12 Noyabr Konstitusiya Günü münasibətilə tələbələr arasında hüquq olimpiadası

Çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə öz Konstitusiyasını qəbul edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biri olub. Əsas Qanunun üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib.

Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin konstitusion hüquq və azadlıqlara dair hüquqi biliklərinin yoxlanılması məqsədilə 11 noyabr 2022-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində hüquq olimpiadası keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş hüquq Olimpiadasının yekununda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) köməkçisi Rəşid Talıbov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin baş mütəxəssisi Xanım İbrahimova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vahidə Bayramova çıxış edərək bildiriblər ki, bu cür olimpiadalar tələbələr arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsində mühüm rola malikdir.

Hüquq olimpiadasında tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən suallar təqdim olunub.

Olimpiadanın nəticələrinə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbəsi Səfərli Nicat I, Naxçıvan Dövlət Universitetinin tələbəsi Mahmudlu Fərqanə II, Naxçıvan Dövlət Universitetinin tələbəsi Məmmədov Məhəmməd isə III yerə layiq görülüb.

Sonda qalib gələn və yüksək bal toplayaraq fərqlənən tələbələrə diplom və hədiyyələr təqdim edilib.