Ermənistanın artilleriya batareyası məhv edildi, alay komandirinin müavini yaralandı

2020-10-16 09:22:08 / 667 dəfə oxunub

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 "Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!