10 il ərzində dünya çox dəyişəcək

Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal Risklər Hesabat 2023" hesabatında növbəti 2 il və 10 il üçün risklər göstərilmişdir. Təbii ekosistem, insan sağlamlığı, təhlükəsizlik, rəqəmsal hüquqlar və iqtisadi sabitlik sahələrində riskləri göstərən sənəd 2023-2033 cü illərin dünya iqtisadiyyatı üçün transformasiya periodu olacağını qeyd edir. Növbət 10 il ərzində çoxsaylı iqtisadi, siyasi və ekoloji şoklar dünyanı xeyli dəyişək. Görünməmiş borc xaosundan qlobal iqlim dəyişikliklərinə qədər kütləvi iqtisadi çağrışlarla üzləşəcək dünya ölkələri ilk dəfə olaraq bu periodda "çoxlu böhranların eyni anda baş verməsi" ilə üzləşəcəkdir. İqtisadçılar bu hal üçün hətta yenin termin də müəyyən ediblər - POLİKRİZİS (polycrisis). Mənası "çoxlu böhran" deməkdir. Əslində bu cür böhranlarla hər bir ölkə ayrı-ayrılıqda müxtəlif vaxtlarda üzləşiblər. Amma ilk dəfə olaraq ölkələr bu böhranların hamısı ilə eyni vaxtda üzləşəcəklər. Hazırda hökumətlər və biznes sektoru daha çox qısa müddətli çağırışlarla - inflyasiyanın artması, resessiya riskləri ilə mübarizə aparmaqda aktivlik göstərirlər. Dünyanın fokusu hazırda "bü günkü krizis"dən canını qurtamağa yönəlib. Amma uzun müddətli risklərlərlə lazımı mübarizənin aparılmaması - 2033-cü ilədək dünyada nəhəng Polikrizisin baş verməsini qaçılmaz edəcəkdir. Əsas uzunmüddətli risklər - iqlim dəyişikliklərinin yumşaldılması, iqlim dəyişikliklərinə uyğunlaşmaqda uğursuzluqlar, ekstrim hava hadisələri və biomüxtəlifliyin məhv olmasıdır. Bu risklər dünya iqtisadiyyatında mühüm şərtlər olan - yaşayış xərcləri, qida çatışmazlığı, resurs qıtlığı kimi amillərə ciddi təhlükələr yaradırlar.

Bu qısa və uzunmüddətli risklər Polikrizis yaratmaq üçün yetərlidir. Dünyada müharibə risklərinin artması bu şəraiti daha da yaxınlaşdırır.
Azərbaycanın Polikrizisdən yumşaq təsirlənmək üçün ilkin imkanları mövcuddur. İqtisadi imkanların və dayanıqlılığın mövcud olması, təbii resurslar, dövlətin çevikliyi və uzaqgörənliyi bir çox böhranlardan yan keçməyə imkan verəcəkdir. Amma dünya iqtisadiyyatının bir hissəsi kimi Polikrizisin bütün təsirlərindən yan keçmək mümükün olmayacaqdır. Məsələn, ekoloji böhran, su çatışmazlığı, iqlim dəyişiklikləri hər il ölkəmizdə də daha çox hiss olunur və bu problem dövlət xərclərini artıracaqdır.
Qlobal Polikrizis riskləri ilə yanaşı Azərbaycanın təhlükəsizlik və ərazilərin bərpası üçün böyük çağırışlarla üzləşməsi dövlətimiz qarşısında mühüm çağırışlar yaradacaqdır. Bu sınaqlardan uğurlu çıxmaq üçün dövlət-sahibkar-vətəndaş birliyin daha da güclənməsinə ehtiyac yaranacaqdır. Böhranlardan minimum itkilərlə çıxmağın tək yolu isə hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi olacaqdır.

Çünki təcrübə göstərir ki, ancaq güclü dövlət-vətəndaş birliyi sərt böhranların öhdəsindən gələ bilir.



Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri