31 il Müstəqillik yolu: Mübarizə və Qələbə

Xalqımız XX yüzillikdə ikinci dəfə müstəqilliyini elan etdi. Bu, siyasi tariximizin parlaq qələbələrindən biridir. Müstəqilliyi qoruyub saxlamaq, onu əldə etmək qədər məsuliyyətli və şərəflidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yeni inkişaf dövrünə başladı. Daim vətənimizin, dövlətimizin gələcəyini düşünərək əvəzsiz xidmətləri və həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan Respublikası sabit, firavan bir ölkəyə çevrilmiş, dünya birliyində layiqli yer tutmuşdur.

Cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirərək və daha da gücləndirərək bu gün respublikamızın dünyada öz layiqli yerini tutmasına və regionun lider dövlətinə çevrilməsinə nail olmuşdur. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ölkəmiz iqtisadi inkişaf sürətinə görə son illərdə dünyanın lider dövlətləri sırasında addımlayır. Artıq Azərbaycan müxtəlif xarakterli - siyasi, iqtisadi, mədəni, səhiyyə, idman və digər tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi hər bir azərbaycanlıda qürur hissi yaradır.

Azərbaycan xalqı ilk dəfə öz müstəqilliyini 1918-ci ildə əldə etmişdir. Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannaməsi”ni imzaladı, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, beləliklə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini yaşatdı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı. dövlət atributları təsis olundu, sərhədləri müəyyənləşdi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar 23 ay davam etdi. Amma tarix xalqımıza öz müstəqilliyini bir daha qazanmaq şansı verdi və 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini təkrar bərpa etdi. XX əsrin əvvəlində olduğu kimi, dövlət müstəqilliyimizi dünyada ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıdı. Və bu gün də qardaş Türkiyənin, onun prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyini görürük. “Bir millət, iki dövlətin” sevinci və kədəri eynidir, regionda və dünyada unikal müttəfiqlik nümayiş etdirirlər.

Daha sonra Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının hamısının üzvüdür, iştirakçısıdır. Ötən 31 il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf etmiş, möhkəmlənmişdir. Ancaq bu dövr ölkəmizin həyatında çox gərgin və mürəkkəb proseslər dövrü olmuşdur.

Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən artıq Ermənistan tərəfindən başlanmış hərbi təcavüz nəticəsində torpaqlarının silahla müdafiəsi ilə məşğul idi, Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulmuşdu, torpaqlarının bir hissəsi işğal olunmuşdu. Eyni zamanda, Azərbaycanın daxilində də çox gərgin ictimai-siyasi proseslər getmiş, ayrı-ayrı silahlı dəstələr, ayrı-ayrı siyasi qruplar, dəstələr hakimiyyət uğrunda mübarizə aparmış, onlar respublikada daxili ictimai-siyasi vəziyyəti pozmuş, gərginləşdirmiş və şübhəsiz ki, bu, Ermənistanın Azərbaycana təcavüzünün güclənməsinə səbəb olmuşdur. Məhz bu səbəbdən də Azərbaycan Ermənistanın hərbi təcavüzünün qarşısının alınmasında çətinliklərlə üzləşmiş və torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Müstəqilliyimizin, dövlətimizin möhkəmlənməsinə mane olan qüvvələr həm xaricdə, həm də daxildə mövcud olmuşdur. 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi təkrar meydana çıxdı. O zaman xalqın təkidli tələbi ilə dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silənməsinin qarşısı alındı. Bu gün ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur və Azərbaycan heç bir ölkənin təsir dairəsində olmadan siyasət yürüdərək, öz inkişafı istiqamətində uğurlu addımlar atır. Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu gün həm də Xudafərin körpüsünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğaldan azad edilməsindən ikinci il dönümüdür. İpək yolu üzərində yerləşən bu körpü, Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Bu illərdə Azərbaycan xalqının böyük itkiləri olmuş, torpaqlarımızın müdafiəsində ölkəmizin suverenliyini, ərazi bütövlüyünün müdafiəsində insanlar qəhrəmancasına vuruşmuş, həlak olmuşlar. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü yolunda canlarını qurban vermiş insanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Azərbaycan bir dövlət olaraq, qarşısına qoyduğu hədəflərə doğru addım-addım gedir. Azərbaycan müstəqil siyasət aparır. Bir reallıq var, bugünkü Azərbaycan 1918-ci ildə yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətindən, 1991- ci ildə Müstəqilliyi bərpa edilən Azərbaycan Respublikasından çox güclüdür. Azərbaycan son iki yüz ildə ilk dəfə Ermənistan və ona dəstək verən qüvvələrin işğalçılıq siyasətinə qarşı çıxdı. Və öz torpaqlarını işğaldan azad etdi. Hazırda dünyada gedən geosiyasi proseslər fonunda Cənubi Qafqazda öz təsir dairəsini saxlamaq üçün müəyyən dairələr mübarizə aparırlar. Lakin onlar unudurlar ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzu artmaqdadır. Bu gün Azərbaycan öz iqtisadi imkanları, nəqliyyat - kommunikasiya və loqistika layihələri, qlobal təşəbbüsləri ilə beynəlxalq arenada özünəməxsus yer tutur. İkitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlıq münasibətləri davamlı inkişaf edir. Lakin biz həmişəki kimi ölkəmizə və dövlətimizə qarşı ədalətsiz münasibətin şahidi oluruq. Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu gün ən müxtəlif platformalarda mübarizə aparılır. Lakin biz daha da səfərbər olmalıyıq, tədbirlərimizi daha da genişləndirməliyik. Müxtəlif ölkələrin televiziya kanallarında ictimai-siyasi proqramlarda, elmi konfranslarda, nüfuzlu forumlarda, mətbuatda çıxış etməliyik. Davamlı olaraq, Azərbaycana qarşı edilən təhdid və təxribatların qarşısını almaq üçün daha fəal olmalıyıq.

Belə bir vəziyyətdə, Fransanın prezidenti Makronun verdiyi açıqlamalar nə prezidentə, nə siyasətçiyə yaraşmır. Bu dövlət hər zaman Ermənistanın yanında olub və onun işğalçılıq siyasətinə dəstək verib. Təkcə “Erməni soyqırımı” haqqında bir neçə qanun layihəsi (o cümlədən “soyqırım”ı qəbul etməyənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun) məhz Fransa parlamentində müzakirə və böyük səs çoxluğu ilə qəbul edilib. Bu gün də Fransa Ermənistana yardım etmək, danışıqlarda Ermənistanın maraqlarının müdafiə etmək üçün çalışır. Ancaq Prezident İlham Əliyev ona bu imkanı yaratmır, Azərbaycan dövlətinə, xalqına qarşı bütün planları dağıdır. Fransa birtərəfli və haqsız mövqeyindən əl çəkmir, hətta ölkəmizə qarşı böhtan atır. Öz daxilində yaranmış sosial problemləri həll etmək əvəzinə, diqqəti başqa yerə yönəldir. Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, “bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

Ölkə başçısı dəfələrlə qeyd edib ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Fikirmcə, orada yaşayan əhali siyahıya alınmalı, monitoriq aparmalıdır: onlar nə zamandan buradan yaşayırlar, hardan gəliblər, azərbaycanlılara qarşı törədilmiş terror hadisələrində iştirak ediblərmi? Bu və digər məsələlər müəyyən edildikdən sonra onların hüquqları təmin olunmalıdır.

Son günlər Xankəndi və onun ətrafında azərbaycanlılara məxsus məzar daşlarının, qəbirlərin dağıdılması bizim hər birimiz narahat edir. Bu vandalizm aktı müharibədən sonra, dinc dövrdə törədilir. Və yayılır, dünya isə bu vəhşiliyə biganədir, müvafiq beynəlxalq təşkilatlar həmişə olduğu kimi susur. Biz həmin cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb etməliyik. Bütün dünyaya erməninin əsl xislətini göstərməliyik! Ümumiyyətlə, 30 ilə yaxın erməni işğalı nəticəsində Ermənistandan qovulan, Qarabağdan, Şərqi Zəngəzurdan məcburi köçkün düşən hər bir azərbaycanlıya dəymiş maddi və mənəvi təzminat (kompensasiya) ödənilməlidir! Biz bunu tələb etməliyik! Bu onların haqqıdır!

Hazırda yenə də təhdidlər davam edir. Mən inanıram ki, biz bu çətinliklərin də öhdəsindən gələcəyik. Dövlətimizin başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinnin qarşısında hər kəsdən bu anda sadiq olmağı çağırdı: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”.

Bu gün hər bir azərbaycanlı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəni davam edəcəyik! Xalqımızı bir daha Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolunda aparılan işlərdə fəal iştirak etməyə dəvət edirəm!

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova