Aqiyə Naxçıvanlı: Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır

“Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyətlərini möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Antimilli hakimiyyət isə müharibədə qələbə qazana bilməzdi”.

Bu fikirləri Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı bildirib.

Deputat alınmaz qala sayılan Şuşanın iki il bundan əvvəl erməni işğalından azad edilməsini Azərbaycan Silahlı Qüvvələrinin yazdığı şanlı tarix kimi xatırlayan dövlət başçısının çıxışından sitatlar gətirmişdir: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər”.

A.Naxçıvanlı Vətən müharibəsində Qələbəni şərtləndirən amillərdən də danışıb: “Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq... Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq. Bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi. Bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Amma onlar da heç bir səmərə vermədi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən, 120 ölkənin üzv olduğu beynəlxalq təsisatdır. Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, məscidləri dağıdan Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır... Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Deputat Ermənistanın İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalı olduğu barədə Ali Baş Komandan İlham Əliyevin etdiyi xəbərdarlığın da altını cızdı: “Ermənistanda bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər”.