"Dünya birliyi Azərbaycanın töhfələrini yüksək qiymətləndirir"

2020-07-04 11:58:11 / 4638 dəfə oxunub

"Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Prezident İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı. Daha sonra ölkədə xüsusi karantin rejimi tətbiq edildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, eləcə də sosial dəstək tədbirləri həyata keçirildi. Bunların nəticəsidir ki, dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov deyib.

Deputat qeyd edib ki, koronavirus pandemiyası başlayandan sonra dünya ölkələri birlikdə əməkdaşlıq edərək ortaq çıxış yolu və səmərəli həll yolu tapmaq əvəzinə, daha çox milli səviyyədə ona qarşı mübarizə aparmağa davam etdilər. Sözsüz ki, bu da qlobal səviyyədə təhlükəyə çevrilmiş virus qarşısında dünya miqyaslı mübarizədə boşluq yaratdı. Hazırda koronavirusla mübarizədə dünya liderləri birləşərək vahid qərarlar əsasında planlar tərtib etməli və əsaslı addımlar atmalıdırlar. Belə bir zamanda məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk təşəbbüslər irəli sürüldü. Pandemiya dövründə vətəndaşların sağlamlığının təmin edilməsi üçün əsaslı işlər görən Prezident İlham Əliyev koronavirusla mübarizənin təkcə milli səviyyədə yox, həm də qlobal səviyyədə sıx əməkdaşlıq çərçivəsində səmərəli olması fikrini dəstəkləyir. İlk növbədə, aprel ayında Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn Zirvə görüşü keçirilib. Bu, dünya miqyasında ilk onlayn formatlı Zirvə görüşü olmaqla yanaşı, həm də COVID-19 pandemiyasına həsr edilmiş ilk dövlətlərarası konfrans idi. Bu məqam çox vacibdir, çünki şuranın hazırkı sədri Azərbaycandır və bu təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Bu da Azərbaycanın beynəlxalq səviyyədə problemlə mübarizədə yenilikçi yanaşmalara üstünlük verdiyini göstərir. Həmçinin məlum olduğu kimi, Azərbaycan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına da sədrlik edir. Elə məhz Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, bu görüşdə BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, ÜST-nin Baş direktorunun, Avropa İttifaqı və Afrika İttifaqının yüksək səviyyəli nümayəndələrinin iştirakı ölkəmizin nüfuzunun göstəricisidir. Bundan əlavə, Azərbaycanın pandemiya dövründə istər daxili, istərsə də xarici siyasətdə çevik davranışı və atdığı qətiyyətli addımlar, digər dövlətlərə göstərdiyi humanitar yardımlar beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib.

M.Həsənov vurğulayıb ki, ölkə rəhbərliyi dünyanı əhatə edən koronavirusla mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə qətiyyətli təşəbbüslər irəli sürərək gerçəkləşdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tarixdə ilk dəfə onlayn formada Zirvə görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təşəbbüsünün irəli sürülməsi və bu təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi birmənalı olaraq Azərbaycanın və dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzunu göstərir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından Baş Assambleyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb və bu, BMT üzvləri tərəfindən yüksək dəyərləndirilib. Qaydalara əsasən 97 ölkənin səsinin kifayət etməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsə 130 ölkədən müsbət münasibət göstərilib. Bu rəqəm heç də kiçik rəqəm deyil. Təşəbbüsü 130 ölkənin dəstəkləməsi Azərbaycana beynəlxalq miqyasda etimad və inamın bariz göstəricisidir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!