Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılmasına 6 milyon manat ayrılıb

2020-06-02 12:45:50 / 894 dəfə oxunub

Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında regionların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa imkan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxlanılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksionallığı ilə yanaşı, şəhərin estetik görünüşünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!