"İkinci cahan müharibəsi insanlıq tarixinin ən qanlı səhifəsidir" - Nəsib Məhəməliyev

2020-05-09 20:53:12 / 953 dəfə oxunub
Təzadlı hisslər.
Sovetlər İttifaqında doğulmuş və ömrünün müəyyən hissəsini o dövrün rəsmi dövlət ideologiyasına uyğun olaraq qeyd olunan bir sıra bayramlarla yanaşı, 9 may , Qələbə gününü, də xüsusi təmtəraqla qeyd edərdik. Ələlxüsus ətrafımızda yaşayan, müharibədə şərəfli döyüş yolu keçmiş veteranların bu bayramı səbrsizliklə gözlədiklərini və sevinclə, qürur hissi ilə qeyd etdiklərini seyr etmək olduqca xoş hisslər idi. 1975-ci il may ayında Balakən şəhərinin mərkəzində yerəşən bağda, qələbənin 30 illiyi münasibətilə naməlum əsgərin abidəsi ucaldıldı. Həmin yerdə isə, müharibə zamanı sovet döyüş təyyarəsi düşmüşdü və iki nəfər hərbi təyyarəçi həlak olmuşdu. Müharibədən sonra, həmin təyyarənin düşdüyü yerdə xatirə abidəsi qoyulmuşdu. Yerli əhali o bağa xüsusi diqqət göstərir, hörmətlə yanaşırdı. Veteranlar abidənin ətrafında məktəblilərlə görüş keçirir, hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparırdılar. Yaxşı yadımdadı 7-ci sinifdə oxuyurdum. Azərbaycan televiziyasından çəkiliş qrupu gəlmişdi və məktəbimizdən bəzi uşaqları seçərək çəkilişə dəvət etdilər. Brest qalasının müdafiəsində vuruşmuş Daniyal Abdullayev ilə əvvəl məktəbdə, sonra isə naməlum əsgərin abidəsi önündə görüşlər keçirildi. Daha sonra meşədə çəkilişlər aparıldı və beləliklə uşaqlıq həyatımızda ilk dəfə televiziya çəkilişi ilə müşaiyət olunan qələbə bayramını qeyd etdik.
İllər keçdi.
SSRİ adlı super dövlət dağıldı. İctimai münasibətlər dəyişdi. Sovetlər birliyinə daxil olan respublikalarda millətlər arası konfliklər baş verdi. Çox təəssüflər ki, əvvəl Qorbaçovun timsalında SSRİ, sonra isə müstəqil Rusiya rəhbərliyi konfliklərin qarşısının alınması üçün heç bir əməli iş görmədilər. Əksinə qarşıdurmaları qızışdırmaqla, bir tərəfli ədalətsiz mövqe tutdular. Nəticədə ölkəmizlə yanaşı, Gürcüstan, Moıdova, Ukrayna kimi müttəfiq respublikalar ərazilərinin bir hissəsini itirdilər.
1992-ci ildə Azərbaycan xalq cəbhəsini təmsil edən, adi idarəçilik təcrübəsi olmayan populist insanlar, reallığa söykənməyən lozunqlarla küçədən hakimiyyətə gəldilər. Hələ dövlətin qurulmadığı, iqtisadiyyatın, normal idarəetmə sisteminin formalaşmadığı, mənfur erməni separatçıları ilə mübarizənin getdiyi dövrdə, müxtəlif ölkələrə bayraq sancmaq kimi utopik düşüncə ilə, türkdilli dövlət başçılarına göstərişlər verməklə, ciddi şəkildə mövcud olan ideoloji fərqlərə baxmadan, cənub problemlərini qızışdıraraq qısa zaman kəsiyində çoxsaylı problemlər yaratdılar. İkinci dünya müharibəsi veteranlarını vətən xaini elan etməklə, onların şərəfinə ucaldılmış abidələri vəhşicəsinə dağıtdılar. O cümlədən, artıq o zaman başqa yerə köçürülmüş həmin naməlum əsgərin abidəsini də vandalcasına eybəcər hala saldılar.
Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bütün şüurlu həyatım boyu vətənimizin müstəqil olmasını arzulamışam və kimsə çalışmasın bizi hansısa ,pərəstlikdə, günahlandırmağa. (İndi belə şeylər dəbdədir. Hamı bir birini günahlandırır. Bu barədə gələcəkdə ətraflı yazacağam.)
İkinci cahan müharibəsi insanlıq tarixinin ən qanlı səhifəsidir. Bu müharibədə cəmi 60 milyona yaxın, SSRİ-dən isə 27 milyon adam həlak olmuşdur. 600 000-dən yuxarı həmvətənimiz cəbhəyə yollanmış, onların 50 faizdən artığı isə həlak olmuşlar. Azərbaycan 4 il ətzində cəbhəyə 76 milyon ton neft, 22 milyon ton təmiz benzin, ümumi istifadə olunan sürtkü yağlarının 96 faizini təmənnasız olaraq vermişdir.
Marşal Rokossovski yazırdı. ,,Cəbhədə hər dörd tankdan üçü, hər dörd təyyarədən üçü Bakı neftinin hesabına işləyirdi,,
Marşal Jukov; ,,Əgər Bakı nefti olmadaydı, biz qələbə çala bilməzdik,,
Hitler müharibənin əvvəlində feldmarşal Manşteyni cənub istiqamətində ordu komandanı təyin edərkən xüsusi tapşırıq verərək demişdi. ,, Əgər Bakını ələ keçirə bilməsək, biz müharibəni uduzacağıq,,.
Bakının zavodlarında yüzdən çox silah istehsal olunurdu. Ölkəmiz döyüşən orduya ərzaq, kənd təsərrüfatı məhsulları göndərirdi. 400 000- dən artıq yaralı Bakıda müalicə olunmuş, işğal zonalarından evakuasiya olunmuş minlərlə insan burada sığınacaq tapmışdı.
Azərbaycanlılardan ibarət 4 milli diviziyadan 2-si Berlinə qədər gedib çıxaraq əsl qəhrəmanlıq dastanı yazmışlar. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov və s. ümulikdə 125 nəfər Sovet İttifaqı qəhrəmanı adlarınl almış, minlərlə döyüşçü müxtəlif orden və medallarla təltif olunmuşlar. Hər iki cəbhədə verilən qurbanlardan, əldə olunan nailiyyətlərdən sonra,faşimlə mübarizə aparmaqlarından qürur duyan yüzlərlə millətlərin yanında olmaqdansa, bütün bunlardan imtina etmək nə dərəcədə məntiqlidir. Öz millətinin nümayəndələri olan ağsaqqal veteranları, ağbirçəkləri cəmiyyətin lazımsız təbəqəsi kimi təqdim etmək, sadəcə ağılsızlıqdır.
Biz nəyə görə öz haqq etdiyimiz qələbəmizdən imtina etməliyik.
Ermənilər, bizdən fərqli olaraq, sovetlər tərəfindən vuruşanlarla bərabər, Hitlerlə yaxından əməkdaşlıq etmiş,cəllad general Njdeyə İrəvanda heykəl qoymuşlar. Amma biz hərb tariximizin ən şanlı hissəsinə sahib çıxmaq əvəzinə, meydanı düşmənlərə veririk. Vetetanları, özgə torpaqları müdafiə etməkdə günahlandıran, alman faşistləri gəlsəydi yaxşı olardı deyənlərə xatırlatmaq istəyirəm ki, Hitler” Mənim mübarizəm” kitabında yəhudilər və slavyanlarla birlikdə, müsəlmanların da kütləvi məhv edilməsinin vacibliyini yazırdı.Hətta müharibədən sonra Qarabağın ermənilərə verilməsi haqqında vəd verdiyi haqqında arxiv sənədləri mövcuddur.
1992-ci il 8 may.
Hər bir azərbaycanlı üçün əziz olan Şuşa silsilə xəyanətlər nəticəsində işğal olundu.
1993-cü ildə ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldi. Veteranların cəmiyyətdəki statusunu bərpa etdi. Veteran təşkilatları, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün xeyli iş gördülər.
Baxmayaraq ki, ölkəmizdə 9 may Qələbə günü kimi qeyd olunur. Ancaq Şuşanın işğalından sonra heç kimdə bu bayramı əsl bayram kimi qeyd etmək həvəsi yoxdur. Təəssüf ki, nankor ermənilərin və onların havadarlarının xəyanəti nətucəsində, olduqca ağrılı 8 maydan sonra, 9 mayın qələbə ruhuna köklənmək mümkün olmur. Ancaq inanıram ki, biz güclü ordumuzla bu tarixi ədalətsizliyi bərpa edərək torpaqlarımızın azad olunması ilə birlikdə qələbə bayramlarını əsl bayram kimi qeyd edəcəyik.
Bir tarixi faktı da diqqətinizə çatdırmağı özümə borc bilirəm.
1941-1942- ci illərdə Stalin və onun ətrafının iki dəfə, bir çox şimali Qafqaz xalqları, Krım tatarları, Məshəti türkləri ilə bərabər azərbaycanlıları da deportasiya etmək planı vardı. Əgər cəbhədə qəhrəmanlıqla vuruşan həmvətənlərimiz olmasaydı, xalqımız deportasiya faciəsini də yaşayacaqdı. Hesab edirəm ki, bu məsələdə də onlara vəfa borcumuz var. Arzu edirəm ki, heç bir bayramı təzadlı hisslərlə qeyd etməyək və şərəfli tariximizə sahib çıxaq.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!