Müşfiq Məmmədli seçiciləri ilə görüşüb

2020-07-12 18:44:44 / 1376 dəfə oxunub
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli bu həftə seçildiyi - 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi üzrə ərazilərə baş çəkib, insanların gündəlik qayğıları ilə maraqlanıb.
İlk olaraq Sumqayıt şəhərində yerləşən Yaşma bağları ərazisinə gələn millət vəkili insanları ən çox narahat edən su problemi ilə yaxından tanış olmuşdur. Bağlar ərazisinə verilən suyun mənbəyinə qədər gələn Müşfiq Məmmədli yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq qurumlarla əlaqə saxlamış, bu problemin həll olunmasının vacibliyini onların diqqətinə çatdırmışdır.
Daha sonra Xızı rayonu, Şorabad qəsəbəsinə yollanan deputat sakinlərlə görüşmüş, qəsəbənin problemləri ilə maraqlanmışdır. Öncə M.Məmmədli qəsəbənin məscidinə baş çəkmiş, burada gedən təmir işləri ilə tanış olmuşdur. Sakinlərlə açıq hava şəraitində, karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə Xızı Rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Əzizov da iştirak etmişdir. Vətəndaşlarla görüş əsnasında qəsəbə sakini Abbasova Nigar Ağaəli qızının məşğulluqla bağlı etdiyi müraciət dinlənilmiş, məsələnin həll olunması üçün RİH rəsmisi A.Əzizov müvafiq quruma göstəriş vermişdir. Digər sakin Şorabadın mərkəzində drenaj sistemindəki problem haqqında məlumat vermiş, əraziyə baxış keçirildikdən sonra millət vəkili aidiyyəti qurum qarşısında məsələ qaldırmış, bu problemin də tez bir zamanda həll olunması üçün RİH tərəfindən vəd verilmişdir. Bununla yanaşı, qəsəbədə təcili tibbi yardım xidmətinin fəaliyyət göstərməsi, kənd məhsullarının satışını həyata keçirmək üçün nəqliyyat vasitəsinin və icazənin alınması, həmçinin qəsəbənin işıqlandırılması üçün Müşfiq Məmmədliyə müraciət edilmişdir.
Xızı rayonuna səfəri zamanı millət vəkili Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin ev muzeyinin qarşısındakı əraziyə baxış keçirmiş, məlum olmuşdur ki, sözügedən əraziyə ağacların sulanması üçün su xəttinin çəkilməsinə, həmçinin ərazinin abadlaşdırılmasına ciddi ehtiyac var. Bununla bağlı muzeyin aid olduğu Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlanılmış, problemin aradan qaldırılması üçün təxirəsalınmaz addımların atılmasının vacibliyi vurğulanmışdır.
Müşfiq Məmmədli Xızı Rayon Mərkəzi Xəstəxanasına da gəlmiş, buradakı son vəziyyətlə maraqlanmış, səhiyyə işçilərini, eləcə də sakinləri narahat edən məsələlər haqda xəstəxananın baş həkimi Bəhdaş Nəbiyevlə fikir mübadiləsi aparmışdır. Burada vətəndaş Quliyeva Yeganə Qeno qızının atasına əlillik dərəcəsini ala bilməməsi barədə müraciəti dinlənilmiş, məsələnin həlli ilə bağlı xəstəyə aid olan sənədlərin toplanması və aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara alınmışdır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!