Böyük Qələbəyə az qalıb, Vətən!

Vətən, gözümüz aydın!..

2020-10-29 12:10:59 / 678 dəfə oxunub

Tarixin dünənləri var ki, ömrünə başlanğıc bilirsən. Bu başlanğıc ruhla bağlıdır. Ruhu ya­şa­dan başlanğıcdır. Bu başlanğıc yaşada-yaşada yaşayır. Yaşaya-yaşaya yaşadır...

        Bu başlanğıcda uşaqlıq var, yeniyetməlik var, gənclik var...

        Ermənistan Zəngilanı işğal edəndə mənim uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi də işğal etmişdi. 27 ildi o yerlərin harayı xəyallarımı dara çəkirdi: "Hardasınız? Niyə bunca lən­­gidiniz?”. Bu haray onsuz da səksəkəli olan yuxularımızda gecələyib. Hamının Zəngilansız ömrünün 27 ili qarışıq yuxu olub. Hamı xəyalında uğura çıxıb, işğal sərhəddində ayaq sax­la­yıb, nəfəs dərmək istəməyib, o nəfəsi Zəngilana saxlayıb. O suallar bizə ünvanlansa da ta­rixə tarixin sualı kimi səslənir. Nə deyəydim? Nə deyəydik?

         İşğalla gələn qadağalar Zəngilan adına uğura çıxanların uğurunu yaralayıb, niyyətini pa­ra­layıb, ruhunu canından aralayıb. Müdafiə nazirliyinin Tədris və Sənədli Filmlər Kino-stu­di­ya­sında bir sənədli film hazırlanmışdı: "Həsrət”. Sənədli filmdə Zəngilana xitabən deyi­lən  "Sən­siz mənə haram olar günüm-anım, Zəngilanım”. Bu misra hər birimizin ruhunun göy üzünə pıçıltısıdı. Günümüzü-ayımızı dilə tuta-tuta, ovundura-ovundura yaşadıq 27 ili. 1993-cü ilin 29 oktyabrın yaralarını 2020-ci ilin 20 oktyabrı qaysaqlatdı. "Gedənlərin geri dönəcək, Zəngilanım!”  – şəhidlərin ruhu belə deyir. "Dönənlərin doğma ocağına, isti bucağına qovu­şa­caq. Dönənlər ocağını ürəyinin közüylə yandıracaq.

        Ağır günlərində Zəngilana can yandıranlardan biri olan Rəşid Faxralı yenə Oxçu çayına şeirlər pıçıldayacaq. Bu dəfə yerə-göyə sığmayan qürurla, qalib əsgərlərimizi bayraq əvəzi göy üzünə dikəldənlərin əhatəsində oxuyacaq Böyük Qələbənin misralarını: Gedənləri Zəngilana sən gətirirsən. Qələbəm. Qələbəm. Böyük Qələbəm!..

       Nə müddətdi Canbarıma, Pirveysə, Günqışlağa, Aşağı Gəyəliyə, Yuxarı Gəyəliyə, Nəcəflərə, Yusiflərə, Seyidlərə, Keçikliyə,  Rəzdərəyə, Şatarıza, Sobuya, Bartaza, Ağbəndə,Vejnəliyə,Yuxari Yeməzliyə, Quyu Dərə Xəştaba, "Süsən”ə, "Əsgülüm”ə, "Şükürataz”a, Leşkara, Altınlıya, Çuxur yurda ... həsrətəm. 27 ildi Turş su, Qotur su,  Xanazur,Vənni, Kotanlar, Palidlı, Həsrət, Mehralı, Quş yuvası,Marıl,Kəlbəlayi Ehsan... bulaqları könül qübarımdı.

    .  Dünyada həsrət qədər ağır heç nə yoxdu. Doğmalığın həsrətini çəkmək ölü­mü dirigözlü görməkdi. Həsrət öldürdürdüyünü öldürür. Öldürə bilmədiyini için-için əridir. Ölümünə yaxınlaşdırır; həsrətdə can almaq qüdrəti də var,  ruhu diriltmək hökmü də.   

       29 oktyabr 1993-cü il. Zəngilanın işğal günü. Zəngilanlıların mənəvi sıxıntılarının başlanğıcı, öz Vətənində qaçqınlıq ağrıları, sıxıntılar...

      Rayon mühasirəyə düşsə də mərdliklə müdafiə olunurdu. Zəngilanı qorumaq, işğalı qıc etmək. yolundan saxlamaq ordu hissələrinin birbaşa vəzifə borcuydu, həmin vaxtlarda əhali də əsgərləşmişdi, əli silah tutanların hamısı əsgərləşmişdi. Ermənistanın ordu hissələrinə qarşı Zəngilan tək döyüşürdü. Çətinliklə də olsa,  hücumların qarşısı alınırdı. Əlverişli yüksəkliklər uğrunda ağır döyüşlər gedirdi. Mərmi, güllə səsləri gecəli-gündüzlü Zəngilanın göylərinin göy­lü­yünə daraşırdı. Döyüşlər bir an olsun belə səngimirdi. Müharibə insanları yeni şəraitə alış­dı­rırdı. Bu alışma torpağın müdafiəsiydi, nəfəsiylə döyüşənləri isitməyiydi, onlara mənəvi dəstək olmağıydı…Gərgin. Çox gərgin günlər yaşanırdı…

           Ermənilər Zəngilana həm Mehri, həm də Qafan tərəfdən hücum edirdilər. Qətiyyət, vətən­se­vər­lik düşmənin niyyətini çilikləyirdi.

         Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal olunması Zəngilanın müda­fi­əsini xeyli çətinləşdirmişdi. Müdafiə xətti çox, lap çox genişlənmişdi. Mərkəzdən də kömək gəlmirdi. Kömək gəldi – bir neçə gün əvvəl Beyləqana aparılmış "Qrad” qurğusu üçün mərmi, 100 nəfər təlim görməmiş əsgər və bir helikopter… kartof (?!).

        Düşmən həm Mehri, həm Qafan, həm də Cəbrayılın qəsb olunmuş ərazi­lərin­dən rayonun mərkəzinə və kəndlərinə qoşun yeritdilər. Rayonun müdafiə olunması mümkünsüz hala gəlmişdi. Koroğlu daşında son döyüşlər əhalinin Araz çayını keçəcəyi müddəti uzadırdı. Yəni müdafiə döyüşləri əhali Arazı keçənə kimi davam edə bilərdi…

         Camaaat döyüşlərdə olduğu kimi Arazı keçəndə də ağır anlar, saatlar yaşadı. Qurulu evini atıb getməyə məcbur olanlar özüylə nə apara bilərdi ki?! Eləsi vardı bütün evindən bir uşaq arabası qədərincə yük götürmüşdü - bu da pal-paltar idi. Naməlumluqda ilkin yaşayışı təmin etmək üçün…

         Uşaqlığımda doğma kəndimiz Canbarda gəzib-dolaşdığımız Gülluyala, Marıla, Topal­lı­ya, Armudlara, Kotanyalına,, Hacilar dərəsinə, Qızıldaşa, Tək palıda, Məhişin biçənəyinə tez-tez getməkdən yorulmazdıq. Bu əsrarəng yerlərdə hər dəfə yeni bir gözəllik kəşf edərdik. Bəzi hallarda başımız bu gözəlliyi seyr etməyə hədsiz dərəcədə qarışanda otardığımız quzuları çaqqallar parçalayar, hinduşqalari isə ya dağ qartalları ya da tülkülər dərhal oğurlayıb apa­rar­dı...

          Tələbəlik illərindən Cavanşir Eloğlunun bir şeirinin bir bəndi hələ də yaddaşımdadı. İndi daha kövrəkliklə xatırlayıram o misraları:

 

                                                Uşaqlıq illərim harada qaldı,

                                                Gizlənpaç oynarkən bucaqlardamı?

                                                Şirin xatirədə yurd-yuva saldı,

                                                Yoxsa ki, qayğıkeş qucaqlardamı?!

 

          Gəncliyimdə uğaqlığımı belə anırdım. Ömrün bu yaşında uğaqlığımı da, yeniyet­mə­li­yi­mi də, gəncliyimi də 27 il sıxıntıda yaşadan işğalı Azərbaycan əsgərinin ayaqları altında can ve­rən görəcəyimiz günə yol gəlirdik.  Azərbaycan əsgəri Vətən müharibəsindədi, döyüşə-dö­yü­şə qələbələr qazanır. Döyüşə-döyüşə Şuşaya, Cıdır düzünə yaxınlaşır. İşğal sön nəfəsini Cı­dır düzündə çəkəcək...        

           Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətə dözə bilmədi. Ağır dərd onların qəddini əydi, ömrünü əlindən aldı. Yurd həsrəti iyirmi evlik kəndimizdən neçə-neçə cavanın, qocanın ürəyini yandırdı. Yaşlılar Canbarda dəfn olunmaq istəyiylə əizlərinə və­siyyətlər etmişdi. Özü qaçqın oldu, qəbri didərgin. Son nəfəsdə də göz torpağı arzuladı ço­xu­su. Tapılmadı. Camaat ev-eşiyindən çıxanda ağlına da gəlməzdi ki, qaçqınlıq bunca uza­na­caq, yaşlılar, Səməd Vurğun demişkən, ölümə doğma yurddan uzaqda can vermək istə­mə­yəcəklər. Son nəfəsini duyanlar əzizlərinə "Məni əmanət dəfn edin, kəndimiz alınanda aparıb orda dəfn edərsiniz. Əl mənimdi, yaxa sizin...”.

         Təəssüflər olsun ki, belə möhkəm qorunmasına baxmayaraq, o gözəl yerlər soyuq bir pa­yız günündə erməni qəsbkarlarının əlinə keçdi.

        Qaşqınlığın nə olduğunu doğma yurdumuzdan çıxdığımız gecə anlamağa başladıq.

         Qaçqınlıq ağrı-acıymış, sıxıntıymış, gümanlarıymış, üzülməyən. süzülməyən inamıymış.

Doğma ocaqdan uzaqda kəsilən çörək dogma yurdda yeyilən bir tikə çörəyin tamını vermir; dogma yurdun mehr-ülfəti yaşadır insanı. Bu mehr-ülfətə tanrının verdiyi qüdrət deyərdim. Biz illərlə bu qüdrəti bağrımıza basmaq, gözümüzə sütmək istəmişik. İstəmişik ki, bizi yaşadanı yaşadaq, özümüzdə yaşadaq, ruhumuzda yaşadaq. Yaşadaq ki, Vətən yaşasın. Yaşadaq ki, Azərbaycanımızı dünyanın göyqurşağı bilənlərə qardaş olaq, qardaş olaq ki, bu qardaşlıq da qüdrətə dönsün!..

         "...Arazın sahilinə yaxın kəndlərdən keçəndə uzaqdan da olsa dağlarımız, dərələrimiz sanki bizə əl edirdi. Göz işlədikcə uzanıb gedən çöllərə, düzlərə baxdıqca fikirləşirdim ki, Vətən elə yaxından da, uzaqdan da nə gözəl görünür…” (V. Məhərrəmli).

          Zəngilana gedən yol Cocuq Mərcanlının həndəvərindən ötüb keçir. İndi bu yol olduqca hamar, rahat və çox genişdir. Zən­gi­lanın işğaldan azad edilməsi bu yolun boyunu da uzadacaq, görkəmini də gözəlləş­dir­ə­cək. Bu yolu ruhun cana qayıdışı kimi gedəcəyik. Yolun sağında-solunda düşmənin sıradan çıxa­rıl­mış döyüş texnikalarını görəndə könlümüz bir az da açılacaq, Azərbaycan əsgərinin qüdrətinin nişanəsi kimi!..

         2016-cı ilin Aprel döyüşlərindən sonra Zəngilana aparacaq yollar bir neçə kilometr qısaldığına görə ürəyi Vətən həsrəti ilə döyünən yurdsevər zəngilanlıları əsrarəngiz və təkrarolunmaz təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə, qədim tarixə malik doğma və unudulmaz Zəngilanımıza bir az da yaxınlaşdırdı. "Aprel döyüş­lə­rinin davamı bizi Zəngilanla qovuş duracaq!” inamıyla gecələri gündüz edirdik…

         Davam 2020-ci ilin sentyabrın 27-də oldu. Ermənilərin hücumuna qarşı keçirilən əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam edir. Döyüşlərdə ordumuz neçə-neçə strateji yüksəkliyi, kəndləri, qəsəbələri işğaldan azad etdi. Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı  şəhərləri, Laçının, Kəlbəcərin bir çox kəndləri işğaldan azad edildi, Azərbaycan əsgəri Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırdı.

          Və oktyabr ayının 20-si…

          Və Zəngilsnın işğaldan azad edildiyi o müqəddəs gün…

          Və zəngilanlıların ikinci doğum günü…

           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciə­ti­ni, müraciətin sonunun  Zəngilanlı hissəsini  son nəfəsəcən unutmayacam:

            Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış mən­tə­qələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazi­sin­də yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..

           …Neçə gündü gözlərimizin yuxusu qaçıb. Hamı tarixin Zəngilanlı gününə uğur üstədi.  Gedəcəyik! Zəngilanın hər daşına. hər qayasına, kəhrizinə, bulağına tələsirik, yaylağına, oyla­ğı­na tələsirik…

           Zəngilana qayıdırıq, ruh cana qayıdan təki qayıdırıq…

 

                                            Min illərin tarixini

                                            ana-ana

                                            qayıdırıq Zəngilana!

 

            Ata-anaların ruhuna gözaydınlığı kimi qayıdıırıq…

            Qarşıdan gələn illəri ömürləşdirmək üçün qayıdırıq…

            Vətən, gözümüz aydın!..

 

 

Bayram Məmmədov,

Əməkdar müəllim

 

Son xəbərlər
ANALARIN SƏSİ
2020-12-04 15:45:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!