Azərbaycan bu sınaqdan da alnıaçıq çıxacaq

2020-04-23 13:24:56 / 992 dəfə oxunub
Koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyət Azərbaycanda tibbi xidmətin yüksək səviyyəsini, respublikamızın istənilən ekstremal hala qarşı hazırlıqlı olduğunu bir daha təsdiqlədi. Öncə onu qeyd edim ki, ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzində olan bu problemin dəf edilməsi ilə bağlı Azərbaycanda görülən işlər beynəlxalq səviyyədə də dəyərləndirilir.

Məlum olduğu kimi, bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru T.Gebreyesus Azərbaycanın və digər ölkələrin liderlərinə ünvanladığı məktubda pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti və ölkəmizdə atılan addımları təqdir edib. Həmin məktubda yer alan təkliflərə nəzər yetirdikdə də görünür ki, onların hamısı Azərbaycanda koronavirusla mübarizədə tətbiq olunur.

Qeyd etmək istərdim ki, məhz ölkə başçısının problemə çevik reaksiyasının nəticəsi olaraq ilk vaxtlardan respublikamızda koronavirus infeksiyasının laborator diaqnostikası üçün xüsusi tibb müəssisələri müəyyənləşdirilib. Eyni zamanda ölkə üzrə 10-dan çox xəstəxana koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılıb. Həmçinin Bakıdakı "Bulvar Hotel”, "Qafqaz”, "Pullman” kimi hotellər, Lənkəran, Lerik və Nabranda bir sıra hotellər karantində saxlanılan insanların sərəncamına verilib.

Göründüyü kimi, koronavirusun qarşısının alınmasının sırf tibbi baxımdan əhatə dairəsi kifayət qədər əhatəlidir. Ona görə də respublikamızda ilk gündən böyük tibbi heyət koronavirusla mübarizəyə səfərbər olunub. Onlar həm laboratoriyalarda, həm xəstəxanalarda, həm də karantin üçün ayrılmış xüsusi yerlərdə koronavirusla mübarizə aparırlar.

Təbii ki, vəziyyətin ciddiliyi xüsusən həkimlərdən böyük cəsarət, hünər və eləcə də əsl vətəndaşlıq məsuliyyəti tələb edir. Reallıq ondan ibarətdir ki, həkimlərimiz ilk gündən öz peşələrinə sədaqət və vətənpərvərlik nümayiş etdirərək respublikamızda koronavirusun yayılmaması və xəstələrin sağlam həyata qayıtmaları üçün cəsarətlə mübarizə aparırlar. Məhz həkimlərimizin əzmkarlığının və yorulmazlığının nəticəsidir ki, bu qlobal infeksiyanın yayılmasının daha təhlükəli hal almasının qarşısı alınıb.

Prezident İlham Əliyev çıxışlarında həkimlərin fədakarlığını yüksək qiymətləndirib. Eləcə də koronavirusla mübarizədə iştirak edən həkimlərin aylıq məvacibləri artırılıb. Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında Prezident həkimlərə təşəkkür edərək deyib: "Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.

Birinci vitse-prezident Mehriban Əliyeva da "Instagram” səhifəsində paylaşım edərək ən vacib və mürəkkəb vəzifəni bu gün tibb işçilərimizin, həkimlərimizin, alim və laborantlarımızın yerinə yetirdiklərini bildirib. "Epidemiya ilə mübarizədə ön cəbhədə olan məhz onlardır. Onların hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir. Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb olunur. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar”, - deyə Mehriban Əliyeva bildirib.

Bu günə qədər koronavirusa yoluxmuş xəstələrin böyük bir qisminin müalicə alaraq sağalması və ölüm sayının az olması da həkimlərimizin fədakarlıqlarının nəticəsidir. Onlar heç nədən çəkinməyərək günlərlə öz ailələrindən, övladlarından uzaq düşsələr də, öz peşə borclarını vicdanla, əsl vətəndaşlıq təəssübkeşliyi ilə yerinə yetirirlər.

Dövlətimiz və xalqımız müstəqilliyimiz bərpa olunduqdan sonra çox sınaqlardan çıxıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin, vətəndaşlarımızın öz rəhbəri ətrafında sıx birləşməsinin və bu karantin günlərində nümayiş etdirilən milli həmrəyliyin nəticəsində xalqımız bu sınaqdan da layiqincə çıxacaq.

Azərbaycan cəmiyyəti bu günlərdə başqa bir hadisənin də şahidi oldu. Belə ki, Prezident İlham Əliyev dövlətimizin və xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə əlindən gələni etdiyi halda, özünü müxalifət adlandıran bəzi destruktiv qruplar bir daha antimilli mövqe ortaya qoydular. Bəli, bu qurumlar, o cümlədən antiazərbaycançı dairələrin "beşinci kolonu” funksiyasını yerinə yetirən ünsürlər bir daha antimilli mövqe ortaya qoydular. Onlar bu ağır günlərdə xalqın yanında olmadıqlarını və həm də Azərbaycan dövlətinə qənim kəsildiklərini növbəti dəfə nümayiş etdirdilər. Və cənab İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə onların dövlətə düşmən kəsildiklərini bəyan etməklə, həmin destruktiv qüvvələrin fəaliyyətinə ən düzgün qiyməti verdi.

Azərbaycan xalqı aqildir, müdrikdir. Bu xalq dövlətimizə və dövlətçiliyimizə yönəlmiş qəsbləri və səhvləri heç vaxt bağışlamır. Ona görə də sapı özümüzdən olan bu antimilli qruplara da Azərbaycan cəmiyyətində yer olmayacaq.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı
Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!