Şirvanlı seçicilər öz namizədlərinə qarşı düzənlənən “qara piar” kampaniyasına etirazlarını bildirdilər

2020-01-28 13:56:38 / 859 dəfə oxunub
46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalova qarşı bəzi saytlarda intensiv şəkildə aparılan anti-təbliğat kampaniyası seçicilərin sərt reaksiyasına səbəb oldu

Redaksiyamızın elektron ünvanına daxil olmuş yeni müraciətlərdə Şirvan şəhərindən olan seçicilər deputatlığa namizəd Rəşad Camalovu dəstəklədiklərini bildirir, ona qarşı aparılan təxribat xarakterli kampaniyalara son qoyulmasını tələb edirlər

Mövzuya dair ötən saylarımızda dərc olunmuş materiallarda da biz qeyd etmişdik ki, 2020-ci il 9 fevral tarixinə təyin olunmuş Parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyaları ilə paralel anti-təbliğat kampaniyaları da start götürmüşdür. Təbii ki, anti-təbliğat kampaniyalarına daha çox öz gücünə inanmayan, daha dəqiq desək, namizədliyini verdiyi məqama əslində layiq olmadığını özü də bilən insanlar meyilli olurlar. Belələri düşünürlər ki, bəlkə bu yolla rəqiblərini, favorit namizədləri az da olsa nüfuz itkisinə məruz qoya və bu yolla öz şanslarını bir qədər artıra bilərlər. Lakin hadisələrin gedişi göstərir ki, bəzən belə fəndlər əks-nəticə də verir. Məsələn, redaksiyamıza Şirvandan daxil olmuş yeni açıqlamalardan məlum olur ki, təxribat xarakterli informasiya hücumlarına məruz qoyulmuş deputatlığa namizəd Rəşad Camalova qarşı seçicilərin rəğbəti məhz bu hücumlardan sonra bir qədər də artıb.



Bununla bağlı redaksiyamızın elektron ünvanına daxil olan müraciətlərdən birində deyilir: "Biz görmüşük ki, deputatlığa namizədliyini irəli sürən şəxs gəlib seçicilərlə görüşər, gördüyü və görəcəyi işlərdən danışar, xalqın problemləri ilə maraqlanar, həmin problemlərin həlli üçün yol göstərər, köməklik edər. Bu yolla insanların qəlbinə yol taparlar, etimad qazanarlar. Amma sənin özün bir iş görə bilmirsənsə, başqalarının gördüyü işə niyə don geyindirirsən? Oxuyuruq, saytlarda yazdırırlar ki, Rəşad Camalovun Rusiyada biznesi var, əmlakı var... Soruşuram, bəs olmamalıdır? Yaxşı, bu kişinin imkanı, pulu olmasa, ehtiyacı olanlara necə əl tutacaq? Seçicilərinin hansı sosial-məişət problemlərinin həllinə dəstək verəcək? Yaxşı olardı ki, hər kəs öz işindən, öz əməllərindən danışsın...”

Digər bir müraciətdə isə seçici, Rəşad Camalova qarşı aparılan əks-təbliğat kampaniyasının təşkilatçılarına qarşı daha sərt mövqeydən çıxış edərək, onların cəzalandırılmalarını tələb edir: "Bu yaxınlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyev də öz çıxışında bildirmişdi ki, ölkə mətbuatının məmurların daxili çəkişmələrinə alət olması yolverilməz haldır. Amma bunlar dövlət başçısının tövsiyyəsindən də nəticə çıxarmırlar. Artıq bu daxili mübarizə üsulundan sadəcə məmurlara qarşı deyil, xalqın etimad göstərdiyi deputatlığa namizədlərə qarşı da istifadə olunur. Bunlar niyə anlamırlar ki, artıq camaatın hər yazılana kor-koranə inandığı vaxtlar çoxdan keçib. Əgər biz bu gün Rəşad Camalova etimad göstəririksə, deməli məhz onun bizi Milli Məclisdə təmsil etməsini istəyirik. Ona qarşı böhtan və iftira ilə çıxış edənlər isə bu namizədin bütün seçicilərini təhqir etmiş olurlar və buna görə cəzalanmalıdırlar...”



Öz növbəmizdə biz də bir mətbu orqanı olaraq, həmkarlarımıza müraciət etmək istərdik. Əziz dostlar, həqiqətən də gəlin Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər kimi dövlət əhəmiyyətli bir hadisənin önəmini cılız ambisiyalar naminə kiçimsəməyək. Əgər bu və ya digər tərəfdə yer almaq seçimi qarşısında da qalarıqsa, bu zaman obyektivlik, dürüstlük və ədalətlilik prinsipləri əsasında seçim edək.



aia.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!