İlham Əliyevdən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu

2020-03-06 17:26:46 / 2256 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təbrik məktubu ünvanlayıb.

AZƏRTACxəbər verir ki, məktubda deyilir:

"Sizi – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini təşkilatınızın 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Könüllülük prinsipi əsasında yaradılmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu yubileyinin ölkəmizdə "Könüllülər ili” ilə eyni vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir.

Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi Cəmiyyətə nüfuz qazandırmışdır. Qızıl Aypara Cəmiyyəti müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır.

Xalqımızın tarixən çətin məqamlarında həssaslığı və operativliyi ilə seçilmiş Qızıl Aypara Cəmiyyətinin öz məramına sadiq qalaraq fədakarlığını Ermənistanın respublikamıza qarşı işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından qovulan bir milyondan çox soydaşımızın sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və sonrakı reabilitasiyasında da davam etdirməsi təqdirəlayiqdir.

Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq bir sıra sosial-tibbi və humanitar layihələri uğurla gerçəkləşdirən Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarındandır.

İnanıram ki, Qızıl Aypara Cəmiyyəti öz ənənələrini layiqincə yaşadaraq, ölkəmizin sosial-ictimai həyatında özünəməxsus yerini qoruyacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi proqramlarda bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkdir”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!