Aqiyə Naxçıvanlı: “Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir”

“Brüssel görüşündən gözləntilərimiz özünü doğrultdu. Zaman sübut elədi ki cənab Prezident İlham Əliyev həm müzəffər Ali Baş Komandan, həm də uzaqgörən diplomatdır. Onun ötən müddətdə uğurlu xarici siyasəti, düşünülmüş siyasi gedişləri, zamanın nəbzini və dəyişən dünyanın reallıqlarını vaxtında duyması, siyasətini bu yöndə qurması ölkəmizə daha bir uğur qazandırmış oldu”.

Bu fikirləri mətbuata açıqlamasında söyləyən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı xüsusilə vurğulamışdır ki, Ermənistanı reallıqlarla barışmağa məcbur edən cənab İlham Əliyevin ardıcıl və qətiyyətli mövqeyi olmuşdur.

Deputat qeyd etmişdir ki, “44 günlük müharibə zəfərlə başa çatdıqdan sonra imzalanmış 3 tərəfli bəyanatın müddəalarının ardıcıllıqla yerinə yetirilməsi tələbi və Azərbaycanın öhdəliklərinə sadiqliyi dünya güclərində ölkəmizə, onun liderinə sayğı və diqqəti artırmaqla yanaşı, İlham Əliyevin praqmatik siyasətçi və dünya düzənində reallıqları qəbul edən dövlət başçısı imicinin formalaşmasında böyük rol oynadı. Ermənistandan fərqli olaraq Azərbaycanın daha ardıcıl və məqsədyönlü siyasətə malik olması, Avropa dəyərlərinə üstünlük verməsi və Avropanın enerji təhlükəsizliyinə faydalı tərəfdaş olması bizim mövqeyimizi gücləndirdi. Məhz bu güclü əllə Brüssel görüşünə yollanan cənab İlham Əliyev döyüşdə qazanılmış uğurları diplomatiya sahəsində də davam etdirdi.

Görüşün nəticələri diplomatik qələbə olmaqla yanaşı, dövlət başçımızın dünyada nüfuz göstəricisi baxımından rasional-lider kimi qəbul edilməsini təsdiqləmiş oldu.

Aqiyə Naxçıvanlı bildirdi ki, “2021-ci ilin dekabrında İlham Əliyevin Avropa İttifaqının prezidenti Şarl Mişellə görüşü zamanı əsası qoyulmuş sülh gündəliyinin yeni formatda davam etdirilməsi regionda davamlı sülhün bərqərar olması yönündə aparılan işlərin müsbət nəticəsindən mesajlar verirdi. Avropa artıq Azərbaycan həqiqətlərini gec də olsa anlamağa və qəbul etməyə başlayırdı. İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti onları regionda Azərbaycanın lider rolunu təsdiq etməyə məcbur etdi və Ermənistanın masaya oturdulmasını şərtləndirdi. Məhz Brüssel görüşünün sonunda Şarl Mişelin bəyanatının məğzi də bundan ibarətdir. İlk dəfə münaqişə tərəflərinə birbaşa danışıqlar üçün yaradılmış şərait iki dövlət başçısının reallıqlardan çıxış etməsinə və ortaq məxrəcə gələ bilməsinə imkan verdi”.

Deputat gələcək sülh müqaviləsinin hazırlanması üçün danışıqların başlanması və işçi qrupunun yardılması məsələsində razılıq olunmasını Böyük sülhün başlanğıcı kimi dəyərləndirmiş, Ermənistan rəhbərliyinin fakt qarşısında qalmasını reallıqları qəbul etməsinin sübutu olduğunu və bunun regionun gələcək inkişafında böyük rol oynayacağını bildirmişdir.

“Ərazi bütövlyüymüzün tanınması fonunda nəqliyyat-komunikasiya xətlərinin açılması, sərhədlərin demarkasiyası ilə yanaşı İqtisadi Məşvərət Şurasının yaradılması barədə razılıq regionun gələcək inkişafını şərtləndirəcək amillərdən biridir. Nəhayət ki, regiona ədalətli sülh gələcəyinin ilkin işartıları görünməyə başlamışdır. Avropa İttifaqı bu addımı ilə özünün tərəfsiz və qərəzsiz mövqeyini sərgiləməklə yanaşı, xalqlara sülh istəyinin reallığa söykəndiyini sübut etmiş oldu. Beləliklə də ATƏT-in Minsk qrupu da “Dağlıq Qarabağ” və “status” anlayışları da tarixin arxivinə göndərilmiş oldu. Yeni geosiyasi reallıqların diqtə etdiyi şərtlərin qəbul edilməsi Azərbaycanın diplomatik qələbəsini təmin etmiş oldu. İlham Əliyevin uzaqgörən siyasəti öz sözünü dedi və bir liderin ağıllı, praqmatik fəaliyyətinin nəyə qadir olduğunu sübut elədi.

Bunlarla yanaşı bu görüşdə Avropa İttifaqının Azərbaycana humanitar sahədə dəstəyinin olacağı da gündəmə gətirildi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsinin nəzərdə tutulması yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işlərinə çox güclü təkan verəcək və insanlar öz doğma ocaqlarına, yurd- yuvalarına daha tez qayıdacaqlar”.

Aqiyə Naxçıvanlı sonda qeyd etmişdir ki, “Ermənistanın bəhanəsi və qaçacaq yeri qalmadı. Onlar da dünya reallıqlarını anlamağa başlayırlar. Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri, dünyada gedən siyasi proseslərə çevik reaksiyası və mövqeyinin böyük çevrələrdə dəstəklənməsi onların revanşist fəaliyyətlərini puça çıxardı”.