Ölkə və Avropa çempionu, iki erməni rəqibinə qalib gələn Ümid Rüstəmovun Olimpiya zirvəsinə yüksəlməsinə kimlər mane oldu?

2020-09-08 13:39:06 / 4516 dəfə oxunub
Dünya Kubokunun qalibinə yönələn qısqanclığın kökündə nələr dayanırdı?

Dünya yaranandan ədalətsizlik, haqsızlıq olub. Bu gün də var və görünür gələcəkdə də olacaq. Təbii ki, bu, bəlli səbəblərdən baş verir. Şər qüvvələrlə mübarizə aparmaq isə kimsəyə asan gəlməsin. O da ola 24 yaşlı gənc bir idmançı…

Elə söhbətimizdə də həmin boksçunun - Ümid Rüstəmovun idmanda əldə etdiyi uğurlardan və ona qarşı edilən haqsızlıqlardan söhbət açacağıq.

Sizi onunla tanış etməzdən əvvəl xəyallar məni ötən əsrin 70-ci illərinə apardı. Onda Sovet İttifaqı dünyaya meydan oxuyan iki ölkədən biri idi. Və sovet ideologiyası ölkədə hər şeyin ideal dərəcədə olduğunu, ədalətsizliyə qarşı barışmaz mövqe sərgilədiyini bəyan edirdi. Təbii ki, əsl həqiqət deyilənlərdən çox-çox uzaq idi…

Mən yüzlərlə, minlərlə misal gətirə bilərəm. Güman edirəm ki, buna ehtiyac yoxdur. Sadəcə, Ümid Rüstəmovla bağlı haqsızlıqdan söhbət açacağıma görə kiçik bir haşiyə çıxmaq istəyirəm. Yaşlı nəsildən olanların hafizəsində olar: O dövrdə Bakının "Neftçi” futbol komandası indiki dillə desək, yüksək liqada ("A” qrupunda) çıxış edirdi. Bəziləri elə bilir ki, erməni millətçiləri o zamanlar dinc oturmuşdu. Əsla yox! Onlar bütün zamanlarda bizim ayağımızın altını qazıblar.

Həmin illərdə ermənilər öz nümayəndələrini - Nikita Simonyanı SSRİ Futbol Federasiyasında məsul bir vəzifəyə yerləşdirə bilmişdilər. Və həmin Simonyan bütün iyrənc vasitələrlə "Neftçi”nin uğurlarının qarşısını almağa çalışırdı. Belə haqsızlıqlar digər idman növlərində, o cümlədən boksçularımıza qarşı da olub və bu barədə hörmətli professor, beynəlxalq dərəcəli hakim Ağacan Abiyev daha yaxşı danışa bilər.

Mən bunları əbəs yerə demədim. Bir var zərbə, bir də var arxadan vurulan zərbə… Təbii ki, söhbət Ümid Rüstəmovun özümüzkülərdən aldığı zərbədən gedir. Necə, nə cür, nə vaxt?

Səbirli olun və bu barədə bir qədər irəlidə söhbət açacağıq. Hələliksə, siz oxucuları idman ustadı, yeniyetmələr arasında Avropa çempionu, habelə Dünya Kubokunun qalibi olmuş bir gənclə tanış etmək istəyirəm.

Bütün varlığıyla idmanın boks növünə bağlanmış bu gənc 1996-cı ildə Bakıda anadan olub. 123 saylı orta məktəbi bitirib. 9 yaşından Daxili İşlər Nazirliyinin idman cəmiyyətində əməkdar məşqçi Yadigar Məmmədovun bölməsinə yazılıb (Yadigar müəllim bu gün də onun məşqçisidir).

Bəs təhsil? Söhbət zamanı o, bildirdi ki, mən doğrudan da iki yol ayrıcında qalmışdım. "Təhsilimin dalınca getsəydim, idman sahəsində uğurlarımın üstündən xətt çəkməli idim. Nəhayət, boksa olan sevgim seçimimdə öz rolunu oynadı”.

Çox keçmədi ki, Ümid ona olan ümidləri doğrultmağa başladı. 12-13 yaşında ikən Lənkəranda gömrükçülərə aid bir turnirdə 35 kq çəki dərəcəsində qalib adını qazandı.

Beynəlxalq səviyyədə rinqə 2013-cü ildə çıxdı. Soçidə - Anapa şəhərində yeniyetmələr arasında Avropa çempionatı. Həmin yarışlarda həmyerlimizin ilk rəqibi ukraynalı idi. Onu məğlub edən Ümid sonra irlandiyalı rəqibinə qalib gəldi. Növbəti mərhələdə ermənistanlı idmançını sıradan çıxaran istedadlı boksçumuzu finalda yenə erməni idmançı ilə döyüş gözləyirdi (rəqib Gürcüstanı təmsil edirdi).

Açığı Ümidin son iki rəqibi ilə döyüşlərdə hansı hisslər keçirdiyini göz önünə gətirmək elə də çətin deyil. "Sevincimin həddi-hüdudu yox idi. Həm Avropa çempionu oldum, həm də iki erməni rəqibimə qalib gəldim. Təsəvvür edin: Azərbaycanın bayrağı dalğalanır, məyus olmuş ermənilər isə zalı tərk edirlər…

Ümid bunun ardınca Rumıniyada gənclər arasında Avropa üçüncüsü oldu. sonra 56 kq çəki dərəcəsinə keçən Ümid böyüklər arasında Azərbaycan çempionu adını qazandı (o, bu ada iki dəfə layiq görülüb).
İdman karyeasını uğurla davam etdirən həmyerlimiz 2017-ci ildə daha bir sevinc yaşadı. Belarusda keçirilən yarışlarda o, Dünya Kubokuna sahib çıxdı.

Söhbət zamanı ondan soruşuram: "Rinqə çıxmazdan əvvəl həyəcan olurmu?” Gülümsünür və deyir: "Əlbəttə, olur. Ümumiyyətlə, bu əksər idmançılarda olur. Amma yaxşı hazırlığın varsa, özünə güvənlik artır, həyəcan da azalır. Hətta Məhəmməd Əli də deyirdi ki, döyüş ərəfəsində onda da həyəcan olurmuş”.

Yeri gəlmişkən, adı çəkilən ünlü boksçu Ümidin kumiridir. Dediyinə görə, döyüş taktikalarında da yaxınlıq çoxdur. Təəssüf ki, sonrakı mərhələdə, yəni Olimpiya zirvəsinə gedən yolda gözlənilmədən onun yoluna "iri bir daş” yuvarlatdılar. Çox təəssüf!

Yaxşısı budur, Ümidin özünü dinləyək: "57 kq çəki dərəcəsində millidə lider idim. londonda lisenziya xaraterli yarışlara hazırlaşırdıq. Tailandda, Tükiyədə yığmanın tərkibində təlim-məşq toplanışlarına da mən getmişdim. Bakıya qayıdandan sonra gözlənimədən mənə dedilər ki, Londona sən yox, filankəs gedəcək. Mən etika xatirinə həmin idmançının adını çəkmirəm. Halbuki, mən ölkə çempionatında ona qalib gəlmişdim. Məntiqə baxın: federasiyada bunu həmin boksçunun reytinqi ilə əsaslandırdılar. Mən də soruşuram: reytinqin mətləbə nə dəxli? Axı, vaxtilə Məhəmməd Əli kimi bir "əjdaha”nın da reytinqi çox yüksək idi. Amma o, Co Frezerə məğlub oldu…

Xülasə, başa düşdüm ki, bundan sonra mənim üçün çətin olacaq. Artıq bilirdim ki, həmin boksçunun çox yüksək vəzifədə olan qohumu var. Bundan əlavə, adını çəkmək istəmədiyim konkret himayədar da öz işini görür…”.

Öyrənirəm ki, həmin boksçumuz bu ilin əvvəllərində Londonda keçirilən turnirdə Olimpiya oyunlarına lisenziya qazanıb. Çox gözəl, çox pakizə. Bəs gənc və perspektivli idmançımız Ümid Rüstəmov necə olsun? Onun haqqına girmək nə dərəcədə ədalətlidir?

Taleyin ironiyasına bax ki, pandemiya səbəbindən 2020-ci il Tokio olimpiadası bir il təxirə salındı. Təbii ki, buna heç kim, eləcə Ümid də sevinmir. Yeri gəlmişkən, lisenziya qazanan həmin həmyerlimizə də gələcək Olimpiya yarışlarında yalnız uğurlar arzulayırıq. Ancaq bir qədər əvvəl vurğuladığım kimi, bəs Ümidin günahı nə idi?

Hə, əziz oxucular, bütün bunlara baxmayaraq, Ümid ümidsizliyə qapanmır. 62 kq çəki dərəcəsində məşqlərə davam edir və Olimpiya çempionu olacağına inanır. Biz də ona uğurlar diləyirik.

P.S. Söhbətimin əvvəlində demişdim ki, haqsızlıq bütün zamanlarda olub. Elə vaxtilə Ümidin boksda özünə kumir seçdiyi Məhəmməd Əliyə qarşı da. Ancaq rinqdə yox, ABŞ-ın ötən əsrdə Vyetnama qarşı apardığı haqsız müharibəyə etiraz səsini ucaltdığına görə, orada döyüşməyəcəyini bildirdiyinə görə onu az incitmədilər… Zaman isə Əlinin haqlı olduğunu isbatladı.

Qarşı tərəfin də fikirlərini dinləməyə və qeyd eləməyə hazırıq.

Mahir Nemətoğlu
atributinfo.az
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!