Deputat: “Sumqayıtda daha bir müəssisənin açılışı qeyri-neft sektorunun inkişafı ilə bağlı növbəti addımdır”

2020-05-14 23:51:53 / 3436 dəfə oxunub

"Sumqayıtda tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının realizəsi baxımından əlamətdar hadisədir”.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Emin Hacıyev deyib.

E.Hacıyev qeyd edib ki, müəssisənin açılışı Sumqayıtın sənaye potensialının inkişaf etdirilməsi və sumqayıtlılar üçün yeni iş yerlərinin açılması baxımından da əhəmiyyətlidir:

"Bu, ölkəmiz üçün yeni istehsal sahəsidir. Müəssisə daxili tələbatı ödəməklə yanaşı, ixrac edilən məhsullarımızın arasına daha birini əlavə edəcək. Koronavirus infeksiyasının yayılması ilə, məlum olduğu kimi, bütün dünyada dezinfeksiyaedici məhsullara, eləcə də tibbi maska və geyimlərə tələbat artıb.

Belə vəziyyətdə bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, tələbin artması ilə təklifin qiyməti də yüksəlib. Eyni zamanda, qıtlıq müşahidə edilməyə başlandı. Azərbaycan dövləti pandemiya ilə mübarizənin bütün cəbhələrində olduğu kimi, bu istiqamətdə də çevik qərar qəbul etdi və ən qısa zamanda yerli istehsalı təşkil etdi.

Bu, ölkəmizi idxal asılılığından, valyuta itkisindən xilas etməklə yanaşı, uzunmüddətli dövrdə ixrac səbətimizi də zənginləşdirdi. Nəzərə alsaq ki, bütün dünyada səhiyyə məhsullarına tələbat artacaq, biz bu sahədə istehsal müəssisələrinin qurulmasını strateji addım kimi qiymətləndirə bilərik.

Digər tərəfdən, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sumqayıtda açılan ikinci müəssisə sumqayıtlılar üçün yeni iş yerlərinin yaradılması deməkdir.

Dövlət başçısının da bildirdiyi kimi, bu müəssisədə çalışanların 95 faizi sumqayıtlılardır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizəni yalnız milli səviyyədə təşkil etmir, qlobal mübarizəyə də əhəmiyyətli dəstək verir:

"Azərbaycan dövləti əhalinin sağlamlığının təmin olunması istiqamətində effektiv addımlar atdı. Bu mənada inzibati qərarları, karantin rejiminin vaxtında tətbiqini, qısa zamanda laboratoriyaların, testlərin alınmasını, eyni zamanda, maska istehsalına başlanılmasını və s. qeyd etmək olar.

Ancaq bu faktı da mütləq deməliyik ki, Azərbaycanın bu bəla ilə mübarizəsi yalnız milli səviyyədə aparılmır, dövlətimiz bu baxımdan qlobal əlaqələndirici rolunda çıxış edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu mövzuya aid ilk zirvə görüşünün - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının videokonfrans formatında Zirvə Görüşünün təşkili, ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü qlobal əməkdaşlığa çağırış idi.

Dövlətimizin başçısı "qlobal təhlükəyə qlobal cavab” modelini təklif edir və özünəqapanmanın çıxış yolu olmadığını qeyd edir. Dövlətimizin Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizədə iki dəfə ianə ayırması da Azərbaycanın beynəlxalq həmrəyliyinin ifadəsi idi.

Bu günlərdə beynəlxalq təşkilatların, eləcə də ÜST-ün dövlətimizə həyata keçirdiyi missiyaya görə minnətdarlığı Azərbaycana beynəlxalq diqqətin və dövlətimizin nüfuzunun göstəricisidir”.

Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!