Rəsmi Bakı seçkilərlə bağlı bəyanat yaydı

2020-02-10 14:50:20 / 2464 dəfə oxunub

"2020-ci il fevralın 9-da Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub”.

Bu barədə Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Ölkə boyu 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən yeddisinin ərazisinin tamamilə, üçünün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb.

Bu, həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak ediblər və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edirlər.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunub.

Seçkilərdə indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb və bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Seçkilər habelə, ötən seçkilərlə müqayisədə qeydə alınmış qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiya namizədlərinin təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub.

Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit ediblər. Seçkilərlə bağlı hər hansı nöqsanlar qeydə alınıbsa, onlar aidiyyəti üzrə ciddi araşdırılacaqdır.

20 fevral 2020-ci il tarixli parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir”, bəyanatda vurğulanıb.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!