Dövlət büdcəsində dəyişikliklər bizə nə verəcək? - DEPUTATLAR DANIŞDI

2020-08-07 12:50:08 / 4683 dəfə oxunub
Xəbər verdiyimiz kimi hazırda Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi müzakirə olunur.

Bununla bağlı Sabahinfo.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, dövlət büdcəsinə edilən dəyişiklik pandemiyadan insanlarımızın daha az zərərlə çıxmasına xidmət edir: "Koronavirus ölkəmizdə yeni yayılmağa başladığı gündən cənab prezident tərəfindən operativ şəkildə çox mühüm addımlar atıldı. Belə ki, Azərbaycanda koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi problemlərin həlli üçün 2,5 milyard manat vəsait ayrılıb. Bilirsiniz ki, əvvəl 190 manat birdəfəlik müavinətin 200 min insana verilməsi nəzərdə tutulurdusa, cənab prezidentin göstərişi ilə bu rəqəm 600 minə qaldırıldı. Bundan əlavə aztəminatlı ailələrin övladlarının təhsil haqları dövlətimiz tərəfindən ödənildi. Yaranmiş vəziyyətdən istifadə edib, işçiləri ixtisar etməyən sahibkarlara yardımlar edildi. İşçilərin maaşları dövlətimiz tərəfindən ödənildi. Hazırda bilirsiniz ki, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi müzakirə olunur. Belə ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə əlavə olaraq 800 milyon manat köçürülməsi nəzərdə tutulur. Dövlət büdcəsinin gəlir və xərclərindəki artımlar pandemiyanın təsirlərini azaltmaq məqsədi daşıyır”.

Deputat qeyd edib ki,təklif olunan yeni layihədə pandemiya ilə əlaqədar olaraq dövlət büdcəsinə iki yeni maddənin əlavəsi nəzərdə tutulur: "Belə ki, dövlət sektorunda çalışan şirkətlərin dəstəklənməsi üçün büdcədən 136 milyon, özəl sektor üçün isə 100 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur. Sosial təminat, müdafiə, səhiyyə istiqamətində xərclərin həcmində artımlar olacaq. Bütün bunlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən atılan addımların əsas məqsədi insanlarımızın sağlamlığının qorunması ilə yanaşı ölkəmizdə sahibkarlığın inkişafı və vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasıdır”.

Deputat Ceyhun Məmmədov isə vurğulayıb ki,dünən Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilib: "İclasda 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı məsələlər müzakirə edilib. Bu məsələlər indiki dövrdə koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri, həmçinin neftin qiymətinin dünya bazarında aşağı düşməsi baxımından zəruridir: "Mart ayından etirabarən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə iqtisadi həyatın zəifləməsinə səbəb olub, müxtəlif sahələrin inkişafına mənfi təsir göstərib. Təklif olunan layihəyə görə, büdcə gəlirləri üzrə proqnoz 10,5 milyon manat azaldılaraq 24 134,5 milyon manatdan 24 124 milyon manata endirilir, xərclər üzrə proqnoz isə 597,5 milyon manat artırılaraq 26 894,7 milyon manatdan 27 492,2 milyon manata qaldırılır. Bu dəyişikliklərin xüsusilə hazırkı pandemiya dövründə bir sıra müsbət nəticələri olacaq. Belə ki, kiçik və orta sahibkarlara, pandemiyanın ziyan vurduğu müxtəlif sahələrə, əhalinin həssas qruplarına dövlət tərəfindən dəstəyin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması əlavə maliyyə təminatının yaradılmasını zəruri edib. Həmçinin bura əlavə səhiyyə xərclərini də aid etmək olar. Koronavirusun nə zaman bitəcəyi, dünyanın bundan nə zaman xilas olacağı bəlli deyil. Proqnozlaşdırılmamış əlavə səhiyyə xərclərinin olacağı da gözləniləndir”.

Deputat söyləyib ki, insanlarımızın sosial vəziyyəti hər zaman dövlətimizin nəzarətindədir: "Əhalinin məşğulluq səviyyəsinin artırılması, onların işlə təmin olunması, həssas qruplara qarşı olan diqqət və qayğı dövlətin apardığı sosial siyasətin ən bariz nümunəsidir. Diqqət çəkən bir nüans isə işsizlik probleminin aradan qaldırılması yolunda görülən işlərdir. Yeni iş yerlərinin açılması, əhalinin işsizlik probleminin tədricən aradan qaldırılması məsələsi daim gündəmdədir. Xüsusilə şəhid ailələrinə olan diqqət və qayğı, onların evlə təmin olunması, sosial təminatının yaxşılaşdırılması ən vacib məsələlərdəndir. Cənab prezident əksər çıxışlarında diqqəti buna çəkir və onların yaşayış imkanlarının artırılması üçün müvafiq tapşırıqlar verir. İslahatlar mütəmadi aparılır və miqyası genişlənir. Bu islahatların hər biri vətəndaşlarımızın rifah halının yüksəldilməsinə xidmət edir. Bu, bir daha onu sübut edir ki, dövlət daim öz vətəndaşının yanındadır və onun yaşayış imkanlarının artırılması onun nəzarətindədir. Təbii ki, büdcəyə edilən dəyişikliklər nəticəsində növbəti illərdə də müvafiq addımlar atılacaq. Əminik ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşacaq”


Son xəbərlər
Etibarın itməsi...
2020-09-23 15:31:02
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!