Prezident: “Bakının bəzi qəsəbələrində yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir”

2020-02-04 10:51:20 / 1190 dəfə oxunub

"Bu il Bakı qəsəbələrində yeni yolların çəkilişi xüsusi əhəmiyyət daşıyacaq. Keçən il biz bu işlərlə daha geniş miqyasda məşğul olmağa başlamışıq. Əlbəttə ki, bəzi qəsəbələrdə yollar bərbad vəziyyətdədir və bu, dözülməzdir. Biz ən ucqar dağ kəndlərinə gözəl yollar çəkirik. Amma burada - Bakının ətrafında bəzi yerlərdə yollar pis gündədir. Ona görə müvafiq göstərişlər verilib. Keçən il bu sahəyə daha böyük diqqət ayrılıb və bu il də yol çəkilişi proqramları arasında bu sahə prioritet təşkil edəcək”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bütövlükdə bu il min kilometr avtomobil yolunun çəkilişi nəzərdə tutulur. Keçən il də min kilometr nəzərdə tutulurdu. Ancaq dediyim kimi, keçən il 1300 kilometr çəkildi: "İstisna olunmur ki, bu il də çəkiləcək yolların uzunluğu daha böyük olacaqdır”.

Dövlət başçısı dəmir yolunun bərpası və çəkilişi ilə bağlı bildirib ki, Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur: "Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!