Mobil nömrələrin daşınmasında yenilik

2015-03-03 16:18:22 / 7415 dəfə oxunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na dəyişikliklər edib. Mobil nömrələrin daşınması xidmətindən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə nömrə daşınması prosesində nəzərdə tutulan müddət qısaldılıb.
 Belə ki, dəyişikliklərə əsasən artıq mobil nömrələrin daşınması üçün tələb olunan 6 iş günü müddəti 3 iş günü müddətinə endirilib. Bundan sonra abunəçinin xidmətdən istifadə edilməsi ilə bağlı ərizəsinin qəbul olunduğu vaxtdan sonra 3 iş günü müddətində nömrəsinin daşınması həyata keçiriləcək. Bu da mobil nömrələrin daşınmasının daha operativ və çevik reallaşdırılması, abunəçilərin sözügedən xidmətə olan maraqlarının artırılmasına xidmət edir.
 Dəyişikliklərdən biri də abunəçilərin borcları ilə bağlı olub. Məlumat üçün bildirək ki, bu vaxta qədər borcu olan mobil nömrələrin daşınmasına icazə verilmirdi. Hətta "post paid” abunəçiləri tərəfindən borcla bağlı ödəniş ediləndən sonra abunəçi hər hansı bir nömrəyə zəng edirdisə, bu zaman yaranan 5-10 qəpik də borc hesab olunurdu və ona görə də nömrənin daşınmasından imtina edilirdi. Yeni dəyişikliyə görə, bu məsələ də aradan qaldırılıb. Belə ki, bundan sonra qeyd olunan abunəçilər üçün sözügedən borclar cari borclar hesab olunaraq daşınmaya icazə veriləcək və hesablama sonradan aparılacaqdır.
 Yeni dəyişikliklərin tətbiqinə mart ayının 2-dən etibarən başlanılıb. Azərbaycanda mobil nömrə daşınması xidmətinin tətbiqinə başlanıldıqdan bu vaxta qədər təxminən 17 mindən çox nömrə bir operatordan digərinə daşınıb.
 
 
Qeyd edək ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 01 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi sellülar (mobil) nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!