Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır - Fərəc QULİYEV yazır

2020-06-01 02:01:17 / 1950 dəfə oxunub
Son zamanlar daha çox müharibə çağırışı edənlərlə dinc vasitələr axtarışında olanlar arasında  mətbuatda, sosial şəbəkələrdə qarşılıqlı ittihamlar səslənir. Heç bir tərəfdə xəyanətkar axtarmadan ehtiyatlı olmaq və mətbuatımızın həm də Ermənistanda izləndiyinin nəzərə alınmasını xatırlatmaq istəyirəm. Qəribədir ki, polemikalar hərbi təlimlər keçirdiyimiz zamana təsadüf etdi. 

Budəfəki hərbi təlimlər sülh danışıqlarının tam fiaskoya uğradığı vaxta təsadüf edir. Azərbaycan prosesi qabağa aparan, fəallaşdıran, sürətləndirən formatlardan biri kimi hərbi təlimləri doğru seçib. Hətta növbəti təlimlər üçün də anons vermək olar ki, hədəf atışları Qarabağ ətrafında işğal olunmuş ərazilərdə keçiriləcək. Bu ərazilərdəki hər hansı hərəkətlilik üçün heç bir subyekt qarşısında hesabatlı deyilik. Çünki bu halda Azərbaycan nəinki Ermənistana hücum etmir, heç öz ərazisi olan Qarabağda da erməni əsilli azərbaycanlıları narahat etmir, etnik təmizləmə aparmır, özünün beynəlxalq miqyasda tanınan ərazisində təlim keçirmiş olur. Rəsmi İrəvan bir-birinin ardınca dinc nizamlanma prosesini mənasız edən təxribatçı bəyanatlarla çıxış etdiyi zaman keçirdiyimiz təlimlər İrəvana mesajdır. Çünki Ermənistan faktiki əraziləri qaytarmaqdan imtina edir. Dinc danışıqlarla nizamlanmanın alternativi isə hərbdir. "Azərbaycan müharibəyə hazırdır” deməkdir. Bu güc prestijinin cəmiyyət tərəfindən  qüvvətləndirilməsi gərəkdir.

Əksinə, çəkingən bəyanatlar vermək, hərbi təlimlər də daxil olmaqla, bu siyasətə sərf olunan vəsaitin də, əməyin də üstündən xətt çəkmək, bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir. Bu çəkingənlik və qorxmağa bəhanə axtarışı sərgiləndiyi sürəcdə təlimlər və "problemin dinc yolla həlli mümkün deyilsə, güc yolu ilə həll ediləcək” bəyanatları ciddiyə alınmaz.

Keçirilən irimiqyaslı hərbi təlimlər düşmənin psixoloji durumuna təsir edir.

Təlimlərin mahiyyəti Ermənistan işğalçı ordusu ərazimizdən xoşluqla çıxmayacağı halda hərbi yolla çıxardılacağını nümayiş etdirməkdir. Hərbi təlim gücü yoxlamaq və gerçək savaşı məşq etməklə yanaşı, düşmənə psixoloji təziqdir. Bu təlimlər Ali Baş komandanın iradəsi ilə keçirilir. Ən azından, hərbi təlimlər keçirdiyimiz bir zamanda hamının nəbzi eyni vurmalıdır. Bu zaman kəsiyində - ordumuzun əzələ nümayişi zamanı mediada çəkingənlik nümayiş etdirmək müdriklik deyil və görülən işlərə zərər verir.

İndi sosial şəbəkə və KİV-də guya təmkin və analitik düşünmə sonucu olaraq vəziyyətlə barışmaq, sonsuz bir müddətə danışmaq, "savaş olarsa düşmən Kür çayına qədər gələ bilər” ifadəsi işlətmək, ən azı, yaranmış psixoloji ab-havanı əleyhimizə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, biz erməni mətbuatını izlədiyimiz kimi, ermənilər də bizim mətbuatı izləyir.

Əlbəttə, ölçülü-biçili, prosesi xeyirimizə dəyişən hesablanmış addımların atılması zəruridir. Xüsusilə hərb variantı ilə bağlı. Bu planlama Ali baş komandan tərəfindən generalitet və strateji mərkəzlərlə həll olunar. Bunu Prezidentin 28 may çıxışında da duymaq mümkündür. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.”

İctimai rəy liderlərinin isə indiki anda Qarabağ məsələsi ilə bağlı yanaşmalarında xeyrimizə dəyişmiş psixoloji duruma zərər verməməyi önəmlidir. Bunun kəsinliklə nəzərə alınması lazım. Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma hərbə hazırıq- fəlsəfəsi ilə davranmalıyıq. Düşmən tərəf torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır. 

Ehtiyatlı mövqe nümayiş etdirənlərin bəziləri müharibə çağırışı sonuclarından ehtiyatlanan adamlardırsa da, bəziləri sadəcə indiki status–kvodan məmnun halda "vətənim villam, millətim ailəm” yanaşması ilə zamanı ötürmək, şəxsi rahatını risqə buraxmaq istəməyənlərdir. Parlamentin ilk iclasında ölkə prezidenti susmamağa, həqiqətləri deməyə, təhdidlərin qarşısında dayanmağa çağırış etdi. Bu çağırışa əməl etmək əvəzinə əhalidə ruh düşkünlüyü yaradanlara yenə də prezident öz bəyanatları ilə örnək oldu. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də çıxışı zamanı deyib:

-Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz var və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi... 

-Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Prezidentin bu çağırışları, məncə, "qorxmağa bəhanə axtaranlar”ın mövqelərinə yenidən baxmasına kifayət edər.

"Sonsuz səbrli” olmağı tövsiyə edənlər anlamalıdırlar ki, atəşkəs sülh müqaviləsi deyil, müqaviləni hazırlamaq üçün pauzadır. Bu pauza on illərlə davam edə bilməz. Ermənistan ən müxtəlif bəhanələrlə vaxtı uzatmaq və Azərbaycan cəmiyyəti üçün "sakitləşdirmə”, ”unutdurma” taktikasına üstünlük verir. Bunun alternativi vaxt uzandıqca cəmiyyətin daha da aqressivləşdiyini göstərməkdir. Kimsə öz yorğunluğunu, bitkinliyini, ümidsizliyini millətin adından bəyan edərək düşməni ruhlandıra bilməz. 

2016-cı ilin aprel savaşı millətimizin savaşa münasibətini sərgilədi. 2016-cı ildə erməni ordusunun "məğlubedilməzlik” mifini darmadağın edən bir neçə günlük savaş hələ də Ermənistanda müzakirə olunur. Buna görə Ermənistan hərbi rəhbərliyindən bir neçə nəfər işdən qovulub və xüsusi təhqiqat komisiyyası işini davam etdirir.

Bu əməliyyatın bir neçə baxımdan mühüm əhəmiyyəti oldu. Əməliyyat təkcə yüksəkliklərin tərəfimizdən geri alınması, müəyyən ərazilərin azad olunması, düşmənin xeyli itki verməsi baxımından deyil, ən əsası psixoloji–mənəvi cəhətdən əhəmiyyətli idi.

-Ermənistan ictimaiyyətinin öz ordusu haqqında real təsəvvürü və Azərbaycan ordusu haqda real təsəvvürü formalaşdı;

-vasitəçilərin təsəvvürü dəyişdi, danışıq və dinc vasitələrdən yayınma halında Azərbaycan haqqı olan digər yoldan-hərbi yoldan istifadə edəcək qənaəti formalaşdı. Və Azərbaycanın xəbərdarlıqlarının söz güləşdirmək yox, günün birində qəfil həyata keçirilə biləcək son həmlə ola biləcəyi anlaşıldı;

-Azərbaycan xalqının da özünə inamı bərpa olundu; 

-Azərbaycan ictimaiyyətinin də  öz ordusu haqqında real təsəvvürü və Ermənistan ordusu haqda təsəvvürü dəyişdi;

-Xalq prosesə ciddi dəstək verdi, bəlkə də bəziləri xalqın döyüş bölgələrindən gedəcəyini gözlədiyi halda xalq əksinə döyüş bölgələrinə getdi və bunu bütün dünya müşahidə etdi.

Azərbaycan müdafiə naziri cənab Zakir Həsənov 2020-ci il 30 mayda açıqlamasında isə bu mövzuda gözlənilən sonucu ifadə etdi - "bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər Ermənistanın siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”.

Prezidentin bəyanatlarından sonra Müdafiə nazirinin də yanaşmasını ona görə xatırlatdım ki, hər kəs məsuliyyətini hiss etsin. Problemin qeyri-hərbi yolla həllini arzulayanlar problemin hərbi yolla həllinə hazır olduğumuzu daha uca səslə deməlidirlər ki, həm də bölgədə sabitlik istəyənlər bu əhvalı nəzərə alaraq dinc yolla ədalətli status-kvonun bərpası üçün Ermənistanı məcbur edəcək addımlar atsın.

Çağırışımı Prezident, Ali Baş komandan İlham Əliyevin çıxışındakı bir fikirlə tamamlayıram: "Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına!”

Fərəc QULİYEV
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri 
Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!