Aksiyanın 26-cı günü: Laçın-Xankəndi yolunda son durum

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 26 gündür davam edir.

Sabahinfo.az iştirakçılara istinadla xəbər verir ki, şaxtalı və soyuq hava şəraitinə baxmayaraq, aksiyada fəallıq müşahidə edilir. Adəti üzrə aksiya səhər tezdən Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə davam edib.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən aksiya iştirakçıları Azərbaycan, ingilis və rus dillərində plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.