Dövlət Xidməti İsmayıllıda tapılan abidə barədə məlumat yaydı

2020-08-12 17:14:23 / 26076 dəfə oxunub
İsmayıllı rayonunda yol tikintisi zamanı maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Sabahinfo.az -a verilən məlumata görə, Dövlət Xidmətinin əməkdaşları ərazidə olaraq aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.

Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi-mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.

Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.

Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların verəcəyi rəy əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək.

Dövlət Xidmətinin əməkdaşları həmçinin İsmayıllı rayonunun Xan kəndində yerləşən Xan qalasına da baxış keçirib, abidənin vəziyyəti ilə maraqlanıblar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!