Müşfiq Məmmədli: "Seçkilərdə qələbə qazanmağımın əsas səbəbi..." - MÜSAHİBƏ

2020-06-11 13:27:59 / 6877 dəfə oxunub

Milli Məclisin deputatı Müşfiq Məmmədli SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. 

-Müşfiq müəllim. Milli Məclisin yaz sessiyası başa çatır. Milli Məclisə yeni seçilən deputat kimi bu qurumun fəaliyyətini necə dəyərləndirərdiniz?

 -Bildiyiniz kimi bu il Azərbaycan Respublikası Milii Məclisinə növbədənkənar seçkilər keçirilmişdir. Fevralın 9-da baş tutan seçkilərdə mən də ilk dəfə olaraq parlamentdə təmsil olunmaq hüququna sahib olmuşam. Mart ayından Milli Məclis fəaliyyətə başlayıb. Elə bu müddətdən dünyada baş verən məlum səbəblərə görə Azərbaycanda da karantin rejimi tətbiq olundu. Bu çətin dönəmdə parlament olaraq bizim üzərimizə ağır məsuliyyət düşürdü. Düşünürəm ki, bu bir neçə ay ərzində bizim fəaliyyətimiz arzuolunan səviyyədə idi. 

 -Sumqayıtda təmsil etdiyiniz dairə üzrə seçicilərinizin əsas problemləri nədən ibarətdir və siz bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atırsınız?

-Sumqayıt şəhəri son illər ölkənin ən inkşaf etmiş şəhəridir. Təbii ki, bu da ölkə rəhbərinin Sumqayıta və sumqayıtlılara olan diqqət və qayğının nəticəsində baş verib. Şəhərin infrastrukturu yenilənir, həmçinin yeni işyerləri üçün müxtəlif sahələri əhatə edən müəsissələr fəaliyyətə başlayır. Eyni zamanda şəhər əhalisi də çoxalır. İnkşaf varsa təbii ki, orada müəyyən çatışmazlıqlar olmalıdır. Şəhər əhalisinin mənə ünvanladığı müraciətlər əsasən sosial yönümlü problemlərlə əlaqədardır. Onlar arasında işlə bağlı, kommunal problemlərlə bağlı məsələlər də yer alır.

-Səhiyyə sahəsində kifayət qədər tanınmış və peşəkarsınız. Azərbaycanda bu sahənin inkişafı və mövcud problemləri hansılardır?

-Azərbaycan səhiyyəsinə cənab prezidentin diqqəti ön sıradadır. Ölkə rəhbərinin çıxışında "Mənim üçün ilk növbədə insanların sağlamlığı dayanır” söyləməsi bu sahəyə olan münasibətin göstəricisidir. Azərbaycanın bütün rayon və şəhərlərində müasir standartlara cavab verən xəstəxanaların tikilməsi, yenidən qurulması buna bariz nümunədir. Bildiyimiz kimi koronavirus pandemiyası həm Azərbaycanda həm də dünya ölkələrində səhiyyənin hansı səviyyədə olmasını göstərdi. Bizimlə həmsərhəd olan ölkələrdə vəziyyətin nəzarətdən çıxması kimi hallar Azərbaycanda yaşanmadı. Dövlətin vaxtında müdaxiləsi nəticəsində bu yöndə qəti addımlar atıldı. Operativ qərargah yaradıldı. Modul tipli xəstəxanalar qısa müddət ərzində tikilib istifadəyə verildi. Eyni zamanda tibbi sənayenin də bu yöndə əhəmiyyətini vurğulamaq istərdim. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin açılışı oldu. Bu müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal olunur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin istifadəyə verilməsində iştirak etdilər. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İB-nin "Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olundu. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "SOCAR Polymer” MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başladı. Sumqayıt Texnologiyalar Parkı və ölkəmizin ilk və tək Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan Smart Home şirkəti Elektron Dezinfeksiya Tuneli istehsalına start verdi. Sözsüz ki, ölkəmiz bu müəssisələrin fəaliyyətə başlaması ilə kifayətlənməyəcək, tibbi sənayenin inkişafı ilə bağlı mövcud potensial dəyərləndirilərək yeni istehsal sahələrinin yaradılması üçün də addımlar atılacaq. 

-Maraqlıdır. Ciddi rəqiblər arasında qələbə qazandınız. Necə oldu ki, seçkiyə qatılmaq yönündə qərar verdiniz ve qələbə sizinlə oldu?

-Nəzərinizə çatdırım ki, mən seçkiyə təmsil olunduğum Yeni Azərbaycan Partiyasının namizədi kimi qatılmışdım. Deputat seçildiyim 44 saylı Sumqayıt – Xızı seçki dairəsindən çox sayda namizədlər var idi. Bu da seçki mühitinin demokratik olmasından xəbər verirdi. Seçkilərdə qələbə qazanmağımın əsas səbəbi ölkənin hakim partiyasından namizədliyimin irəli sürülməsi, həmçinin uzun müddət dogma Sumqayıt şəhərində pediatr kimi fəaliyyətimi qeyd edərdim. Eyni zamanda doğru seçki kampaniyasının aparılması, vətəndaşlarla mütəmadi görüşlər, sosial şəbəkə üzərindən aparılan təbliğat – təşviqatın da mühüm rolu olmuşdur.

-Millət vəkillərinin fəaliyyəti sosial şəbəkələrdə ciddi müzakirə obyekti olaraq qalır. İctimai qınaqdan çəkinmirsiniz ki?

-Qətiyyən. Qeyd etdiyim kimi, namizədliyimin qeyd alındığı gündən sosial şəbəkədə səhifəmiz fəaliyyət göstərib. İnsanların təklif və problemləri araşdırılıb. Onlara operativ cavab verilib. İndi də bu proses davam edir. Sosial şəbəkə günümüzün ayrılmaz hissəsidir, reallığıdır. Ona görə də orada da fəaliyyətimizi qura bilmişik.

-Dünyanı bürüyən koronavirusla sizin mübarizə üsullarınız maraqlıdır.

-Koronavirusun yayılmasının qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanılması çox önəmlidir. İkinci əsas məsələ isə qoruyucu vasitələrdən istifadədir. İnsanların sıx toplaşdığı ərazilərə yaxınlaşarkən, qapalı məkanlara girərkən, bir-birimizlə kontaktda olarkən maska və əlcəkdən istifadə etməliyik. Eyni zamanda evə geri döndükdən sonra tibbi spirt və digər dezinfeksiyaedici məhsullardan istifadə də mühümdür. Digər vacib məsələlərdən biri isə ehtiyac olmadıqca alış-veriş məkanlarına, ictimai-iaşə obyektlərinə getmək və ictimai nəqliyyatdan istifadəyə məhdudiyyət qoyulmasıdır. Sağlamlıqla bağlı ciddi problem olanda isə tibb müəssisələrinə müraciət edilməlidir. Bunlar da insanların sıx toplaşdığı məkandır. Bu məkanlarda virusdan qorunma qaydalarına sərt karantin qaydalarının tətbiq olunmadığı günlərdə belə diqqətlə yanaşmaq lazımdır.Qeyd etdiyim bu qaydalara riayət olunarsa müsbət nəticələr əldə etmək olacaq.

Ədil Ədilzadə
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!