Üzümüzdə yaşayan böcəklər

2020-06-07 19:50:20 / 42711 dəfə oxunub
Hər bir anda üzünüzdə, yüzlərlə çox kiçik orqanizm yaşayır. Onlar yeyir, cütləşir, yumurta qoyur və ölür. Araxnid və ya hörümçəkkimilərə aid bu mikroskopik ektoparazitlərin - bədənin səthi və ya xarici orqanlarında yaşayan parazitlər - ölçüsü 0,4 mm keçmir. Demodex folliculorum (D. folliculorum ) və Demodex brevis (D. brevis) böcəkləri hörümçək və gənələrin cırtdan qohumlarıdır. Bu kiçicik canlılar adətən sakit həyat sürür və biz yuxuya gedəndən sonra aktivləşir, onlar cütlənməyə partnyor axtarmaq üçün üzə, dərinin səthinə çıxır. Şimali Karolina Universitetinin alimləri dəridə yaşayan ektoparazitlərlə dəri xəstəlikləri arasındakı əlaqəni təhlil edərkən D. folliculorum və D. brevis böcəkləri ilə bağlı maraqlı tapıntılara rast gəliblər.

Bildiyimizdən daha çox imiş

2014-cü ildə Megan Thoemmes-in rəhbərlik etdiyi alimlər qrupunun keçirdiyi bir araşdırma vaxtı tədqiqatçılar mikroskopik araxnidlərin demək olar ki, bütün insanlara meyl saldığını aşkar ediblər. Bundan əvvəl, insanların yalnız 15 faizinədək bu ektoparazitlərdən təsirləndiyi güman olunurdu.

Üz dərisinin bir kvadrat santimetrində orta hesabla bir və iki böcək olur. Bəzi hallarda onların sayı 10 və ya 20-yə çata bilər. Buna görə, parazitlərin sayında artım uzun müddət rozasea kimi dəri xəstəliyinin - çəhrayı sızanaqlar, üz dərisinin naməlum etiologiyalı xronik xəstəliyi - əsas səbəbi hesab edilirdi. İndi isə onun digər amillərlə bağlı olduğu da güman edilir. National Geographic (NG) dərgisinə danışan Megan Thoemmes hesab edir ki, üzdə yaşayan böcəklərin çoxalması xəstəliyin səbəbi yox, simptomu ilə bağlı ola bilər. "Hər şey tərsinə də ola bilər: Bəlkə də rozasea ilə əlaqəli iltihab və artan qan axını üz böcəklərinə əlverişli şərait yaradır”, - Megan Thoemmes-in sözləri NG-nin son buraxılışında iqtibas olunur.

Genetik oxşarlıq

Üzümüzdə yaşayan hər bir təbii qonşumuzun (dəvətsiz gələn qonşular da demək olar - red) haradan gəldiyini öyrənmək də mümkündür. Bu barədə onların DNT-si xəbər verir, Public Science Labaratory tərəfindən dərc edilmiş araşdırmanın nəticələrində göstərilir. Məsələn, Çindən gələn böcəklərin genetik kodu, ABŞ-da toplanmış nümunələrdən fərqlənir. Yəni, mikroskopik orqanizmlərin DNT-si o qədər özünəməxsusdur ki, insanların tarixi miqrasiyalarını müəyyən etməyə imkan verə bilər. Ailə qruplarından toplanan nümunələr qohum olmayan insanlardan alınmış nümunələrdən daha çox ortaq əlamətlərə malikdir. Bundan əlavə, böcəklər sizin ailənizin mənsub olduğu coğrafi yerin genetik imzasını da daşıyır, hətta ailəniz hazırda başqa yerdə yaşasa da.

Onlar necə yayıldı?

İlk dəfə 1841-ci ildə qulaq kanalında tapılan mikro-orqanizmlər daha sonra qaşlar və kirpiklərdə də aşkar olundu. Böcəklərin yayılması barədə yazan National Geographic rəngarəng coğrafi terminlərdən istifadə edir. "O vaxtdan bəri öyrəndik ki, onlar yalnız qaş və kirpiklərin qalın meşələri arasında deyil, həm də bədənimizdəki qısa, incə tüklərin savannalarında da yaşayır”. Erika Engelhaupt-ın məqaləsinə əsasən, daha qısa və gövdəli olan D. Brevis (o, cizgi filmlərində mağara insanın əlindəki zopanın formasını xatırladır) yağ ifraz edən məsamələrinin dərinliyinə üstünlük verir. Uzun və cılız D. follikulorum isə saçın dibində (follikulların), dərinin səthinə yaxın yaşayır. Belə görünür ki, dərimizdəki mikro həyatla qonşuluq əbədidir.

Tam qurtulmaq mümkün deyil?

Çünki son araşdırmalara əsasən, bu böcəklərdən tamamilə qurtulmaq mümkün deyil. Tam məhv edildikdən bir müddət sonra onların yenidən peyda olduğu bildirilir. Gün ərzində də böcəklər məskən saldığı yerlərdən uzaq getmir. Gigiyena tərəfdarlarına təsəlli verəcək daha bir fakt: böcəklərin həzm sistemi elə qurulub ki, onlar yediklərini ölənədək özündə saxlayırlar. Yəni, onların tullantıları bədəndən kənara çıxaracaq bayıra açılan çıxış yolu yoxdur. Adətən gecə vaxtı üzə çıxan böcəklərin səfər dairəsi santimetrlərlə ölçülə bilər: çünki onların maksimum sürəti saatda cəmi 10 mm çatır.
Körpə uşaqların üzündə bu böcəklər olmur, lakin insan böyüdükcə onların sayı tədricən artır. Çox güman ki, böcəkləri körpəyə anası ötürür. Buna görə də, valideynlərinizə sağol deməyi unutmayın, National Georgarphic jurnalılndakı bir məqalədə tövsiyə olunur.

BBC
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!