Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”

“1996-cı ilin 24 avqust tarixində “Dədə Qorqud” qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mərasimdə söylədiyi nitqində Ulu Öndər Heydər Əliyev demişdir: “Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.” Etiraf olunmalıdır ki, doğma dilimizin öz ölkəmizdə dövlət dili statusu alması heç də asanlıqla baş verməmişdir. Əlbəttə, milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunmuş və hətta bir müddət bu statusda fəaliyyət göstərmişdir. Lakin nəticə etibarı ilə dilimizin bu statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Lakin bu gündəm milli dillərin inkişaf etdirilməsinə deyil, onların daha da sıxışdırılmasına xidmət etməliydi. Yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində özünün məhz milli mənafelərimizə xidmət edən mövqeyini qətiyyətlə bildirmiş və müdafiə etmişdi. Ümummilli Liderin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə bir redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ümummilli Lider Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Həmçinin deputat Azərbaycan dilinə dövlət dili statusunun verilməsini gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması baxımından atılmış tarixi addım olduğunu vurğulayaraq bunları deyib: “Əlbəttə ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirilə bilər. Bununla Ulu Öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qorumuş oldu. Qeyd etmək lazımdır ki, Ümummilli Liderimiz Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. Həmçinin Ümummilli Lider rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Öz çıxışlarının birində Ulu Öndər demişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır.” 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artmasına güclü təsir etmş oldu.”

Daha sonra A.Naxçıvanlı Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən bəhs edərək bunları deyib: “Ümummilli Lider ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. O cümlədən Ulu Öndər tərəfindən 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq, dövlətin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmiş oldu. Həmçinin Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş və 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını təqdim etmiş oldu”, – deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.