“İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq” - Qüdrət Həsənquliyev

2020-02-04 17:30:22 / 1340 dəfə oxunub

"Problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Xətai rayonu, Zığ şossei 31ünvanında yaşayan seçicilərin təşəbbüsü ilə onlarla görüş keçirib.


Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb.



BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik: "İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda. Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.



Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.


Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!