Ağdaşlılar YAP-ın namizədinə yekdilliklə səs verəcəklər - FOTO

2020-01-27 16:39:56 / 976 dəfə oxunub

Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə təmaslarını genişləndirən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cavid Osmanov növbəti görüşlərini Ağdaş rayonunun Aşağı Nemətabad və Yuxarı Nemətabad kəndlərində keçirib.

Görüşdən əvvəl Cavid Osmanov və təbliğat-təşviqat qrupunun üzvləri el arasında "Babalar piri” kimi tanınan Seyid Pir Həsən baba pirini ziyarət ediblər.

Hər iki görüşü açan 90 saylı seçki dairəsindən YAP-ın namizədi, partiyanın rayon təşkilatının sədri Cavid Osmanov hər zaman tutduğu siyasi xəttə - banisi ümummilli liderimiz Heydər Əliyev, Sədri cənab Prezidentimiz İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına sadiq qalacağına, bundan sonra da bu siyasi xəttə sədaqətlə xidmət edəcəyinə söz verib. 9 fevralda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə partiya tərəfindən ona yenidən böyük etimad göstərildiyinə görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək bu şərəfli və məsuliyyətli yolda bundan sonra da dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirəcəyini bildirib. Eyni zamanda, tutduğu vəzifələrdən asılı olmayaraq sadə bir ağdaşlı olaraq qalacağını və daim ağdaşlıların yanında olacağını görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 750 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, hətta Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır: "Sıralarında 18 minə yaxın üzvü birləşdirən rayon təşkilatımız isə partiyamızın ən böyük rayon təşkilatlarındandır. Bu isə onu göstərir ki, ağdaşlıların partiyamıza, onun Sədri, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə inamı çox güclüdür.”



Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə getdiyini bildirən Cavid Osmanov Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ətraflı məlumat verib.

Görüşlərdə təbliğat-təşviqat qrupunun üzvü Sevgili İbrahimova çıxış edərək seçki günü seçiciləri fəal olmağa və "Daha güclü Azərbaycan naminə!” Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova yekdilliklə səs verməyə çağırıb.

Seçicilər adından Aşağı Nemətabad kəndindən Vəkil İsmayılov, Alim Qasımov, Məhəmməd Ömərov, Sənubər Məmmədova, Xatın Məmmədova , Əli Əkbərov, Yuxarı Nemətabad kəndindən Bayram Mustafayev, Bilqeyis Muxtarova və Mustafa Mustafayev bildiriblər ki, bu kəndlərin sakinləri Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənərək dəstəkləyirlər və Milli Məclisə seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova yekdilliklə səs verəcəklər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!