Deputatlığa namizəd Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir

2020-01-30 16:19:57 / 1427 dəfə oxunub

Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Osmanovun təbliğat kampaniyası Ağdaşda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasında Ağdaş şəhər seçiciləri və ziyalıları ilə keçirildi.

Görüşü açan Cavid Osmanov qarşıdan gələn Parlament seçkiləri haqında məlumat verdi və bu vaxta qədər görülən işlərdən danışdı. Son illər ərzində cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə elm-təhsil sahəsinə göstərdikləri diqqət və qayğıdan söz açan Cavid Osmanov respublikamızın hər bir bölgəsində olduğu kimi Ağdaş rayonunda da dövlətin təhsilə göstərdiyi diqqətin çox yüksək olduğunu bildirdi. Rayonda tiklilərək istifadəyə verilən uşaq bağçaları, məktəb binaları, mövcud tədris ocaqlarının əsaslı təmiri, hər bir məktəbin müasir maddi-texniki təchizatla təmin olunmasının deylənlərə sübut olduğunu vurğulayan Cavid Osmanov ölkə təhsilinin məzmun baxımından da yeniləndiyini və dövlətimiz tərəfindən davamlı işlər görüldüyünü qeyd etdi.

Cavid Osmanov bildirdi ki, ağdaşlı seçicilər və ziyalılar ilə keçirilən bu görüş əlamətdar bir günə – YAP Ağdaş rayon təşkilatının yaranmasının 25-ci ildönümünün qeyd edildiyi günə təsadüf edir. Görüş iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edən Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs etdi. Yeni Azərbaycan Pariyasının sədri, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə toxunan Cavid Osmanov bildirdi ki, Azərbaycan son illər ərzində bir çox beynəlxalq əhəmiyyətli layihələrə imza atmışdır. Eyni zamanda ölkədə abadlıq, quruculuq işləri davamlı şəkildə həyata keçirilməkdədir. Cənab Prezidentin struktur islahatlarına diqqət çəkən Cavid Osmanov bütün bunların Azərbaycanı daha müasir dövlətə çevirməyin əsaslarından biri olduğunu qeyd etdi.

Görüşdə çıxış edən ziyalılar bildirdilər ki, ölkə təhsilənə göstərilən diqqət və qayğını onlar hər gün öz işlərində, eləcə də sosial rifah hallarının yüksəlməsində də hiss edirlər. Bu isə sədri cənab prezidentimiz İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi dəst-xəttin nəticəsidir. Qarşıdan gələn Parlament seçkilərində də Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini fəxr və qürur hissləri ilə qarşıladıqlarını qeyd edən çıxışçılar bunun partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin sıralarında 18 minə yaxın üzvü birləşdirən və ən böyük rayon təşkilatlarından biri olan Ağdaş rayon təşkilatına və onun sədrinə olan böyük etimadın təzahürü kimi qəbul etdiklərini bildirdilər. Bəyan edildi ki, onların seçimi Ağdaşı Milli Məclisdə layiqincə təmsil edən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur. Onlar fevralın 9-da böyük coşquyla seçki məntəqələrinə gedərək bu seçimlərini rəsmi olaraq bir daha təsdiqləyəcəklər.

Görüşdən sonra Cavid Osmanov ağdaşlı seçicilər və ziyalılarla birlikdə xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə tər gül-çiçək dəstələri düzərək böyük ehtiramla ulu öndərimizin xatirəsini yad etdilər. Abidə önündə seçicilər ilə xatirə şəkilləri çəkdirildi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!