Aydın Hüseynov: Milli Məclis uğurlu fəaliyyəti ilə yeniliklərə imza atdı

2020-07-03 15:03:40 / 3111 dəfə oxunub

VI çağırış Milli Məclisin ilk sessiyasının fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki qanunverici orqan ölkəmizdə həyata keçirilən islahatlar prosesinə uyğun quraraq üzərinə düşən vəzifələrə layiqincə əməl edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Prezident İlham Əliyevin yeni parlamentin ilk iclasında deputatlar qarşısında proqram xarakterli çıxışının yeni Milli Məclisin fəaliyyətinin yüksək səviyyədə qurulmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edən deputatın sözlərinə görə, ilk 4 ayda bir sıra yeniliklərə imza atılıb.

A.Hüseynov bildirib ki, yeni Milli Məclis bir sıra yenilikləri ilə seçilib: "Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Milli Məclisə qadın siyasətçi sədr seçildi. Parlamentdə deputat çoxluğu Yeni Azərbaycan Partiyasına məxsus olsa da sədr müavinləri, bəzi komitələrin rəhbərləri vəzifələrinə digər partiyaların və bitərəf deputatların təmsilçiləri seçildilər. YAP-ın deputatı, professor Sahibə xanım Qafarova Milli Məclisin sədri kimi ilk vaxtlardan demokratik prinsiplərə söykənən idarəetmə qabiliyyəti və təşəbbüskarlığı ilə seçildi. Sahibə xanım ilk iclasdan başlayaraq parlamenti tam demokratik və plüralist şəkildə idarə etməyə başladı və bir sıra yeniliklərə qədəm qoydu.

Ötən müddət ərzində Milli Məclisin beynəlxalq əlaqələri xeyli genişləndirildi. Prezident İlham Əliyevin deputatlıq fəaliyyəti dövründə təməli qoyulan Milli Məclisin xarici əlaqələri uğurla davam etdirilir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan A.Hüseynov onu da qeyd edib ki, 2019-cu il Dövlət büdcəsinin icrası müzakirə olunan zaman Maliyyə, İqtisadiyyat Nazirliklərinin, Hesablama Palatasının və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə geniş müzakirələrin aparılması da bu sessiyada son dərəcə müsbət addım oldu. Həm də bu parlamentin uğurlu fəaliyyətinin növbəti göstəricisi kimi tarixə düşdü.

Plenar iclaslarda qanun layihələrinin komitə sədrləri ilə yanaşı, üzvlər tərəfindən də təqdim olunması daha bir yenilik oldu. Sədrin siyasi əqidəsindən və mənsubiyyətindən asılı olmayaraq bütün deputatlara fikir və təkliflərini bildirməsi üçün şəraitin yaratması parlamentin işgüzar nüfuzunun cəmiyyətimizdə durmadan artmasına geniş zəmin yaratdı. Parlamentin mətbuat xidməti bir sıra uğurlu layihələri - Xocalı hadisələri, parlamentimizin xarici əlaqələri və digər aktual məsələlərlə bağlı çağırışları cəmiyyətimiz tərəfindən yüksək qarşılandı".

Deputat vurğulayıb ki, dünyada tüğyan edən ağır və çətin pandemiya dövrünə baxmayaraq parlamentin və komitələrin işində fasilələr, boşluq yaranmadı:

"Hökumətin, Ombudsmanın, bələdiyyələrin, Hesablama Palatasının və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatları dinlənildi.

Ən mühüm və yadda qalan işlərdən biri də Milli Məclisdə qanvermə aksiyasının keçirilməsi oldu. Ölkəmizin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın çağırışına cavab və dəstək olaraq, sədr Sahibə xanım Qafarovanın təşəbbüsü və iştirakı ilə Milli Məclisdə qanvermə aksiyası keçirildi.

İnsanların pandemiya ilə bağlı xüsusi karantin rejiminin tələblərinə və şərtlərinə əməl etməsi üçün bir neçə dəfə parlament rəhbərliyi, millət vəkilləri səviyyəsində cəmiyyətə çağırışlar edildi. Bununla bağlı mövcud İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər olundu.

Bundan başqa, üzvü olduğum komitənin təşəbbüsü ilə iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atldı və bu sahədə vacib olan qanunlar qəbul olundu.

Bütün bu fəaliyyət istiqamətləri yeni Milli Məclisin ilk 4 aylıq işinin yüksək qiymətləndirilməsinə və bundan sonrakı dönəmdə də uğurlu fəaliyyət göstərməsinə ciddi əsas yaradır".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!