Deputatdan şadlıq evi sahiblərinə İRAD

2020-04-21 13:12:00 / 1533 dəfə oxunub

"Ta qədimdən toy ərəfəsi və sonrası bütün qohum-əqrəba toy evinə yığılar, yeni qurulacaq ailənin çatışmayanlarını müəyyən edər və hər kəs imkan daxilində yeni qurulan ailənin təməlinin möhkəm olması üçün maddi və mənəvi köməklik göstərərdi. Təəssüf ki, son illərdə toylar mahiyyətini dəyişib, bir növü rəqabət meydanına çevrlilib. Bəzi işbazlar isə bu tendensiyadan sui-istifadə edərək, münbit psixoloji mühit, saxta rəqabət mühiti formalaşdırıb, fundamental ailə dəyərlərinin zədələnməsi hesabına küllü miqdarda pul qazanırlar. Mən toy biznesini idarə edənləri, ölkə boyu sıralanan şadlıq saraylarını, restoranları nəzərdə tuturam”.

Bu açıqlama ilə Milli Məclisin deputatı Sadiq Qurbanov çıxış edib.

Deputat bildirir ki, illik dövriyyələri çox böyük rəqəmlərlə ifadə olunan "toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər: "İndi onlardan soruşmaq lazımdır, belə çətin günlərdə koronavirusla mübarizədə dövlətə dayaq oldunuzmu, cənab Prezidentin dəstək çağırışlarına qoşuldunuzmu? İmkansız, aztəminatlı ailələrə yardım etdinizmi? Müşahidələr belə deməyə əsas verir ki, "toy biznesmenlərinin” əksəriyyəti yoxa çıxıb. Koronavirusla mübarizəyə Dəstək Fonduna ianə köçürən, ehtiyacı olanlara yardım kampaniyası aparan böyük restoran, şadlıq evi sahibləri barmaqla sayılacaq qədər azdır”.
S.Qurbanov hesab edir ki, pandemiyadan sonra mövcud toy keçirmə qaydalarına da yenidən baxılmalıdır: "Necə deyərlər, hər işdə bir xeyir var. Fikrimcə, düşdüyümüz bu vəziyyət tələb edir ki, bir daha düşünüb-daşınaq, mövcud toy adət-ənənələrimizə yenidən baxaq. Toylarımızı əvvəlki məcrasına qaytaraq, xüsusən imkansız ailələri illərlə davam edən maddi-mənəvi çətinliyə salan mənasız bəhsəbəsdən, "el nə deyər” düşüncəsindən xilas edək. Belə psixoloji mühitdən sui-istifadə edərək asan yolla böyük pullar qazanan, lakin xalqın ağır günlərində gözə görünməyən işbazlara da bundan sonra çox da fürsət verməyək”. 

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!