Malik Həsənov: İşğalçını bəyanatlarla deyil, adekvat addımlarla cəzalandırmaq gərəkdir

2020-10-19 12:18:53 / 934 dəfə oxunub
"Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq  gecə saatlarında  Gəncə şəhərini növbəti dəfə  raket atəşinə tutdular.  Bu terror hadisəsinin miqyası oktyabrın 10-dan 11-nə keçən gecə törədilən soyqırımı aktından daha genişdir.  Paşinyanın əmri ilə dinc sakinlərin  qətlə yetirilməsinin məqsədi vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq  idi. Lakin bu cəhd tam iflasa uğradı, terror aktı vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə  daha da artırdı.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, düşmənin törətdiyi bu vandalizmin  cavabını  Azərbaycan Ordusu  döyüş meydanında verdi: "Oktyabrın 17-də ölkə  Prezidenti, Ali Baş Komandan İlham Əliyev  xalqa müraciətində  düşmənə döyüş meydanında layiqli cavab verildiyini vurğulayaraq  Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu  ictimaiyyətə çatdırdı.  Qürur doğuran bu xəbərdən bir  gün əvvəl, oktyabrın 16-da  dövlətimizin başçısı  özünün rəsmi "Twitter” səhifəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərinin  işğaldan azad edildiyini paylaşmışdı. Ali Baş Komandan  hər gün xalqımıza yeni-yeni qələbə xəbərlərini çatdırır. Azərbaycan  Ordusu  hər gün işğaldan azad etdiyi torpaqlara üçrəngli bayrağımızı sancır. Cənab İlham Əliyev oktyabrın  18-də "Twitter” səhifəsində  Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdıqlarını, oktyabrın 19-da isə  Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin azad edildiyini paylaşdı.  Qarabağ Azərbaycandır!”
    Millət vəkili vurğulayıb ki, ölkə vətəndaşları yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə  nümayiş etdirir, milli Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər:  "Oktyabrin 17-də xalqa müraciətində "Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev, eyni zamanda,  bu məqamı da  xüsusi qeyd etmişdir ki, biz xoşbəxt insanıq ki, bu sevincli günləri görə bilirik.  "Özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram.  Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq  iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.”
  "Xalqımız  düşmənin heç bir təxribatından qorxmur, mərd-mərdanə şəkildə ədalətli mübarizəsini davam etdirir” bildirən M.Həsənov təhlillər əsasında özlüyündə yaranan   "hazırda  hansı məqamlar daha çox  diqqət çəkir” sualına cavab olaraq bildirib  ki, Gəncə terrorunun arxasında görünən mənzərə işğalçı dövlətin havadarlarının əsl simasını ortaya qoydu: "Hər zaman olduğu kimi, sentyabrın 27-dən bugünədək   dünya  Ermənistanın yürütdüyü faşist ideologiyasının, Azərbaycana qarşı  dövlət terrorizmi və işğalçılıq siyasətinin şahididir, amma seyrçi mövqedə dayanmaqla ikili siyasətini təsdiqləyir. Bu gün də  işğalçını silahlandırmaqdan əl çəkməyən, Gəncə, Mingəçevir kimi şəhərlərimizin atəşə tutulmasına, dinc əhalinin ölümünə və yaralanmasına  verdikləri silahlarla yardımçı olan dövlətlərə də "dur” demək zamanıdır.  Cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Yırtıcı Ermənistan dövləti bizim torpağımızdan çıxsın.”
   M.Həsənov onu da  qeyd edib ki, işğalçı dövlət yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu: "Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Düşmən ilk andan  Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini  minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti açıq-aşkar sülh danışıqlarında maraqlı olmadığını nümayiş etdirir. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına vurulan sarsıdıcı zərbələrin statistikasına nəzər saldıqda sual yaranır - Ermənistan bu qədər silah-sursatı, texnikanı necə əldə edə bilib? İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən və dəyəri 2 milyard dollar olan texnikanı haradan alıb,  bu silahı onlara kim verib və verməkdə davam edir?”
  "Artıq dünyadan işğalçı dövlətə sanksiyalar tətbiq olunmasından çox silahlandırmaya son qoymalarına çağırışlar edilir” söyləyən millət vəkili qeyd edib ki, işğalçını bəyanatlarla deyil, adekvat addımlarla cəzalandırmaq gərəkdir: "Ermənistan özünü cəzasızlıq şəraitində hiss etdikcə  daha da azğınlaşır, yeni ərazilər iddiasına düşərək faşist siyasətini davam etdirir. Ermənistanın törətdiyi vəhşiliyə səssiz qalmaq bu cinayətə şərik olmaq deməkdir.”  
    Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, bu günlərdə  Azərbaycan Prezidenti İlham Əliyevin  və Ermənistanın baş naziri Nikol Paşinyanın  Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri də  informasiya mübarizəsində  ölkəmizin növbəti qələbəsi kimi dəyərləndirildi.  Bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lider, digər tərəfdə isə  öz ölkəsini fəlakətə sürükləyən yalançı,  avantürist, cılız və miskin Paşinyan dayanmaqla dünya kimin kim olduğunu bir daha gördü.
Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!