Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

2020-02-06 16:39:22 / 2813 dəfə oxunub

Bu gün 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Hacı Zeynalabidin Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət Evində seçicilərlə görüş keçirib.


Sabahinfo.az xəbər verir ki, görüşü giriş sözü ilə açan BAXCP sədri Qüdrət Həsənquliyevin müavini və vəkili Elçin Mirzəbəyli seçki kampaniyası ərzində ev-ev, məhəllə-məhəllə gəzərək seçicilərlə çoxsaylı görüşlər keçirildiyini, deputatlığa namizədin seçki platformasının seçicilərin əhəmiyyətli hissəsinə çatdırıldığını bildirib. Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin öz prinsiplərinə, Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarına daim sadiq qalan, yalnız ictimai və dövlət maraqlarından çıxış edən, problemlərin üzərinə populist fikirlərlə, alqış qazanmaq üçün deyil, onların həlli mexanizmlərini göstərməklə gedən bir siyasətçi olduğunu bildirib.




Çıxış üçün söz alan tanınmış jurnalist, Moderator.az saytının Baş redaktoru Zülfüqar Hüseynzadə uzun illərdir ki, parlament müxbiri kimi Qüdrət Həsənquliyevin fəaliyyətini izlədiyini bildirib: "Qüdrət Həsənquliyev Qarabağ probleminin həlli ilə bağlı qarabağlılardan daha çox danışır. O məcbiri köçkünlərin, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrin problemləri ilə bağlı məsələ qaldıranda onlardan biri kimi çıxış edir. Qüdrət bəy parlamentdə hər kəsin probleminə öz problemi kimi yanaşır, hər kəsin dərdini öz dərdi bilir”.



Görüşdə seçki platformasının əsas istiqamətlərindən söhbət açan Qüdrət Həsənquliyev problemlərin köklü həlli üçün problemlərə kompleks yanaşılmasının zəruruliyini vurğulayıb. BAXCP sədri qeyd edib ki, nə vaxta qədər deputata Mənzil İstismar Sahəsinin işçisi kimi yanaşılacaq, millət vəkilinin dövlət büdcəsinin və qanunvericilik aktlarının müzakirəsi zamanı sosial və digər problemlərin həlli üçün konkret mexanizmləri əks etdirən ideya və təkliflərlə çıxış etməsi əvəzinə ondan məhəllədaxili yolların təmiri, su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı çatışmazlıqların aradan qaldırılması tələb ediləcək, biz arzu etdiyimiz irəliləyişə nail ola bilməyəcəyik: "İlk növbədə düşüncəmizdə dəyişikliyə nail olmalıyıq, sonra isə həyatımızda. Baxın, ölkə həyatının bütün sahələri bir-biri ilə zəncirvari formada bağlıdır. Pensiyaların, işsizliyə görə müavinətlərin artırılması, digər sosial problemlərin yüksək səviyyədə həlli üçün biz ilk növbədə dövlət büdcəsində ciddi artıma nail olmalıyıq. Dövlət büdcəsində ciddi artıma nail olmaq üçün isə ölkədə əlverişli invesitisiya mühiti yaratmalıyıq, sahibkarların kreditlərə çıxışını asanlaşdırmalı, faiz dərəcələrini aşağı salmalıyıq ki, yeni iş yerləri açılsın, insanlar həm işləyib həyatlarını təmin etsinlər, həm də vergi ödəsinlər. Ölkədə əlverişli investisiya mühitinin formalaşdırılması, sahibkarların iş və mülkiyyət hüquqlarının qorunması üçün isə məhkəmələrin müstəqilliyinə nail olmalıyıq. Bütün bu problemlərin həllinə yalnız vətəndaş fəallığı və dəstəyi ilə stimullaşan, yuxarıdan aparılan islahatlar yolu ilə nail ola bilərik”.



Hər zaman olduğu kimi, öz çıxışında Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyətə toxunan Qüdrət Həsənquliyev peşəkar ordu quruculuğuna diqqət çəkib. O, seçiciləri ölkədə həyata keçirilən islahatların uğurla davam etməsi üçün fəal olmağa çağırıb.
Görüşdə iştirak edən seçicilər Qüdrət Həsənquliyevin millət vəkili və siyasətçi kimi fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini, onun sosial-iqtisadi, təhsil və digər istiqamətdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təşəbbüsləri bölüşdüklərini, bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Görüşdə BAXCP sədrinin ictimai və dövlət maraqları ilə bağlı məsələlərdə hər zaman yüksək fəallıq göstərdiyi, prinsipial və obyektiv mövqe sərgilədiyi xüsusi olaraq vurğulanıb.


Daha sonra deputatlığa namizəd Qüdrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!