Namizədlərin polisə çağırılması xəbərlərilə bağlı rəsmi AÇIQLAMA

2020-02-07 16:56:22 / 1263 dəfə oxunub

Son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla əlaqədar bildirib ki, həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır:

"Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhvetmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur”.

DİN rəsmisi qeyd edib ki, əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!