Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

Ölkəmizin Avropa Komissiyası ilə enerji sahəsində olan əməkdaşlığı artıq on beş ildən çox müddəti əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu 2006-cı ildə, Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə isə 2011-ci ildə imzalanıb.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Artıq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. Həyata keçirilən enerji layihələri nəticəsində Azərbaycan öncə neft hasilatı, sonra isə qaz hasilatını icra etməyə başlayıb. Dünyanın meqa layihəsi olan 3500 kilometrlik Cənub Qaz Dəhlizi vasitəsilə bu gün Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Cənub Qaz Dəhlizi iki ildən az müddətdir ki, artıq tam gücü ilə işləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov söyləyib.

C.Osmanov dünyada baş verən geosiyasi proseslərin, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi məsələlərinin bu gün vacib faktora çevrildiyini qeyd edib: “Bütün ölkələr, xüsusilə də Avropa ölkələri üçün enerji təhlükəsizliyi gündəlikdə dayanan əsas məsələlərdəndir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Bu sahədə ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Belə ki, külək və günəş enerjisindən istifadə edilməsi üçün sərmayə qoyuluşu prosesinə başlanıb. Təkcə Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizinin də külək enerjisi üzrə yüksək potensialını nəzərə alsaq yaxın gələcəkdə Azərbaycanda çoxlu sayda bərpaolunan enerji mənbələrinin yaradılacağını əminliklə demək olar. Həmçinin Xəzər dənizində gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır”.

Deputat bildirib ki, Prezident İlham Əliyev iyulun 18-də Azərbaycanla Avropa ittifaqı arasında imzalanan Anlaşma Memorandumunu gələcək əməkdaşlığın yol xəritəsi adlandırdı. Şəbəkələrin qurulmasının əsas məsələlərdən biri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Azərbaycanın coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu baxımından tərəflərin şəbəkənin qurulması üzərində daha fəal çalışmalı olduqlarını vurğuladı. Bir halda ki, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşu ölkələri birləşdirən dəmir yolları vardır.

“Bundan əlavə, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də iş aparılır. Bu ikitərəfli əməkdaşlığa mühüm töhfə ola bilər. Bu istiqamətdə hazırlıq işləri gələn ay başa çatacaq. Eyni zamanda, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Bir sözlə, mövcud əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyindən xəbər verir.