“Sahibkarları dövlət başçısının çağırışlarına əməldə cavab verməyə səsləyirəm”

2020-05-21 17:52:03 / 1267 dəfə oxunub

"Öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asandır”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allaverdiyev deyib.

Deputat bildirib ki, məhz bu cür şəffaf fəaliyyət pandemiya dövründə iş yerlərinin qorunmasını və zərərçəkən sahibkarların dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin edib:

"Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər, təbii olaraq, öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər Planı buna nümunə ola bilər”.

E.Allahverdiyev şəffaf fəaliyyətə dəstəyin nümunəsi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin müdafiəsinə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmasını misal çəkib:

"Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunub, zərərçəkən sahibkarlara maliyyə dəstəyi göstərilib, onlara geniş vergi güzəştləri ayrılıb, fəaliyyət sahələrinə yönələn 1,5 milyard manat bank kreditlərinə dövlət zəmanəti verilib və faizləri subsidiya edilib”.

Millət vəkili pandemiya dövründə görülən tədbirlərdən danışarkən, xüsusi vurğulayıb ki, qeyri-formal fəaliyyət göstərənlər bir çox hallarda dövlətin yaratdığı imkanlardan məhrum olur:

"Belə "işgüzar cəmiyyət” uzun müddət "kölgə”də olmaqla, dövlətlə əməkdaşlıq imkanlarını itirdi və nəticədə, dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkara və vətəndaşa şamil edə bildi.

İqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır”.

E.Allahverdiyev əmin olduğunu bildirib ki, kölgədən çıxmaq dövlət-vətəndaş həmrəyliyinə də mühüm töhfə verəcək:

"Kölgə iqtisadiyyatı”ndan işıqlığa doğru addım atan hər bir sahibkar dövlətimizin inkişafına biganə yanaşmadığını da əyani nümayiş etdirmiş olacaq. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil, biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar.

Odur ki, bütün sahibkarları dövlət başçısının çağırışlarına əməldə cavab verməyə səsləyirəm. Əminəm ki, çox tezliklə bu çağırışın işığı "kölgə iqtisadiyyatı”nın qaranlıqlarını birdəfəlik yox edəcək”.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!