Könül İsmayılova LAÇINDAN yazdı

2020-05-20 12:17:55 / 536 dəfə oxunub
Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova Laçın şəhərinin işğalı ilə bağlı özünün "facebook" səhifəsində xatirələrini bölüşüb.

GÜNpress.az xanım siyasətçinin Laçınla bağlı xatirələrini təqdim edir:

"Laçın deyəndə orta məktəb illərimin yay tətilləri yadıma düşür. Hər il yay tətillərini Laçına gedirdik. Laçının lalə yamaclı yaylaqları indinin özündə də gözümün qabağındadır. Çox sevirəm Laçını. Məktəbin bitməsini necə səbirsizliklə gözlədiyimi xatırlayıram. Tələsirdim ki, yay fəsli tez gəlsin, gedək o gözəllikləri görək…

Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-ci sinifdə oxuyurdum. 1990-cı ilin may ayının sonu idi, söz vaxtına çəkər. Rayona gedib çatana qədər keçdiyimiz dolama yollar gözümün önündən getmir. Gündüzləri günəşli, axşamları sərin keçən Laçınım.

Yadımdadır ki, hər axşam saat 22-00-dan sonra atəş səsləri eşidilirdi. Nənəmlə babam eşidirdim ki, Dığdan, Gorusdan yenə atırlar. Heç kim dərk etmirdi nələr baş verir. Öyrəşmişdik atəş səslərinə, çox sakit qəbul edirdik. Gündüzlər hamı öz işində-gücündə olurdu, axşamlar eyni saatlarda yenə də atəş səsləri davam edirdi. Heç kəsin ağlına da gəlmirdi ki, o dıgalar atəş aça-aça gəlib çıxacaqlar Laçınımıza və həyasızcasına zəbt edəcəklər torpağımızı...

Həmişə yuxularımda Laçına gedirəm. Bəlkə də yenidən o torpaqları qarış-qarış gəzəcəyim günləri o qədər arzuladığımdandır ki, yuxularımdan çıxmır... Mikayıl Müşfiqin dediyi kimi - "Yenə O bag olaydı"… Mən isə deyirəm, yenə torpaqlarımız azadlıqda olaydı, dolama yollarla gedib Laçına çıxardıq, nənəmin meyvə bağında o meyvələrdən dərib yeyərdim, qonşunun nəvələri ilə "yeddi şüşə”, "ortada qaldı” oynayaydım, babam məni o laləli yaylaqlara aparaydı… Gözəl yuxularım çin olaydı…

O qədər gözəl uşaqlıq xatirələrim var ki, yaddaşımda.

Məncə uşaqlığını Laçında keçirən hər kəs o yerlərə qayıdanda hansı yaşda olmasına baxmayaraq uşaqlaşacaq… Bizim Laçının torpaqları bərəkətlidir, havası şəfalıdır, ora gedəndə cavanlaşacaq, sağlıqlarına qovuşacaq laçınlılar.

Çox ümüd edirəm ki, o gözəl uşaqlıq xatirələrim çin olar və gül qoxulu torpaqları qoxlamaq mənə də nəsib olar. Ali Baş Komandanımızın bizə bu sevinci, bu qələbəni yaşadacağına əminəm".
Son xəbərlər
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!