Partiya sədri: “Əbülfəs Qarayev etimadı doğrulda bilmədi”

2020-05-12 10:00:26 / 375 dəfə oxunub

"Mədəniyyət Nazirliyi dövlətin strateji, mühüm əhəmiyyətə malik olan qurumlarından biridir. Nazirliyin əsas vəzifələri arasında mədəni irsin qorunması xüsusi yer tutur. Hazırda həm Qərbi Azərbaycanda, həm də işğal altında olan Qarabağda mədəni irsimizə qarşı minlərlə vandalizm aktı həyata keçirilir. Amma bu faktları dünyaya çatdırmalı olan Mədəniyyət Nazirliyinin daxilində qanunazidd əməllərin baş verməsi hamımızı hiddətləndirir”.

Bu sözləriOxu.Az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.

Onun fikrincə, Mədəniyyət Nazirliyində əməliyyatın keçirilməsi, vəzifəli şəxslərin saxlanılması Azərbaycanda toxunulmaz şəxslərin olmadığını göstərir.

A.Səmədov qeyd edib ki, səlahiyyətli orqanların ictimaiyyətə geniş açıqlamasından sonra Mədəniyyət Nazirliyində daha geniş korrupsiya şəbəkəsinin olduğu üzə çıxacaq.

Partiya sədrinin sözlərinə görə, nazirlikdə əməliyyatın keçirilməsi onu göstərir ki, dövlət rəhbərliyini narahat edən çox ciddi məsələlər var.

A.Səmədov Mədəniyyət naziri Əbülfəs Qarayevin də fəaliyyətini tənqid edib.

"Çox təəssüflər olsun ki, Əbülfəs Qarayev ona olan etimadı doğrulda bilmədi. Onun Mədəniyyət Nazirliyindəki qanunsuz əməllərdən xəbərsiz olduğunu iddia etmək mümkün deyil. Çünki nazirin əsas işlərindən biri də kadrlara, dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün xərclənməsinə nəzarət etməkdən ibarətdir. Ancaq ya bu məsələlər uzun müddət nəzarətdən kənarda qalıb, ya da bilə-bilə qanunsuz əməllərə imkan verilib”, - deyə A.Səmədov əlavə edib.

Partiya sədrinin sözlərinə görə, Ə.Qarayevin hadisə ilə bağlı verdiyi açıqlama çox uğursuzdur:

"Əbülfəs Qarayev deyir ki, məsələyə hüquqi qiymət veriləcək. Hesab edirəm ki, o, öz fəaliyyətinə tənqidi yanaşmalı, obyektiv bəyanat verməlidir”.

Qeyd edək ki, DTX mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıblar.

Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunan hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!