilayətin prokuroru qazaxlı balasıdı. Hər dəfə xəbər göndərir ki, Vəli Xramçaylı doğulduğu yerlərə niyə gəlmir? Amma bilmir ki, mənim xarici pasportum yoxdu…”
55 yaşına kimi 5 kitabı çap olunub. Soruşurlar ki, ay qağa, bunlar az deyilmi?
Cavabı çox lakonik olub: "Çoxdu. Şairin bir kitabı olar…”
Kəlbəcərdən didərgin düşəndən ad günümüz keçirilməyib. 50 yaşım olamalıydı. Nəşriyyatda şairlə bir gün görüşdük. Dedim ki, ay qağa, bəlkə şənbə günü bizdə kiçik bir məclis oldu. Həvəsiniz olsaydı gələrdiniz. Soruşdu ki, nə məsələdi? 50 yaşım olduğunu bildirdim. Əlavə etdim ki, ailə çərçivəsində, yəni özümüz olacağıq. Buna təəssüfləndi ki, niyə bu qədər kitablar müəllifisən, Kəlbəcər ictimaiyyətinin xəbəri yoxdurmu? Niyə yubileyini qeyd eləmirlər? Sualını cavabsız buraxmağa məcbur olub, söhbətin məcrasını dəyişdim:
-"O olmasın, bu olsun”da deyildiyi kimi, bizə bir təşrif buyurarsız. Ədalət Dəlidağlı da sazıyla bizdə olacaq.
Bunu eşidib sevinən kimi oldu:
-Baş üstə, saz-söz olan məclisə dəvətdən qalmayıb Dərviş.
Üç gündən sonra Bakıda havalar yenə də üz-gözünü döndərmişdi: "qaş-qabağı yer süpürürdü”- qışın oğlan çağı, fevral ayının ortalarında belə sərt hava görünməmişdi bəlkə də. Qar-çovğun dünyanı dağıdırdı. Havanın belə olması bizim də, elə onun da əhvalını pozmuşdu. Zəng elədim. Biləcəridən Müşfiqabada gəlməsi asan deyildi. Göz açmağa imkan yox idi. Amma, mən istəyirdim ki, şair bizim evin qonağı olsun.
Telefonun o başında tərəddüd etdiyini duydum. Qayıtdım ki:
-Şair, Sizi Kəlbəcərə dəvət etsəydim, gələrdiniz?!
Heç düşünmədən verdiyi cavabdan sevindim:
-Qağa, vallah Murovdağ yol verməsə də, Kərəm kimi gədiklərdə borana-tufana düşsəm də, gələrdim.
Beləcə bitdi telefon söhbətimiz. Bir saatdan sonra şairin gəlişi (day demirəm ki, hansı zülm-zillətlə) məclisə tamamilə özgə bir ovqat gətirdi. Şairin həmin günə kimi mənim haqqımda nə düşündüklərini bilmirdim. Sıradan bir qələm adamının şairdən umacağı nə ola bilərdi ki? Amma, yox, Vəli Xramçaylının söz əhlinə dəyərini o məclisdə bir daha duyduq və gördük. Sazlı-sözlü məclisin bircə Dərvişi var idi axı. O tədbirdən yadigar qalan hədiyyəm isə şairin mənə "Azərbaycan poeziyasınıln saflığının qorunmasında göstərdiyi xidmətlərinə görə” Məmməd Araz ali media mükafatına (Diploma) məni layiq görməsi hər kəsi mütəəssir etmişdi...

"Bu yurdda yeganə dar ağacıyam,
Bir gün asacaqlar dilimnən məni”

Vəli Xramçaylı zamanın nəbzini tutub şeir yazan, gündəlik rədif, qafiyə, vəzn... düşünən, misra qovanlardan olsaydı, onun bircə misrası da yaddaşa yazılmazdı. Bu yurdda yeganə dar ağacı sayır özünü, sovetlərin dövrü olasydı, nə vaxtsa dilindən asılacağına şübhə eləmir. Buna haqqı da çatır:
Xramçayın sahilində görəsən bir daş üstündə oturub düşünməyib qağamız? Vallah, Bakıda şairlər görmüşük ki, saatlarla Xəzərin sahilində "xəyala dalıb” bircə misra olsa da belə, şeir istəyiblər yaradandan. Dərviş Vəli isə Xram çayı ilə həmsöhbət olub, daha doğrusu, ondan özünün körpəlik illərini soruşub:

Bu çay mənə körpəlikdən tanışdı,
Pıçıltısı dünənimdən danışdı.
Sinəm üstü körükləndi, alışdı,
Keçən günü keçidikcə gözümdən.

Ürəyimdə təkcə bu çay yaşardı,
Hər yaz ağzı qəzəblənib daşardı.
Sısqa gördüm, gözüm, könlüm yaşardı,
Dərin yerlər aşağıydı dizimdən.

Qızılqaya karıxmışdı elə bil,
Sınıq körpü sınıxmışdı elə bil.
Buraxmırdı, darıxmışdı, elə bil,
Oxuyurdum hər daşının üzündən.

Gəl elə bilmə ki, bu yol keçilib,
Yüzcə yol ölçülüb, bir yol biçilib.
Tanrıdan baxtına bu yol seçilib,
Sən daha dərvişsən, ay Dərviş Vəli.

Şairlərin yaşı dərdin, qəmin yaşı qədər olur. İndi hesablayaq görək Dərvişin yaşı neçədir?! Misralarında gizlənən mənalardan bilmək çətin deyil qağamızın yaşını:

Bu yurda yeganə qəm ağacıyam,
Dərdim puçurlayar budaqlarında.
Bayatı, oxşama, nəğmə acıyam,
Nəğməm pıçıldayar dodaqlarımda.

Soruşma halımı, halım necədi?
Köksümün altında ürək çat verib.
Dərdimin bilinməz sayı neçədi?
Dərdim üst-üstə neçə qat verib!

Elə bu dərd ilə tənhayam, təkəm,
Yağar gözlərimdən qəm narın-narın.
Gərək ağrısını mən özüm alam,
Gözümnən könlümə bu yağan qarın.

Dərviş Vəlini bu qədər yaxından tanımamışdan öncə qardaşı, mərhum şairimiz Eldar Nəsib Sibirellə səmimi münasibətimiz yaranmışdı. İkimiz də eyni qəzet redaksiyasında çalışırdıq…
Qəfil qəza ilə onu itirəndən sonra iş masasının siyirməsində şairin çapa hazırladığı şeirlərini tapdıq. Səmimiyyətlə, həmin kitabın çap olunmasını istədim, tamamilə təmənnasız. Hətta, yarımçıq qalmış redaktə-korrektəsini də oğlu Əli Eldaroğlu ilə fikirləşmişdik. Ön söz də yazmışdım. Tale elə gətirdi ki, şairin dostları kitabı mənsiz, özləri buraxdılar.
Vəli Xramçaylını "Əliçıraqlı dərviş” adlandırana əhsən deyirəm. Şairi "babat vuran” kimi tanıdanların isə insafı yoxdur. Şair dost bildiyi oxucusu Dərvişin özü kimi düşünür, buna şübhə eləmirəm:

Yatdıqca sözün mehrinə,
Sözü sinəmdə əyləyər.
Yol gedərəm yol uzunu,
Yol məni yoldan eyləyər.

Damcı damcı söz könlümə süzülür,
Misra-misra söz sinəmə düzülür.
Bu yollara yoldaş olan,
Bir dərvişəm yer üzündə, -
deyən şairin iliyi-qanı da poetik mayedir elə bil.
Dağlar qələm adamlarının cənnətidir deyirlər. Bilmirsən ki, axı, bu dağlar aşıq-şairlərə ilhamı niyə bu qədər qucaq-qucaq verir. Dərviş Vəli də dağlara oğul olmaqdan ötrü dil açıb vaxtilə:

Könlümdə bir qucaq şəhər gəlmişəm,
Sinəmdə bir ətək qəhər gəlmişəm.
Əlimdə üzəngi, yəhər gəlmişəm,
Daha bir də ağ olmaram üzünə,
Dağlar, məni oğul eylə özünə.

Bir vaxtlar yazdığım "Dağlara” qoşmasını xatırlatdı bu bənd mənə:

Duymaq istəyənlər min çiçək ətri,
Baharda bir qonaq ola dağlara.
Dönəndə arana ağır elləri,
"Yurd yeri”, "Dilqəmi” çala dağlara.

Hər çiçək ətrinin düşə məsdinə,
Dözə təbiətin şirin qəsdinə.
Yetişə lilparlı bulaq üstünə,
Bax, onda mehrini sala dağlara.

Zinətdi torpağı, gövhərdi daşı,
Ömrümə bahardı payızı, qışı.
Məhəmməd qocalmaz, ötsə də yaşı,
Olubdu bir körpə bala dağlara.

Yeddilərin "sirri”,
Yaxud 7-dən 57-dək

Şairin yubileyləri üçün qələmə alılnan yazıların əksəriyyətini oxumuşdum. Deyəsən, "Taledən keçən yol” kitabında idi burada xatırlatdığım maraqlı məqamlar. Ramin Deko haqlı olaraq yazırdı: "... 57 yubiley rəqəmi deyil, ancaq onun üçün bu yaşın böyük önəımi var. Çünki rəqəmlərin içərisində ona ən yaxını və doğması 7-dir...”
Bəri başdan fikirləşmək olar ki, 7 onsuz da müqəddəs rəqəmdir. Müqəddəs kitabımız olan "Qurani-Şərif”də də yazılıb. Lakin Dərviş Vəlinin həyatında bu 7-lərin bir özgə, özəllik anlamı varmış:
-1937-ci il – nəsil Sibirə sürgün edilib;
-1947-ci il – Azərbaycanda qalan digər bütün qohum-əqraba da Sibirə sürgün edilib;
-1957-ci il – Sibirdən sürgündən geri qayıdıblar;
-1967-ci il – atası dünyasını dəyişib – yetimliyini hiss edib;
-1977-ci il – babası, nəslin Sibirə sürgün edilməsində ən çox "günahkar” olan Sədi Tomtuoğlu dünyasını dəyişib;
-1987-ci il – şairin ilk kitabı nəşr planına salınıb;
-1997-ci il – pessimistlik dövrü başlayıb (Məmməd Arazı itirdikdən sonra, güman ki);
-2007-ci il – ömrünün sonu olduğunu düşünüb (şükür, ömür demir qocalmışam, ürək deyir ki, yaşa hələ);
-2017-ci il – pozitivlik, nəhayət ki, üstün gəlib - düşünür ki, hər şey yaxşı olacaq.
Ailədə 7 uşaq olublar (indi daha yeddilərin əhəmiyyəti yoxdur)...
Həə, yaxşı yadıma düşdü. Sağ olmuşla bağlı o qədər lətifələr yaradılıb ki... Elə bu məqamda "Ədalət” qəzetinin baş redaktor müavini, püxtə qələm sahibi, poeziyası ilə dillər əzbəri olan şair-publisist Əbülfət Mədətoğlunun Vəli Xramçaylı ilə söhbəti məni yamanca tutdu. Şairlərin polemikası o zaman güclü olur ki, onlar səmimi söhbət edirlər. Bu iki qardaşım da məhz belə bir ovqatla həmsöhbət olublar. Sönməz söz közünün ustadı Məmməd Arazla 17 il bir redaksiyada ("Azərbaycan təbiəti” jurnalında) çalışmış Vəli Xramçaylı Əbülfət Mədətoğlunun suallarından birinə cavab verərkən deyir:

"Sən köçüb gedəli, ay Məmməd Araz,
Dərdimi deməyə bir kimsə yoxdu...”

Nədən Dərviş ləqəbini götürdüyünə aydınlıq gətirir:
-Vallah, dərviş olmayım, neyləyim? Mən elə təpədən-dırnağa dərvişəm də. Anadan eləcə dərviş doğulmuşam, çünki heç nədə gözüm yoxdur. Gözüm-könlüm toxdur mənim. Bu dünyada bircə varım-yoxum Sözdür. Mən Sözlə baş-başayam, onunla yaşayıram. Qaynar adamam. İnsanlarla təması sevirəm: danışıram-gülürəm, dərd-sərimi bölürəm. Ayə, mən dostlarsız, sizsiz yaşaya bilmərəm. Onu da deyimmi ki:

Bir şair yaşayır Biləcəridə,
Yarıyuxuluydu, yarı da sərxoş.
Bir şair yaşayır kiçik hücrədə,
Əlləri cibində, cibi də bomboş...

Nəhayət, hər şeyin sonu olduğu kimi, mənim yazımın da sonuncu abzastı. Bunu yazının əvvəlinə gətirmək istərdim. Şairin öz sözü ilə özünü Allaha əmanət etmək üçün. Şair Vəli dərvişlik etməyib neyləsin? Şəhərdə kök atıb pöhrələyə, budaqlaya bilməyən şair deyir ki:

...Kiminin bəxtinə güldü bu şəhər,
Kiminin bəxtinə küldü bu şəhər.
Mənim gözlərimdə öldü bu şəhər,
Gedək bu şəhərdən, mənim ürəyim,
Mənim bu şəhərdə nə ölümüm var?!

Şairlərin yükü təkcə çiyinlərinə ağırlıq gətirməz. İlk növbədə ürək tablaşmalıdı bu duz yükü kimi ağırlığa. Dərviş Vəli də bu "duz yükü”nü daşıyanlardan biri kimi yazır:

Yükü yükdü duz daşınnan,
Bir gün keçər öz başınnan.
Öz içində göz yaşınnan
Göldü bir Vəli, bir Vəli...

Məhəmməd NƏRİMANOĞLU,

Bakı, Müşfiqabad qəs.
20 Yanvar 2020-ci il, gecə saat 22-33,Nəsibli Elay

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!