“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı

2020-01-28 17:00:34 / 1543 dəfə oxunub

Dəmir yolunda sanitar-epidemoloji tədbirlər gücləndirilib.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronavirus 2019-nCoV virusuna qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür:

"Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitariya-epidemioloji tədbirlər aparılır. Bununla bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır”.

QSC-dən bildirilib ki, ölkədaxili və beynəlxalq hərəkət edən qatarlarda lazımi tədbirlər görülür:

"Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında təlimatlar aparılır. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib. Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq”.

Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə ümumi gigiyena qaydaları barədə sərnişinlərin məlumatlandırılmasına başlanılacaq.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!