Rəşad Mahmudov
Milli Məclisin deputatı, tibb elmləri doktoru
Aprel döyüşləri qəhrəman ordumuzun düşmən üzərində təkcə qələbəsi ilə deyil, eyni zamanda “sarsılmaz erməni ordusu” mifinin darmadağın olunması ilə yekunlaşdı. 2016-cı ilin aprel ayında keçirilən əks- əməliyyat zamanı qazanılan bu tarixi qələbə bir daha təsdiqlədi ki, Azərbaycan ərazi bütövlüyünün bərpasında qətiyyətlidir və bu işğalla heç vaxt barışmayacaq. Dörd gün davam edən şiddətli döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi, Lələtəpə strateji yüksəkliyi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı yüksəkliklər və digər ərazilərimiz işğaldan azad edildi. Xalqımızın qəhrəmanlığının bütün dünyaya nümayişi olan aprel döyüşləri tarixi Zəfərə aparan yola çevrildi.
Ümumiyyətlə, aprel döyüşləri həmin dövrdə regionun tarixində dərin iz buraxdı və Qarabağ ətrafındakı siyasi vəziyyətə ciddi təsir göstərdi. Eks-prezident Serj Sarkisyanın cinayətkar rejiminin girovuna çevrilən erməni xalqı aprel döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Çünki aprel döyüşləri sübut etdi ki, Ermənistan ordusunun yenilməzliyi ilə bağlı yaradılmış mif əslində sabun köpüyündən başqa bir şey deyil və Azərbaycan əsgəri daha güclü, peşəkar və qətiyyətlidir. Eyni zamanda, bu döyüşlərdəki məğlubiyyət Ermənistanda hakimiyyət dəyişikliyinin, siyasi böhranın başlanğıcı oldu. İrəvanda ümumxalq etimadsızlığın başlanğıcı aprel şokundan sonra yarandı. Bunun nəticəsi kimi 2 il sonra Serj devrildi, 2018-ci ilin aprelində Ermənistanda yeni siyasi qüvvələr hakimiyyətə gəldi.
Aprel döyüşləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin ilk xəbərçisi oldu.
8 il öncə baş vermiş bu döyüşlər, həm də Azərbaycan ordusunun döyüş hazırlığının sınağına çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikalar da döyüşdə sınaqdan keçirildi. Bundan başqa, Talış kəndi istiqamətindəki yüksəkliklərin işğaldan azad edilməsi Naftalan şəhəri üçün təhlükəni aradan qaldırmağa imkan verdi. Xüsusilə strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinin azad edilməsi Horadiz şəhərinin müdafiəsini gücləndirməyə və ümumilikdə Füzuli rayonu istiqamətində geniş əraziyə nəzarət etməyə imkan yaratdı və bu şanlı döyüşün nəticəsi olaraq ümumilikdə, 2000 hektardan çox ərazimiz işğaldan azad olundu.
Aprel döyüşlərinin ən mühüm hərbi-siyasi əhəmiyyəti ondan ibarət oldu ki, əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirən ordumuz strateji əhəmiyyətli əraziləri azad edərək, cəbhə xəttində konfiqurasiyanı dəyişdirdi. Bu döyüşlərin ən mühüm tarixi nəticələrindən danışarkən isə xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsizlik tam təmin edildi, dinc əhaliyə qarşı real təhlükə aradan qaldırıldı. Azərbaycanlı məcburi köçkünlər bərpa işlərindən sonra tarixi yurd yerinə qayıtdılar və beləliklə, aprel qələbəsi Böyük Qayıdış prosesinin başlanğıcı oldu.
Aprel zəfəri həm də mənəvi-psixoloji baxımdan da mühüm əhəmiyyət kəsb etdi.
Bu, ilk növbədə, xalqımıza qələbə sevinci yaşatdı, dövlətimizin və ordumuzun qüdrətini, xalqın sarsılmaz birliyini, yüksək vətənpərvərlik ruhunun nümayişinə çevrildi. Bütün dünya ordumuzun yüksək peşəkarlığını, döyüş hazırlığını gördü. İşğalçı ilə döyüşlərdə qazanılan hərbi uğurlar düşmən üzərində qəti Qələbə əzmini və işğal olunmuş torpaqların tezliklə azad olunmasına möhkəm inamı daha da gücləndirdi. Aprel döyüşləri tarixi ərazilərimizin - Qarabağın və ətraf rayonların işğalından azad olunması yolunda də Azərbaycan xalqının və ordumuzun fədakarlığa hazır olduğunu təkcə düşmənə deyil, bütün dünyaya göstərdi.
Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsində zəfərimizin bələdçisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Bu qələbənin yekunu olaraq səkkiz il öncə Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu gün Xankəndidə, Şuşada və digər işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Böyük Zəfər dediyimiz də elə budur.
Aprel döyüşləri gələcək qələbədə qəhrəmanlıq estafetinin başlanğıcı oldu. Vətənə sədaqətini canı, qanı ilə sübut etmiş şəhidlərimiz Zəfər bayrağını gələcəyə ötürməklə əbədiyyətə qovuşdular və əfsanəyə döndülər.