Yasamalda Gənclər Günü qeyd olundu

2020-01-31 18:27:21 / 1521 dəfə oxunub

Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 31-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə rayon gənclərinin yekun toplantısı keçirilib. Toplantıda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup gənc alimi, ali və orta ixtisas təhsil müəssisələrinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, siyasi partiyaların, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək gül dəstələri qoyublar.

Toplantını açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov qeyd edib ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, onların sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla hayata keçirilməklə, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Dövlət başçısının ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların dövlət idarəçilik sisitemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı sərəncamlar gənclərlə bağlı dövlət siyasətinin başlıca istiqamətlərini müəyyən etmişdir. Elşad Həsənov bildirib ki, gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilir. Gənclərimiz ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Könüllülük gənclərimizin həyat tərzinə çevrilib. Cənab prezident "Davos İqtisadi Forumu”nda çıxışı zamanı könüllülərin fəaliyyətini xüsusi qeyd edib, könüllülük hərəkatını yüksək qiymətləndirib. Belə ki, könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünya görüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verməklə, respublikamızda təşkil edilmiş çoxsaylı irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində əvəzsiz rol oynayıblar. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını "Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq bildirib ki, gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha da işıqlı sabaha aparacaq.

Daha sonra toplantının proqramına müvafiq olaraq, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev «Ölkənin ictimai-siyasi həyatında gənclərin rolu» mövzusunda, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cəbrayıl Qəmbərov «Müasir gənclik və müasir təhsil sistemi» mövzusunda çıxışlar ediblər.

Toplantıda Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev, "Yüksəliş” İctimai Birliyinin əməkdaşı İlahə Həsənova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İman Sadıqov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin elmi işçisi Şahzadə Mədətova rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə və 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.

Sonda xatirə şəkilləri çəkilib.


Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!