Azərbaycanın ali məktəblərində tədris ili uzadıldı - RƏSMİ

2020-03-12 12:11:37 / 2983 dəfə oxunub

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

Bu barədə ali təhsil müəssisələrinin rəhbərlərinə təlimat məktubu göndərilib.

Məktub təhsil nazirinin müavini Firudun Qurbanov tərəfindən imzalanıb.

Qeyd edilib ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlansın və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin (15 gün - iki həftə artırılsın).

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilir və 15 iyun -13 iyul tarixlərində keçirilir.

Həmçinin, ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin ("Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməməli, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılmalıdır.

"Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyun ayının 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdirilməlidir və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılmalıdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!