Sərhəddən külli miqdarda narkotik və psixo­trop maddə keçirmək istəyənlər saxlanıldı

2020-06-08 11:56:51 / 4658 dəfə oxunub

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. Sərhəd­çilərimizin sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, 2 iyun tarixində, saat 01:30 radələrində "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli "Qazel” markalı 99-JG-082 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona "dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılıblar.

Saxlanılan şəxslərin 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Eyvazov Tahir Nəsrulla oğlu və 1981-ci il təvəllüdlü Ağcabədi rayon sakini Məmmədov Rəşad Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobildəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram narkotik vasitəyə (4 kq 265 qr "heroin”ə, 2 kq 10 qr "metamfetamin”ə, 2 kq 5 qr "tiryək”ə, 1 kq 70 qr "marixuana”ya və 490 ədəd dərman preparatına) oxşar maddələr aşkar olunaraq götürülüb.

Araşdırma zamanı R.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanına” məxsus olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində "həbs” qətimkan tədbiri seçilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!