AŞPA-nın ədalətsizliyinə “özümüzünkülərin” sevinməsi rüsvayçılıqdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını toy-bayram edən iqtidarlı-müxalifətli Ermənistan cəmiyyəti oldu. Onilliklər boyunca beyni yuyulmuş bir toplumun ağır məğlubiyyətdən sonra psixoloji olaraq yeni “uğur hekayəsinə” ehtiyac duymasında təəccüblü heç nə yoxdur. Amma azərbaycanlı olan birisinin ədalətsizliyə ermənilər qədər sevinməsi, AŞPA-nın qərəzli qərarına haqq qazandırmağa çalışması rüsvayçılıqdır.

 Bu cür rüsvayçılığa bisavad, cahil birisi yol vermiş olsaydı, düşünərdin ki, ağlı bura qədər çatır, xüsusi olaraq qabartmağa dəyməz. Amma bu iyrənc təbliğatda radikal müxalifətlə yanaşı, bəzi qeyri-hökumət təşkilat təmsilçilərinin, bir neçə azərbaycanlı ekspertin xüsusi canfəşanlıq göstərməsi fərqli məqamlar üzərində düşüncələrə və qənaətə yol açır. Auditoriya ilə işləmək imkanı olan internet resurslarının bu prosesə aktiv şəkildə cəlb edildiyini nəzərə aldıqda, baş verənlərin yalnız söz azadlığı, fikir plüralizmi ilə bağlı olması ehtimalı daha az inandırıcı görünməyə başlayır. Prezident seçkiləri yaxınlaşdıqca, xaricdə anti-Azərbaycan, ilk növbədə, anti-Əliyev təbliğatına hesablanmış bəyanat və qətnamələrin çoxalması, onlara nüfuzlu beynəlxalq media qurumlarından tutmuş çeşidli Youtube kanallarınadək hərtərəfli informasiya dəstəyinin verilməsi həmin qənaəti bir qədər də möhkəmləndirir. Dövlət və milli maraqlarımızı hədəf seçən təbliğatda azərbaycanlı kimliyi daşıyan şəxslərin məqsədli şəkildə önə verilməsi ona dəlalət edir ki, prosesi təşkil edənləri düşündürən əsas məsələlərdən biri təbliğata obyektivlik görüntüsü vermək və inandırıcılığa nail olmaqla bağlıdır. Elə buna görə də xaricdəki məlum siyasi mərkəzlər uzun illər ərzində əllərinin altında formalaşmış “özümüzünkülərin” informasiya resurslarını önə veriblər. Şübhəsiz ki, anti-Azərbaycan təbliğatında  erməni və ya bir başqa əcnəbi əvəzinə, bir qrup azərbaycanlının iştirakı seyrçi auditoriyasına məqsədli mesajların ötürülməsinə xidmət edir. İctimai rəyə bu fikir aşılanır ki, Şuşa-Xankəndi yolundakı ekoaktivistlərin etirazını, yaxud Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsinin qurulmasını guya azərbaycanlıların özləri də təqdir etmir və bununla bağlı dövlət siyasətini dəstəkləmirlər.

 Belə bir təbliğatda iştirak edən və ya istifadə olunan azərbaycanlılardan ibarət məlum qruplaşma indi də AŞPA-nın qərarına, hesabatı hazırlayan məruzəçilərə informasiya dəstəyini verməklə məşğuldur. Artıq Nikol Paşinyandan sonra onların ikinci “qəhrəmanı”  Frank Şvabedir. Halbuki cənab Şvabenin  “BBC News Azərbaycanca”-ya bugünlərdə verdiyi müsahibə həm onun özünün, həm də təmsil olunduğu təşkilatın mövqeyindəki ziddiyyətləri tam çılpaqlığı ilə üzə çıxardı. Amma anti-Azərbaycan təbliğatına qoşulan “özümüzünkülər” sanki bütün bunları görmədilər. Cənab Şvabe ziddiyyətli açıqlamalarını demokratiya və insan haqları kimi dəyərlərlə nə qədər pərdələməyə çalışsa da, onun irad və iddiaları inandırıcı olmadı. Cəmiyyətimiz bir daha əmin oldu ki, bütün bu iradların kökündə təhrif edilən həqiqətlər, ermənipərəst duyğulardan irəli gələn qərəz, nəhayət, siyasi qısqanclıq dayanır.

 Almaniyalı deputat ictimai rəyə aşılamağa çalışdı ki,  guya AŞPA-nın qərarı ölkəmizdəki Prezident seçkilərinə dəvət almaması ilə bağlıdır. Cənab Şvabe, əslində, həqiqəti təhrif etdi. Yarımçıq həqiqət isə obyektivliyə heç vaxt iddia edə bilməz. O “nədənsə” unutdu ki, AŞPA ötən ilin oktyabrında Azərbaycan əleyhinə qətnamə qəbul edərkən növbədənkənar Prezident seçkiləri hələ elan olunmamışdı, bu qərar qətnamədən sonra-dekabrın 7-də verildi. Oktyabr qətnaməsində isə Laçında sərhəd-keçid məntəqəsinin qurulmasının, sentyabrda keçirilən antiterror tədbirinin qanuniliyi şübhə altına alınırdı. İddia olunurdu ki, guya bu tədbir zamanı mülki ermənilər hədəf seçilib, onlar Qarabağı könüllü şəkildə deyil, zor gücünə tərk ediblər. Məhz bu cür ədalətsiz, həqiqətə söykənməyən iddialar əsasında hələ oktyabr ayında  Azərbaycandan hesabat tələb olunur və qətnamədə göstərilirdi ki, AŞPA ölkəmizin hesabatına 2024-cü ilin yanvar ayında keçiriləcək qış sessiyasında baxacaq və Azərbaycanla bağlı müvafiq qərar qəbul edəcək. Başqa sözlə, təşkilatın mövqeyi hələ ötən ilin oktyabrından məlum idi, onun bütün canfəşanlığı Qarabağda suverenliyimizin bərpasına etirazla, guya ermənilərin hüquqlarının pozulması ilə bağlı idi. Həmin qətnamədə nə azərbaycanlıların hüquqları yada düşürdü, nə də Prezident seçkilərindən söhbət gedirdi.

 Cənab Şvabenin müsahibəsi onu da üzə çıxardı ki, ATƏT-in seçkiyə dəvət olunması AŞPA-dakıları çox qıcıqlandırıb. Qısqanclıq o qədər güclüdür ki, Frank Şvabe sətiraltı ifadələrlə ATƏT-in reputasiyasına kölgə salmaqdan, onu “nələrdəsə” ittiham etməkdən belə çəkinmədi: “ATƏT hazırda Azərbaycan tərəfindən güclü təzyiq altındadır... ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm”. AŞPA-nın, o cümlədən cənab Şvabenin elə lap əvvəldən obyektiv olmadığı müsahibədə verdiyi növbəti etirafla bir daha təsdiqini tapdı: “İndi onlar (Azərbaycan hakimiyyəti) bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar”. Cənab Şvabe həmin açıqlaması ilə faktiki olaraq etiraf etdi ki, Azərbaycanda seçkilərin necə keçirilməsindən asılı olmayaraq, Avropa Şurasının mövqeyi artıq indidən hazırdır və o yalnız kəskin  tənqidə söykənir. Elə ona görə də Azərbaycan cəmiyyətini düşündürən haqlı suallardan biri də bundan ibarətdir: seçkiləri müşahidə etmədən hansı mövqedə olacağınızı əvvəlcədən etiraf edirsinizsə,  Azərbaycan hökumətindən bu məsələdə əməkdaşlığı hansı sağlam məntiqlə gözləyə bilərsiniz? Əgər AŞPA-da kimlərsə düşünürsə ki, onun nümayəndə heyətimizlə bağlı ədalətsiz qərarının arxasında hansı təsirlərin dayandığından və bu qərarın niyə məhz indi verilməsinin əsl səbəblərindən Azərbaycan bixəbərdir, cəmiyyətimiz isə buna biganə qalacaq, bu, yumşaq desək, belə düşünənlərin yüksək intellektindən və səmimi əməkdaşlıq istəyindən xəbər vermir.

 Cənab Şvabenin növbəti açıqlaması onun mövqeyindəki başqa bir ziddiyyəti də üzə çıxardı. O əvvəlcə bildirdi ki, “Qarabağın Azərbaycanın bir hissəsi olması hər kəsə məlumdur”, ardınca isə söylədiyini təkzib edərək bu açıqlamanı verdi: “Biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik...Biz hər hansı ərazinin hansı ölkəyə məxsus olub-olmadığı barədə müzakirə aparmırıq”. Biri digərini təkzib edən belə açıqlamaların arxasında həqiqəti təhrif etmək cəhdinin dayandığını görməmək mümkün deyil. Əgər cənab Şvabenin dediyi kimi, AŞPA ərazi münaqişələri ilə məşğul olmursa, onda təşkilatın ötən ilin oktyabrında qəbul etdiyi qətnamənin bütövlükdə Ermənistan-Azərbaycan münaqişəsinə, Qarabağa həsr olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönələn addımlarına kölgə salınması, hansı sağlam məntiqdən irəli gəlirdi və kimlərin “nizamnaməsinə” söykənirdi?

Frank Şvabenin müsahibəsi onu da üzə çıxardı ki, son vaxtlar etnik qradasiya və ayrı-seçkilik amili AŞPA-nın insan haqları ilə bağlı mövqeyində də təsirli faktora çevrilib. Bu, bəzi dünya liderlərinin siyasi leksikona məqsədli şəkildə calamaq istədikləri “islam terrorizmi” ilə bağlı yanaşmanı xatırladır. Kimsə, heç olmasa bircə dəfə, “xristian terrorçuluğu” adı altında absurd dəyərləndirməni eşidibmi? Dini ayrı-seçkilikdən başlayan və tədricən etnik ayrı-seçkiliyə transfer olunan bu cür bölücülük getdikcə beynəlxalq hüququ daha çox təhdid edən təhlükəli faktora çevrilir. İkili standartlar siyasətinin təməlində də elə bu cür zərərli yanaşma dayanır. Təsadüfi deyil ki, Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin hüquqlarının müdafiəsini özünün başlıca vəzifəsi elan edən AŞPA və onun kimi təşkilatlar eyni həssasiyyəti milyona yaxın qaçqın və məcburi-köçkün azərbaycanlılarla bağlı göstərməyib.

 Fransa Senatının, Avropa Parlamentinin və onların ardınca AŞPA-nın dövlət və milli maraqlarımızı təhdid edən qərarlarının təbliğinə qoşulmuş, guya özümüzdən olan bəzilərinə gəldikdə isə, onlardan fərqli olaraq, təhqir dilinə keçmək, kimlərisə aşağılamaq fikrində deyiləm. Amma milli maraqlarımızın əleyhinə aparılan təbliğatda iştirak edən birisi xaricdə “qrant paylayan”  təşkilatların yanında  rahatlığını təmin etmək üçün “donosçuluğu”  özünə yaraşdırırsa, “erməni-budaq” cümlələrindən ibarət düşüncə tərzinə uyğun olaraq Paşinyanı Atatürklə eyniləşdirməkdən utanmırsa, belələrini niyə təhqir etməliyik ki? Xalqdan özlərini ayrı salan belələrini Uca Allah onsuz da vurub, bizim də vurmağımıza nə ehtiyac var?  Onlar etdiklərinə və dediklərinə uyğun olan  hökmü Tanrının dərgahında da, xalqın gözündə də çoxdan qazanıblar.

Belələrinin AŞPA-nın qərarındakı qərəzə, cənab Şvabenin bu qərəzdən irəli gələn ziddiyyətli açıqlamalarına göz yumması ondan xəbər verir ki, konyuktur maraqlar, Azərbaycan əleyhinə olan siyasi mərkəzlərin onların başını tumarlaması, aldıqları qrantlar belələri üçün Qarabağdan, müstəqil və suveren Azərbaycandan qat-qat üstündür. Cəmiyyətimiz isə bütün bunları görür və bilir ki, xaricdən gələn hücumların hədəfi bir nəfər-Prezident İlham Əliyevdir. Çünki məlum siyasi mərkəzlərin həzm edə bilmədikləri tarixi Zəfərimizin arxasında məhz onun siyasi iradəsi və qətiyyəti dayanır. Bədxahlarımız  yaxşı bilirlər ki, Azərbaycan Prezidenti qərarlarında yalnız öz xalqının etimadına güvənir və məhz onun iradəsini ifadə edir. Ədalətsiz qərar sahibləri onu da anlayırlar ki, ümumxalq birliyi və dəstəyi olmadan tarixi Zəfərlər əldə edilmir, dövlət dövlət olduğunu, xalq isə sadəcə toplum olmadığını təsdiq etməkdə aciz qalır. Elə buna görə də bədxahlarımız beynəlxalq hüquqa zidd olan bəyanatları və qərəzli qətnamələri ilə başda Prezident İlham Əliyev olmaqla xalqımızın birliyini hədəf seçib. Amma onlar böyük dövlət xadimi Uinston Çörçillin məşhur kəlamlarından birində ifadə etdiyi bu ibrətamiz hikməti nahaqq unudurlar: “Dövlət xadiminin siyasi xadimdən fərqi ondadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyevin dövlət xadimi olaraq yerinə yetirdiyi tarixi missiyanın dəyərini xalqımızdan yaxşı heç kim bilə bilməz. 7 fevral Azərbaycan xalqının tarixi Zəfərinə və bu möhtəşəm Qələbəyə imzasını atan Liderinə nə qədər önəm verdiyini, öz Zəfərinin və şəksiz Liderinin arxasında hansı mütəşəkkilliklə dayandığını hər kəsə, ilk növbədə, Azərbaycanın bədxahlarına mütləq göstərəcək. Demokratiya və insan haqları adı altında əsl niyyətlərini gizlətməyə çalışan qərəzli qərar və qətnamə müəlliflərinə Azərbaycan xalqının özü elə həmin gün ən layiqli cavabını verəcək!

 

Ülvi Quliyev                                                                                        

Milli Məclisin deputatı