“Satqınlar cəzalarını aldılar və almaqda davam edirlər”

Qüdrət Həsənquliyev: “Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır”

2020-05-19 16:42:40 / 548 dəfə oxunub
Vilayət Eyvazov və Əli Nağıyev DİN-ə və DTX-ya müvafiq olaraq nazir və rəis təyin olunanda demişdim ki, ölkədə sabitliyi pozmaq istəyənlər ciddi-ciddi düşünməlidirlər.
Bu sözləri son günlər payızda dövlət çevrilişinə cəhd ola biləcəyi barədə səsləndirilən fikirlərin nə dərəcədə əsaslı olub-olmadığına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
BAXCP sədri qeyd edib ki, buna baxmayaraq 2019-cu ilin oktyabrında sabitliyi pozmağa cəhd olunub: "Bundan öncə əsəbləri zəif, iddialı və mənsəbpərəst adamları Prezidentin ətrafından uzaqlaşdırmaq üçün onun səhhətində ciddi problemlərin olması barədə şayiələr dövriyyəyə buraxıldı. Prezidentin xarizmasını alt-üst etmək, onu mənən sarsıtmaq üçün namussuz insanlar söyüş kompaniyasına cəlb olundu. Bu zaman o da nəzərə alınmışdı ki, bir qisim insanlar rəsmi məlumatlardan daha çox dedi-qoduya inanırlar. Həm də inanırdılar ki, dövlət idarəetməsində mövcud olan problemlər insanların həyatını çətinlədirdiyi üçün geniş xalq kütlələri onlara dəstək olacaq. Amma onlar ictimai təhlükəsizliyə cavabdeh insanların dövlətə və prezidentə sadiqliyini və peşəkarlığını, xalqımızın çevrilişlərin ölkəmizə hansı fəlakətləri yaşatdığını unutmadığını, ən başlıcası isə Prezidentin və Birinci vitse-prezidentin cəsarətini, ekstremal hallar üçün psixoloji hazırlığını və idarəetmə məharətlərini, onlara olan beynəlxalq dəstəyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin elan olunmuş islahatlara inamını nəzərə almamışdılar. Onu da nəzərə almamışdılar ki, bir dəfə ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuş siyasi avantüristlərin çağırışı ilə insanlar heç vaxt küçələrə axışıb dövlət orqanları ilə qarşıdurmaya getməzlər. Bütün qeyd etdiklərimə baxmayaraq, hakimiyyət ehtirası, müxtəlif sifarişlər və maraqlar onları sabitliyi pozub siyasi böhran yaratmaqla hakimiyyəti dəyişmək üçün razılaşdırılmamış aksiya keçirməkdən çəkindirmədi və onlar layiq olduqları dərsi, iqtidar daxilindəki satqınlar isə cəzalarını aldılar və almaqda davam edirlər. Ölkədə vətəndaşların həyatını çətinləşdirən problemlərin həlli istiqamətində isə ciddi addımlar atılmaqdadır. Artıq xalqımız tərəfindən müdafiə olunan korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qərarlar qəbul olunur, həyatımızın bütün sahələrində islahatların dərinləşdirilməsi üçün işlər görülür. Belə bir vəziyyətdə yalnız sağlam düşüncədən məhrum olmuş insanlar hansısa çevrilişə cəhd etmək barədə düşünə bilər. Ona görə də qeyri-ciddi adamların qeri-ciddi bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Xalqımız həyatının yaxşıya doğru dəyişməsi üçün Prezidentə yuxarıdan aparılan islahatlarda dəstək olmalıdır. Xoşbəxt gələcəyimiz yalnız bundadır”.
Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!