Əminə Ağazadə: "Sosial şəbəkələr mənim üçün özümü ifadə müstəvim deyil"-MÜSAHİBƏ

2020-06-19 18:05:04 / 4139 dəfə oxunub
57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı Əminə Ağazadə SABAHİNFO.AZ-a müsahibə verib.

-Əminə xanım Avropa Məhkəməsi Ramil Səfərovla bağlı ədalətsiz qərar çıxarıb. Geniş ictimayyətdə müzakirə olunan bu məsələyə sizin münasibətinizi bilmək istərdik.

-Qeyd olunan qərarla hüquqşünas olaraq mən də tanış olmuşam. AİHM həmin qərarla hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadğan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər. Lakin Məhkəmə Ermənistanın əsas niyyətini təmin etməyib. Çünki Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya işin yenidən açılmasını tələb etmir. Eyni zamanda, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”. Əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır. Ramil Səfərovun əfvi ilə bağlı rəsmi Bakının ünvanına səslənən beynəlxalq tənqidi əsassız hesab edirəm. Cənab prezidentimizin də qeyd etdiyi kimi, Ramil Səfərov Avropa Konvensiyası əsasında Azərbaycana təhvil verilib və ölkə konstitusiyası əsasında əfv edilib.

-COVİD-19 virusu ilə bağlı dünya Azərbaycanda cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bu problem az itkilərlə müşahidə olunur. Azərbaycanın koronavirus təcrübəsini necə dəyərləndirərdiniz?

-Hazırda dünyanın ən böyük bəlası olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Belə vəziyyətlərdə əsas məsələ panikaya düşməmək, vəziyyəti dəqiq qiymətləndirmək, operativ və düzgün qərarlar qabul etməkdir. Azərbaycan rəhbərliyi də məhz belə etdi, çevik qərarlarla, bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı. Operativ Qərargah yaradıldı, profilaktik və preventiv tədbirlər görüldü, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüskarlığı ilə atılan addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı. Belə ki, bütün təhsil müəssisələrində dərsləri təxirə salındı, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən ölkənin ümumtəhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanıldı, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Hazırda koronavirusun yoxlanması üçün pulsuz mütəşəkkil testlər aparılır. Koronavirusun dünyada sürətlə yayılması və qonşu ölkələrdə meydana çıxması ilə əlaqədar Azərbaycanda COVID-19-la mübarizə üçün xüsusi və səyyar laboratoriyalar yaradılıb. Dövlətin dəstəyi ilə tibbi maskalar istehsal edən müəssisələr açılır. Bu, həm də büdcəni artırmaq üçün dövlət siyasətinin bir hissəsidir ki, daha sonra pulu koronavirusla mübarizəyə xərcləyə bilsin. Mən bu təcrübəni müsbət qiymətləndirirəm və hesab edirəm ki, sadalanan tədbirlər və aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına ümid yaradır. Onu da qeyd edim ki, Azərbaycanın indiyə qədər olan təcrübəsi bir çox dövlətlər tərəfinədn də öyrənilir, bununla bağlı müxtəlif ölkələr tərəfindən çoxsaylı müraciətlər olub.

-Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi hökumətin prioritet elan etdiyi sahələrdəndir. Ötən günlərdə də "Qobu 3” Yaşayış Massivi istifadəyə verildi. Bu təbəqədən olan insanlarla bağlı həyata keçirilən işləri necə şərh edərdiniz?

-Bildiryiniz kimi mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. "Qobu Park-3” yaşayış kompleksində ümumilikdə 1336 ədəd 1,2,3 və 4otaqlı mənzillər inşa edilmiş, bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilmişdir. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, "Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşamalarını nəzərə alsaq, onların indiki yaşayış yerləri təbii ki, bu, ailələrə böyük sevinc bəxş edəcək. Hesab edirəm ki, "Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi ölkə başçısının məcburi köçkün olan vətəndaşlarımıza xüsusi diqqət və qayğısının ən bariz nümunəsidir.

-Əminə xanım. Azərbaycanın beynəlxalq aləmdə təmsil edən deputatlardansınız. Azərbaycanı beynəlxalq səviyyədə tanıdılması, Azərbaycan reallıqlarının dünyaya çatdırılması yönündə nə kimi təklifləriniz var?

-Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın səviyyələri, coğrafi mövqe, milli-tarixi ənənələr, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasət prizmasından milli maraqlar konsepsiyasında cəmləşir. Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən çoxvektorlu müstəqil xarici siyasəti özünün konseptual bazisinə malikdir. Təməl ideyalar əsasında formalaşdırılmış həmin bazis ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə Prezident olduğu dövrdə yaradılmışdır. Onun zəngin həyat və siyasi təcrübəsindən irəli gələn optimal qərarlar qəbul etmək bacarığı, intuisiyası və uzaqgörənliyi - bütün bunlar xalqın strateji məqsədlərinə xidmət edən intellektual və mənəvi-siyasi arsenaldır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir ki, ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Azərbaycan geniş Xəzər və Qara dəniz bölgəsində baş verən strateji siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir regional liderə çevrilmişdir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu olaraq imkanları getdikcə artmışdır. Qeyd olunan bu iqtisadı uğurlarla yanaşı təəssüf hissi ilə onu da deməliyəm ki, hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Məhz bu səbəbdən də qarşıda qoyulan məqsəd dünya ictimaiyyətini Qarabağ barədə obyektiv, dolğun və dürüst məlumatlandırmaqdan ibarət olmalıdır. Biz dünyaya daha yığcam, lakin əhəmiyyətli məlumatlar çatdırmalı və erməni tərəfinin yaydığı yalanları təkzib etməli, dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tam və obyektiv məlumat verməli, Ermənistanın öz işğalçı siyasətinə son qoyması üçün dünya ölkələrinin diqqətini məhz bu məsələyə yönəltməyə səy göstərməliyik.

-Seçicilərinizin nə kimi problemləri var? Onlarla ünsiyyət və görüşlərinizi necə tənzimləyirsiniz?

-Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması dövlət siyasətinin preoritet istiqamətlərindən biridir. Hüquqi dövlətdə və vətəndaş cəmiyyətində hökumətin və parlamentin üzərinə düşən əsas vəzifələrdən biri insanlara layiqli həyat şəraitininin yaradılmasıdır. Burada insanlar üçün ən önəmli məsələlərdən biri onların sosial müdafiəsidir. Layiqli həyat dedikdə daha çox insanların sosial müdafiəsi nəzərdə tutulur. Dövlətin iqtisadi və sosial siyasəti elə qurulmalıdır ki, o, nəticə etibarilə insanların maddi və mənəvi ehtiyaclarının ödənilməsini ən azı minimum standartlar səviyyəsində təmin etsin. Ölkə başçısının hər bir vətəndaşa göstərdiyi xüsusi diqqət və qayğını nümunə alaraq, mən də öz növbəmdə deputat seçildiyim Kürdəmir rayonunda əvvəlcədən tərtib etdiyim qrafik üzrə seçicilərimlə mütəmadi olaraq məhsuldar görüşlər keçirir, müraciət edən hər bir vətəndaşı şəxsən qəbul edir, onların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək, həmçinin məişət və digər problemlərini diqqətlə öyrənərək, həlli yolunda kəsərli addımlar atmağa səy göstərirəm. Qeyd edim ki, əhalinin aztəminatlı, sağlamlıq imkanları məhdud olan insanlarının, pensiyaçıların və yardıma ehtiyacı olan digər sosial qrupların sosial müdafiəsi bir deputat olaraq mənim üçün əsas prioritetdir. Sevinc hissi ilə deyə bilərəm ki, vətəndaşlarla hər bir görüşüm son dərəcə məhsuldar və səmərəli keçir.

-Prokurorluq orqanlarında fəaliyyətiniz olub. Yeni baş prokurordan gözləntiləriniz nədən ibarətdir?

-Prokurorluq orqanlarının əsas hədəfi qanunun aliliyinin təmin olunmasıdır. "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir”. Bu sözlər Ulu Öndər Heydər Əliyevin prokurorluq haqqında dedikləridir. Bildiyiniz kimi mən uzun müddət prokurorluq orqanlarında xidmət etmişəm, həmin orqan bu gün də mənim üçün doğmadır. Xidmət etdiyim bütün dövrlərdə prokurorluq orqanlarına dövlət qayğısının diqqətdə saxlanıldığının, qurumun fəaliyyətinə yüksək dəyər verildiyinin, həssas münasibət bəslənildiyinin daima hiss etmişəm. Hesab edirəm ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bundan sonra da dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, fəaliyyətinin ölkədə qanunçuluğuna əməl olunmasına səfərbər edilməsində səylərini daim artıracaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı əsasında mayın 1-də Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru təyin edildi. İnanıram ki, yeni Baş prokurorun prokurorluq orqanlarında uzun illər ximətinin nəticəsində əldə etdiyi böyük təcrübə imkan verəcək ki, prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi və islahatların dərinləşməsi istiqamətində bir çox əhəmiyyətli addımlar atılsın. Hesab edirəm ki, bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac vardır. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Kamran Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında çox böyük uğurlar qazanacaqdır. Əminəm ki, prokurorluq orqanları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət qurumları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.

-Sosial şəbəkədə hesabınız olsa da digər həmkarlarınız kimi aktiv deyilsiniz. Bu sosial şəbəkəyə marağın az olmasından irəli gəlir ya necə?

-Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Sosial şəbəkələrə maraq gündən-günə artır. Virtual məkan genişləndikcə mövcud olan sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsi ilə bir çox məsələlər həll edilir. Hesab edirəm ki, sosial şəbəkələrdən qarşıya qoyduğumuz faydalı məqsədlər üçün istifadə olunmalıdır. Maraqlandığım mövzularda araşdırma aparmağa sosial şəbəkələr çox köməklik edir. Əvvəlki dövrlərlə müqayisədə indiki dövrdə istənilən məlumata asanlıqla çatmaq olur. Sosial şəbəkədə hesabım olsa da demək olar ki, çox az hallarda ondan istifadə edirəm.

-Növbəti sualımız da sosial şəbəkələrlə bağlı olacaq. Kiçik araşdırma nəticəsində məlum olur ki, sizə yazılan şərhlərə cavab vermir, layk etmirsiniz. Bunun səbəbi nədir?

-Qloballaşan dünyada internet müasir insanının əsas məlumat mənbəyi hesab olunur. Mənim üçün sosial şəbəkələrin bir sıra önəmli rolu var. Birincisi, əsas informasiya qaynağımdır. Bir çox müxtəlif sahələr üzrə peşəkar insanların paylaşımlarını birbaşa öz qaynağından oxuyuram. Vəsait ödəmədən, vaxt itirmədən, xüsusi axtarış etmədən sosial mediaya buradan asanlıqla çata bilirəm və müstəqil medianın sıradan çıxarıldığı bir mühitdə azad informasiya almaq ehtiyacını buradan qarşılayıram. İkincisi, Ölkənin ictimai-siyasi kəsimini yaxından tanımaq, dəyərləndirmək, əlaqə yaratmaq üçün də bənzərsiz imkandır. Cəmiyyətin sosial, siyasi, ideoloji, psixoloji portreti bu məkanda çox aydın əks olunur. İnsanların müxtəlif statuslar ətrafında apardığı məişət, ictimai, siyasi, tarixi, hüquqi müzakirələri izləyərək yanaşmaları öyrənir və nəticə çıxarıram. Lakin düşünürəm ki, sosial şəbəkələr mənim üçün özümü ifadə müstəvim deyil. Bu səbəbdən də sosial şəbəkələrdə mənə yazılan şərhlərə cavab verməməyə üstünlük verirəm.

-Son olaraq xanım deputatlar arasında ən çox səs toplayan deputatsınız. Qələbə sirrlərini oxucularımızla bölüşmək istəyərdinizmi?

-Həyatda nəyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqli olmaq, etdiyiniz işin yaxşı nəticəsini görmək – bütün bunları elə uğur, müvəffəqiyyət adlandırmaq olar. Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır, irəliyə getmək stimulu sizi idarə etməlidir. İnsan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməli, başladığı işi sona çatdıracaq qədər qərarlı olmalı, ona etibar edənləri pis vəziyyətdə qoymamalı və az da olsa yaradıcı olmalıdır. Bu xüsusiyyətlərə malik olan hər bir şəxs hesab edirəm ki, həm iş həyatında həm də şəxsi həyatda mütləq qələbə qazanacaqdır. Ədil Ədilzadə
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!