Naxçıvanda 70-dən çox abidə bərpa olunub

2020-04-19 11:33:32 / 819 dəfə oxunub

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərindəndir. Əcdadlarımız burada çox dəyərli maddi mədəniyyət nümunələri yaradıblar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklərboyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır.

 

Bu gün Naxçıvanın tarixi abidələri geniş tədqiq edilir, onların bərpasına və qorunmasına xüsusi diqqət yetirilir. Elmi tədqiqatlar bir daha sübut edir ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani qədim diyarda böyük memarlıq məktəbi yaradıb, naxçıvanlı memarlar dünya mədəniyyətinə gözəl nümunələr bəxş ediblər. Bu memarlıq məktəbi Şərq memarlıq sənətinə də böyük təsir göstərib. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayadakı qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələr, piktoqrafik yazılar ilkin insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir.

 

Bu gün Naxçıvanda 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb, 70-dən artıq abidəyə ikinci həyat verilib. Təkcə iki il ərzində Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü, Yusif Küseyir oğlu türbəsi bərpa olunub. Bundan başqa, son illərdə qədim diyarda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa edilərək istifadəyə verilib.

 

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!