"Ordumuzu müqəddəs və şanlı bir missiya gözləyir"

2020-06-26 18:43:40 / 5179 dəfə oxunub
Mövcud tarixi şərait onu göstərir ki, bu gün güc hüququ üstələyir. Belə olan halda beynəlxalq hüququn prinsipləri, insan hüquq və azadlıqlarına dair intertələblər yalnız gücü olana münasibətdə səmərəli meyara çevrilib. Gücsüz ölkələrə münasibətdə isə insan hüququ, güclülərin və onların cəmləşdiyi klubların təzyiq vasitəsidir. Əlbətdə bu ədalətli deyil.

Prezident İlham Əliyevin ötən il Valday Beynəlxalq Müzakirə Klubunun iclası ərəfəsində verdiyi müsahibədə dediyi kimi "BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir.”

İstər peşəkar çekist və dahi siyasətçi kimi ümummilli Lider Heydər Əliyevin, istərsə də təcrübəli diplomat-alim kimi İlham Əliyevin hakimiyyəti illərində rəsmi Bakı bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edib və bu gün də həmin mövqe dəyişməyib. Təəssüf ki, cənab İlham Əliyevin özünün dediyi kimi, "dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür.” Lakin zaman keçir və Azərbaycan aparıcı ölkələrinin öz məsuliyyətlərini lazımınca dərk edəcəyi günü gözləyə bilməz. Bir sözlə istər ərazilərinin işğalda qalması, istər BMT-nin Təhlükəsizlik Şurası kimi ali təsisatın hərəkətsizliyindən doğan mövcud status-kvo təbii ki, Azərbaycanı qane etmir.

Bütün bunların fonunda diqqət orduya fokuslanır. Artıq işğal altındakı torpaqlarımızın azad olunmasında xalqın ümid yeri Silahlı Qüvvələrimizdir və hər kəs Ali Baş Komandanın "vur” əmrini gözləyir. Ondan başlayaq ki, orduya və əsgərimizin gücünə, habelə silahlı qüvvələrin peşəkarlığına bu cəmiyyətdə ən cüzi formada da olsa şübhə yoxdur.

Aprel döyüşlərində ordunun gücü ilə birlikdə bundan daha vacib olan cəmiyyətin döyüş ruhu da testdən keçirildi. Xalq böyükdən kiçiyə müharibəyə hazırdır.

Üstəlik bu ruh quru pafosa, diletant siyasi təbliğata əsaslanmır, Azərbaycan Respublikası ən müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqini həyata keçirməklə nəhəng hərbi-sənaye dövlətinə çevrilməkdədir. Sonuncu beynəlxalq reytinqə əsasən, Ordumuz dünya miqyasında öz potensialına görə ilk 50-likdə qərarlaşır. (Müqayisə aparmaq bizə yaraşmasa da, deyək ki, ermənilər iki dəfə daha geridə - 111-ci yerdədir)
Düzdür, Azərbaycan hakimiyyəti problemin diplomatik yolla həllinə həmişə açıqdır, əlavə qan tökülməsi istənmir. Lakin, ən vacibi odur ki, mövcud hakimiyyət sülhün yeganə yol olması iddiasında deyil, ölkədə bu kimi eyforiyalarla cəmiyyətin müharibə əzminin qırılmasına yol verilmir, əksinə diplomatiyamızın qarşısına ali baş komandan tərəfindən hücum missiyası qoyulub. Artıq beynəlxalq tədbirlərdə hər kəsin gözü önündə Ali Baş komandanın özü erməni baş nazir Nikol Paşinyanı tarixi faktlar, diplomatik manevrlər və ədalətli tərəf olmaqdan doğan üstünlük, habelə güclü ordunun yaratdığı arxayınlıqla "əzməyi” adi hala çevirib.
Artıq Azərbaycanın tələbləri 90-ci illərin "Qarabağı qaytaraq” istəyi ilə məhdudlaşmır. Başa düşən düşür ki, bu gün rəsmi Bakının hədəfi Dağlıq Qarabağ və işğaldakı ətraf rayonlar deyil, İlham Əliyev tarixi ədalətin bərpasına – İrəvan, Zəngəzur, Dərələyəz, Amasiya, habelə İrəvan xanlığına daxil olan digər ayrılmaz ərazilərimizin böyük vətənə birləşdirilməsinə çalışır. Artıq Dağlıq Qarabağ və işğal altındakı rayonların azad edilməsi bizim böyük hədəfimizin yalnız ilk mərhələsidir. Bunu bütün dünya görür və başa düşür, belə olmasaydı Avropa İttifaqı kimi "sülh carçısı” Azərbaycanın güc tətbiqi imkanını tanıdığını və dəstəklədiyini rəsmən bəyan etməzdi. Görünən odur ki, gücümüz artıqca hədəflər genişləndikcə bizimlə hesablaşanlar da artmaqdadır! Bu işdə ən əsas güc, ən şərəfli missiya təbii ki, Azərbaycanın şanlı ordusunun üzərinə düşəcək. Görün bizim ordunu, şəxsi heyəti nə qədər müqəddəs və şanlı bir missiya gözləyir! Həqiqətən də nə xoş bu gün bu orduda xidmət edənə!
Nə bəxtəvər bu gün orduya getməyə yaşı çatana, nə xoşbəxt o insana ki, istənilən an ikinci dəfə orduya çağrılması üçün ehtiyatda gözləyir! Allah bizə bu ideallar uğrunda ölüb-öldüməyi nəsib etsin! Ordu günümüz mübarək!

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!