Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan hərb meydanında əldə olunmuş bütün qələbələrimizin siyasi müstəvidə də təsdiqlənməsinə nail oldu”

“Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin üçüncü ildönümünü böyük coşqu ilə qeyd edir. Oktyabr ayının 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində müqəddəs Azərbaycan Bayrağını ucaltmaqla Şanlı Zəfərimizin sevinc və qürurunu xalqa bir daha yaşatdı. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu XXI əsrdə genişmiqyaslı hərbi əməliyyatlar apararaq öz ölkəsinin ərazi bütövlüyünü bərpa etmiş ilk ordu oldu. 30 ilə yaxın müddət davam edən erməni işğalı dövründə bu münaqişəni dinc yolla həll etmək səlahiyyətinə malik olan beynəlxalq təşkilatlar işğala son qoymaq üçün heç nə etmədilər, əksinə münaqişəni həmişəlik dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq üçün çalışdılar. Ölkəmizə və xalqımıza qarşı ikili standartlar tətbiq edildi. Beynəlxalq riyakarlıq Azərbaycana öz problemlərini özünün həll etməli olacağını aşkar şəkildə göstərdi. Lakin Ölkə Prezidenti cənab İlham Əliyev sonda məhz bu vəziyyətin yaranacağını hələ əsrin əvvələrindən çox yaxşı bilirdi. Buna görə də 2003-2020-ci illər ərzində Azərbaycanın Vətən müharibəsinə hazır olması üçün möhtərəm dövlət başçımız tərəfindən bütün zəruri tədbirlər görüldü, məqsədyönlü addımlar atıldı. Bu illər ərzində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan ölkəyə çevrildi. Məhz bu göstəricilər Vətən müharibəsinin müqəddəratını həll edən əsas amillər kimi çıxış etdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat qeyd edib ki, Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi zəruri tədbirlər nəticəsində müharibənin sonluğu artıq ilk gündən məlum olsa da, tarixi Qələbəmizin siyasi müstəvidə də təsdiqlənməsi vacib şərt idi: “2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə son 2003-2020-ci illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman əsgər və zabitləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Qeyd olunmalıdır ki, hərbi əməliyyatların gedişində cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, düşmən silahları yerə qoyarsa, işgal altında qalan digər torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verərsə, Azərbaycan müharibəni dayandırmağa hazırdır. Buna görə də, düşmən təslim olmaq niyyətini bildirən kimi, Azərbaycan hərbi əməliyyatları dayandırdı. O zaman bəziləri sual verirdi ki, nə üçün dövlətimiz noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdi? Kimsə hesab edirdi ki, hərbi əməliyyatları davam etdirmək, Xankəndiyə, Xocalıya və digər ərazilərə də daxil olmaq lazımdır. Lakin müharibə təkcə savaş meydanında aparılmır. Hərbi yolla əldə olunmuş qələbə yalnız siyasi müstəvidə də öz təsdiqini tapdıqdan sonra tam və qəti olur. Tarixi Qələbəmizdən üç il sonra Xankəndidə müqəddəs üçrəngli Bayrağımızı qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha sübut etdi ki, nəyi harada və nə zaman etməyin lazım olduğunu dövlətimizin başçısı özü hər kəsdən daha yaxşı bilir.”

Həmçinin A.Naxçıvanlı Azərbaycanın 2020-ci ildə işğala son qoymaq üçün hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldığı kimi, bu il də Qarabağda konstitusiya quruluşunu bərpa etmək məqsədilə yenidən güc tətbiq etməyə məcbur olduğunu vurğulayıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Ölkəmiz son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu da dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir haldır. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Buna görə də Azərbaycan özü bu münaqişəni başa çatdırdı, öz ərazilərini işğaldan azad etdi və bütün dünyaya Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdirməyə müvəffəq oldu. Şanlı Ordumuz növbəti dəfə II Qarabağ savaşından üç il sonra, 19 sentyabr 2023-cü il tarixində başladığı və cəmi 23 saat davam edən antiterror əməliyyatının gedişində bir daha sübut etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Bu əməliyyatın nəticəsində Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi və artıq bütün ölkə ərazisində suverenliyini tam bərpa etdi” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.